Korrupsiyaya qarşı mübarizə yeni uğurlu mərhələyə qədəm qoyur

 

OECD-in (İqtisadi Əməkdaşlıq və İnkişaf Təşkilatı) hesabatı Azərbaycanda korrupsiya ilə mübarizənin kifayət qədər səmərəli aparılmasının mexanizminin formalaşdırıldığını təsdiq edir

 

 

Azərbaycanın demokratikləşmə, insan və vətəndaş hüquq və azadlıqlarının təmini sahəsində yüksək nailiyyətlər qazanması bilavasitə mülki cəmiyyət quruculuğuna hesablanmış məhkəmə-hüquq və ədliyyə islahatlarının respublikanın sosial-iqtisadi inkişaf dinamikası ilə uzlaşdırılması nəticəsində mümkün olmuşdur. 1995-ci ilin 12 noyabrında qəbul edilmiş müstəqil Azərbaycan Respublikasının ilk Konstitusiyası dövlətimizin tarixində hakimiyyət bölgüsü prinsipini, demokratik hüquqi və dünyəvi dövlət quruculuğunun hüquqi əsaslarını, insan hüquq və azadlıqlarının təmin olunmasının möhkəm təməlini qoymuşdur.

Son illər ölkədə məhkəmə-hüquq və ədliyyə sisteminin inkişafı üzrə aparılan islahatlar çərçivəsində ədalət mühakiməsinin səmərəli həyata keçirilməsində, vətəndaşların pozulmuş hüquqlarının bərpasında mühüm əhəmiyyət kəsb edən məhkəmə qərarlarının icrası işinin yaxşılaşdırılması ardıcıl xarakter daşıyır, bu sahədə mövcud çatışmazlıqların, nöqsanların aradan qaldırılması üzrə təsirli tədbirlər görülür. Xatırlatmaq lazımdır ki, Azərbaycan Respublikası Prezidentinin 28 oktyabr 2007-ci il tarixli fərmanı ilə təsdiq edilmiş "Şəffaflığın artırılması və korrupsiyaya qarşı mübarizə üzrə Milli Strategiya"nın 33-cü bəndində məhkəmə qərarlarının icrasının təkmilləşdirilməsi üçün məhkəmə qərarlarının icrası ilə bağlı qanunvericilikdə müvafiq dəyişikliklərin aparılması nəzərdə tutulmuşdur.

Ötən on ildə hüquqa və ədalətə söykənən sivil cəmiyyət quruculuğu prosesi uğurla davam etdirilmiş, korrupsiyaya qarşı mübarizə tədbirlərinin miqyası daha da genişlənmişdir. Korrupsiyaya qarşı mübarizədə ardıcıl və praktiki tədbirlər həyata keçirilir. Regionun aparıcı dövlətinə çevrilmiş Azərbaycanın iqtisadiyyatı ildən-ilə sürətlə inkişaf edir. Məhz Azərbaycanın güclü iqtisadi inkişafından qaynaqlanan amillərlə əlaqədar korrupsiyaya qarşı mübarizə üsullarının da təkmilləşdirilməsi zərurəti yaranmışdır.

İslahatlar prokurorluq orqanları sistemində də işin müasir dövrün tələblərinə uyğun keyfiyyətcə yeni səviyyədə qurulmasını zəruri etmişdir. Ölkə rəhbərinin 27 sentyabr 2008-ci il tarixli sərəncamı ilə təsdiq edilmiş Azərbaycan Respublikası Prokurorluğunun fəaliyyətinin müasirləşdirilməsinə dair 2009-2011-ci illər üçün dövlət proqramı da məhz bu məqsədə yönəlmiş və prokurorluq orqanları sistemində həyata keçirilən islahatların məntiqi davamı olmuşdur. Dövlət proqramında prokurorluq orqanlarının fəaliyyətinin və strukturunun təkmilləşdirilməsi, kadr potensialının gücləndirilməsi, yeni nəsil prokurorların formalaşdırılması və peşəkarlığın artırılması, habelə prokurorluğun maddi-texniki bazasının möhkəmləndirilməsi və işçilərin sosial müdafiəsinin yüksəldilməsi bir vəzifə kimi qarşıya qoyulmuşdur.

Azərbaycan Respublikası korrupsiyaya qarşı mübarizə sahəsində bütün beynəlxalq təşəbbüslərə qoşulmuş, o cümlədən Avropa Şurasının "Korrupsiya ilə əlaqədar cinayət məsuliyyəti haqqında" və "Korrupsiya ilə əlaqədar mülki məsuliyyət haqqında", Birləşmiş Millətlər Təşkilatının "Korrupsiyaya qarşı" konvensiyalarını imzalamaqla ölkəmizdə milli dövlətçilik ənənələrinə və müvafiq dünya standartlarının tələblərinə cavab verən qanunvericilik bazası formalaşdırılmışdır.

Korrupsiyaya Qarşı Mübarizə İdarəsi korrupsiyaya qarşı mübarizə sahəsində BMT-nin Narkotiklər və cinayətkarlığa qarşı mübarizə aparan ofisi (UNODC), Avropa Şurasının Korrupsiyaya qarşı Dövlətlər Qrupu (GRECO), Beynəlxalq Antikorrupsiya Orqanları Assosiasiyası (IAACA), Beynəlxalq Prokurorlar Assosasiyası və digər beynəlxalq təşkilatlar, xarici ölkələrin hüquq-mühafizə orqanları və korrupsiyaya qarşı mübarizə sahəsində ixtisaslaşmış qurumları ilə əməkdaşlıq edir. Avropa İttifaqının (Aİ) Şərqi Əməkdaşlıq və Qonşuluq Siyasəti kontekstində həyata keçirilən və Avropa standartlarına uyğun şəkildə təşkilati quruluş prosesinə dəstək vermək məqsədi daşıyan Tvinninq Proqramı çərçivəsində Aİ ekspertləri ilə birgə hazırlanmış və Litva Respublikasının Xüsusi İstintaq Xidməti ilə birgə həyata keçirilən "Azərbaycan Respublikasının Baş prokuroru yanında Korrupsiyaya Qarşı Mübarizə İdarəsinə dəstək" layihəsi 2011-ci ildə uğurla başa çatdırılmışdır.

Ölkə başçısının 2012-ci il 5 sentyabr tarixli sərəncamı ilə Açıq Hökumətin təşviq edilməsinə dair Milli Fəaliyyət Planı və Korrupsiyaya qarşı mübarizə üzrə Milli Fəaliyyət Planı təsdiq edilib. 2012-2015-ci illəri əhatə edəcək fəaliyyət planları Azərbaycan Respublikasında korrupsiyaya qarşı mübarizə və idarəçilik sahəsində həyata keçirilən tədbirlərin davamlılığının təmin edilməsi, dövlət orqanlarının fəaliyyətində şəffaflığın artırılması, idarəçiliyin müasir standartlara uyğun qurulması, Açıq Hökumət prinsiplərinin təşviq edilməsi məqsədini daşıyır.

Ölkəmiz 2011-ci ildə beynəlxalq səviyyədə başlanılan Açıq Hökumət Tərəfdaşlığına qoşulan ilk dövlətlərdən biri olmuşdur. Beynəlxalq təşəbbüs kimi fəaliyyətə başlayan Açıq Hökumət Tərəfdaşlığının hədəfi dövlət idarəçiliyində şəffaflığın artırılması, hesabatlılığın təmin edilməsi, ictimaiyyətin iştirakının genişləndirilməsi, yeni texnologiyaların tətbiqini dəstəkləməkdir. Açıq Hökumət Tərəfdaşlığının prinsiplərini rəhbər tutan Milli Fəaliyyət Planı dövlət orqanları tərəfindən öz fəaliyyətləri barədə məlumatların ictimaiyyətə daha geniş formada çatdırılması, qərarların qəbulu prosesində vətəndaş cəmiyyətinin rolunun artırılması, elektron xidmətlərin genişləndirilməsi və əhaliyə təqdim olunan xidmətlərin keyfiyyətinin artırılması üçün tədbirlər müəyyən edir.

Hər iki Fəaliyyət Planının layihəsi Azərbaycan Respublikası Prezidentinin tapşırığına əsasən Korrupsiyaya qarşı mübarizə üzrə Komissiya tərəfindən hazırlanıb. Prezident Administrasiyasının rəhbəri, komissiyanın sədri akademik Ramiz Mehdiyev bu barədə bildirib: "2012-ci il 5 sentyabr tarixli sərəncam dövlətin bu sahədə siyasətinin davamlı xarakter daşıdığını göstərir. Fəaliyyət planlarının qəbul edilməsi Azərbaycanın Açıq Hökumət prinsiplərinə sadiqliyinin bariz nümunəsidir. Bu islahatların həyata keçirilməsi ölkədə dövlət qurumlarının nüfuzunu daha da artıracaq, dövlət-vətəndaş münasibətlərinin keyfiyyətcə yeni müstəviyə keçməsinə təkan verəcək və vətəndaşların dövlətə etimadını daha da artıracaqdır".

Azərbaycanda korrupsiyaya qarşı aparılan mübarizə tədbirləri nüfuzlu beynəlxalq qurumlar tərəfindən də diqqətlə izlənilir və vaxtaşırı bununla bağlı hesabatlar təqdim edilir. 2013-cü il sentyabr ayının 23-25-də Paris şəhərində OECD təşkilatının (İqtisadi Əməkdaşlıq və İnkişaf Təşkilatı) Şərqi Avropa və Mərkəzi Asiya üzrə Antikorrupsiya Şəbəkəsinin İstanbul Fəaliyyət Planı çərçivəsində Azərbaycanda korrupsiyaya qarşı mübarizə sahəsində 2010-2013-cü illərdə həyata keçirilmiş tədbirləri dəyərləndirən hesabat qəbul edilmişdir.

Hesabatda Azərbaycanda korrupsiyaya qarşı mübarizə sahəsində həyata keçirilən siyasət təqdirəlayiq hesab edilmişbu sahədə əldə edilmiş nailiyyətlər vurgulanmışdır. Dəyərləndirmə Azərbaycanda antikorrupsiya siyasəti, antikorrupsiya qanunvericiliyi və korrupsiyanın qarşısının alınması istiqamətləri üzrə həyata keçirilmişdir.

Azərbaycan Respublikası Prezidentinin 2012-ci il 5 sentyabr tarixli sərəncamı ilə təsdiq etdiyi Açıq Hökumətin təşviq edilməsinə dairkorrupsiyaya qarşı mübarizə üzrə milli fəaliyyət planları, ölkə rəhbərliyinin təşəbbüsü ilə yaradılan və artıq uğurla vətəndaşlara xidmət göstərən "ASAN Xidmət" mərkəzlərinin fəaliyyəti və elektron xidmətlərin əhatəsinin genişlənməsi ilə bağlı imzalanan fərman və sərəncamlar müsbət məqamlar kimi qeyd olunur. Azərbaycanda korrupsiyaya qarşı mübarizə ilə bağlı qanunvericiliyin bütün beynəlxalq tələblərə cavab verməsi xüsusilə vurğulanır və bu sahədə təşkilat tərəfindən əvvəl müəyyən edilmiş bütün tövsiyələrin tam icra edildiyi bildirilir.

Baş prokuror yanında Korrupsiyaya Qarşı Mübarizə İdarəsinin fəaliyyətinin təmin edilməsi üzrə tədbirlər, onun modeliona xüsusi olaraq korrupsiya cinayətləri üzrə əməliyyat-axtarış fəaliyyəti səlahiyyətinin verilməsi mütərəqqi təcrübə kimi göstərilir. Şəffaflığın təmin edilməsi ilə bağlı Dövlət Neft Fondunun Mədən Sənayesində Şəffaflıq Təşəbbüsündə (EITI) aktiv iştirakı xüsusilə qeyd edilir. Korrupsiyaya qarşı mübarizə tədbirlərinin hazırlanması, icrası və monitorinqinə vətəndaş cəmiyyəti üzvlərinin cəlb edilməsi və bu əməkdaşlığın daha da möhkəmlənməsini nəzərdə tutan "Vətəndaş iştirakçılğı haqqında" qanun layihəsinin parlamentdə iki oxunuşdan keçməsi müsbət hal kimi qeyd edilir.

Bu il iyulun 9-da "Transparency International" təşkilatının açıqladığı "2013-cü il Qlobal Korrupsiya Barometri" hesabatı da Azərbaycanda korrupsiyaya qarşı mübarizə sahəsində ciddi irəliləyişlər olduğunu təsdiq etmişdir. Belə ki, hesabata əsasən demək olar ki, ölkəmizdə bütün sahələrdə korrupsiyanın səviyyəsi azalmışdır. Azərbaycanda respondentlərin 73 faizi hesab edir ki, ölkədə korrupsiyanın səviyyəsi artmayıb. 68 faiz respondent isə hesab edir ki, Azərbaycanda dövlət tərəfindən həyata keçirilən korrupsiyaya qarşı mübarizə tədbirləri səmərəlidir. Bu isə hesabatda qeyd edilən dünya ölkələri üzrə müəyyən edilmiş 22 faiz orta göstəricidən 3 dəfə artıqdır. OECD-in Baş Qərargahında keçirilən iclasda OECD-in rəhbər heyəti ilə yanaşı, OECD-ə üzv ölkələrin və ATƏT, Avropa Şurası, Dünya Bankı və digər nüfuzlu beynəlxalq təşkilatların nümayəndələri də iştirak etmişlər.

OECD-in və "Transparency International" təşkilatının "2013-cü il Qlobal Korrupsiya Barometri" hesabatları Azərbaycanda korrupsiya ilə mübarizənin kifayət qədər səmərəli aparılması mexanizminin formalaşdırıldığını təsdiq edir. Təəssüflər olsun ki, destruktiv müxalifət, "Milli Şura" adlanan qondarma qurum tam inkarçılıq mövqeyi tutaraq bunun əksini iddia etməyə çalışır. Qurumda təmsil olunan ifrat radikal müxalifət özünün siyasi iddialarına uyğun olaraq hakimiyyəti qaralamaq üçünuydurmaq mümkündürsə, onu da dilinə gətirir, hansı qaranlıq mənbəyə istinad etmək mümkündürsə, ora da baş vurur. Ona görə də korrupsiya ilə bağlı fantastik rəqəmlər səsləndirir, heç kimin tanımadığı mənbələrin qondarma "araşdırmalarını" əlində bayraq edir. Nüfuzlu beynəlxalq təşkilatların hesabatlarında isə bunların əksi deyilir. Azərbaycanda korrupsiyaya qarşı mübarizənin səmərəliliyi təqdir olunur.

Azərbaycan cəmiyyəti korrupsiya, rüşvətxorluq və digər neqativ hallarla mübarizənin gücləndirildiyini, artıq ortada ciddi nəticələr olduğunu görür və dağıdıcı müxalifətin iddialarını birmənalı şəkildə rədd edir.

 

 

 

Elnur HACALIYEV,

Azərbaycan.-2013.- 2 oktyabr.- S.3.