Demokratik meyarlara cavab verən
seçki qanunvericiliyi
Bütün dünyada seçkilər dövlətin və
ictimai həyatın idarə olunmasında vətəndaşların
ən kütləvi iştirak formasıdır. Bu mənada
xalqın iradəsinin ifadəsi sayılan seçkilərin
demokratik, azad keçirilməsi ölkədəki ictimai-siyasi
sabitlikdən, ilk növbədə normal seçki
keçirilməsinə əsaslı şərait
yaradılmasından asılıdır. Bununla
yanaşı, istənilən dövlətdə seçkilərin
ədalətli və şəffaf həyata keçirilməsi
həmin cəmiyyətin demokratik mühitinin yüksək
olmasından xəbər verir. Bu prosesin məntiqi
yekunu olaraq hər bir xalq öz taleyini inandığı,
etibar etdiyi siyasi qüvvə ilə bağlayır.
Azərbaycanda seçkilərin demokratik keçirilməsi
ilə bağlı kifayət qədər təcrübə və
zəngin ənənə mövcuddur. Bu ənənənin əsasının
qoyulmasının tarixi 20 il əvvələ
gedib çıxır. Ulu öndər Heydər Əliyevin
1993-cü ildə
hakimiyyətə qayıdışından sonra
demokratik seçki mühitinin formalaşdırılması Azərbaycanda
hüquqi dövlət quruculuğunun əsas istiqamətlərindən
birinə çevrilmişdir. Heydər
Əliyevin Prezident seçilməsi xalqın öz rəhbərinə
sonsuz məhəbbətinin ifadəsi olmaqla bərabər,
ölkədə demokratiyanın inkişaf etdirilməsinin, vətəndaş
cəmiyyəti quruculuğunun, o cümlədən seçki
sisteminin ildən-ilə təkmilləşdirilməsinin əsasını
qoymuşdur.
1993-cü
ildən etibarən ölkəmizdə 4 prezident, 4 parlament, 3 bələdiyyə
seçkisi, o cümlədən 4 referendum
keçirilmişdir. Ayrı-ayrı vaxtlarda
parlamentə və bələdiyyələrə əlavə
və təkrar seçkilər də təyin olunmuşdur.
Bütün bu seçki və referendumlara dair
beynəlxalq təşkilatların verdikləri müqayisəli
rəylər onu təsdiq edir ki, Azərbaycanda seçkilərdən-seçkilərə
vətəndaşların siyasi şüuru və seçki mədəniyyəti
daha da yüksəlmişdir.
Demokratik ölkələrin seçki təcrubəsi
göstərir ki, hər bir seçkinin uğurunu təmin edən
şərtlər sırasında siyasi iradə və
ictimai-siyasi sabitlik amilləri ilə yanaşı, təkmil
seçki qanunvericiliyinin də olması olduqca vacibdir. Ümumxalq səsverməsi
yolu ilə 1995-ci ildə qəbul edilmiş müstəqil Azərbaycanın
ilk Konstitusiyası ölkəmizdə demokratik standartlara cavab
verən azad, ədalətli, obyektiv seçkilərin
keçirilməsi üçün əsas prioritetləri
müəyyənləşdirmişdir. Əsas
Qanunda təsbit olunmuş müddəalara istinadən Azərbaycanda
seçkilərin hüquqi bazası
formalaşdırılmışdır. Konstitusiyanın
4-cü maddəsinə əsasən, xalqın seçdiyi səlahiyyətli
nümayəndələrdən başqa heç kəsin
xalqı təmsil etmək, xalqın adından danışmaq
və xalqın adından müraciət etmək hüququ
yoxdur. Əsas Qanunun 56-cı maddəsinə
əsasən, hər bir Azərbaycan vətəndaşının
dövlət orqanlarına seçmək və seçilmək,
habelə referendumda iştirak etmək hüququ var.
Respublikamız tarixi təkamül yolu ilə qazanılan
nailiyyətlərlə kifayətlənməmiş, seçki
təcrübəsinin demokratik standartlara
uyğunlaşdırılması yönündə səyləri
artırmış, beynəlxalq təşkilatlarla əməkdaşlıq
münasibətlərini gücləndirmişdir. Azərbaycan
iqtidarının siyasi iradəsi ilə 1997-ci ildən
müasir standartlara cavab verən seçki qanunvericiliyinin
formalaşdırılması məqsədilə beynəlxalq
təşkilatlarla qurulmuş fəal işbirliyinin müsbət
nəticələri bu nöqteyi-nəzərdən diqqəti
xüsusilə çəkir. Azərbaycan
2001-ci ilin yanvarında Avropa Şurasına (AŞ)
tamhüquqlu üzv qəbul edildikdən sonra bu sahədə əməkdaşlıq
hüdudları daha da genişlənmiş, seçki
qanunvericiliyinin təkmilləşdirilməsi işində
AŞ Venesiya Komissiyası da yüksək fəallıq
göstərmişdir.
Azərbaycanda seçki qanunvericiliyinin beynəlxalq
standartlara uyğunlaşdırılması məqsədilə
2003-cü ilin mayında Seçki Məcəlləsinin qəbulu
bu əməkdaşlığın gözəl bəhrəsidir. Sənədin
hazırlanması ilə bağlı ilk növbədə
AŞ Venesiya Komissiyası, ATƏT-in Demokratik Təsisatlar və
İnsan Hüquqları Bürosu və Beynəlxalq Seçki
Sistemləri üzrə Fondla (IFES) sıx əməkdaşlıq
münasibətləri qurulmuşdur. 2002-ci ilin
ortalarından etibarən bu təşkilatlarla aparılan məsləhətləşmələrdən,
alınan müsbət rəylərdən sonra Seçki Məcəlləsi
Milli Məclisin müzakirəsinə təqdim edilmişdir.
Demokratik məzmununa görə dünyanın ən
inkişaf etmiş ölkələrinin seçki
qanunvericiliyinə nümunə sayıla biləcək bu məcəllə
beynəlxalq təşkilatlar tərəfindən yüksək
qiymətləndirilmiş, seçki üzrə
ixtisaslaşmış beynəlxalq təşkilatların
müsbət rəyini almışdır. Seçki
qanunvericiliyi sahəsində böyük təcrübəyə
malik AŞ Venesiya Komissiyasının və ATƏT DTİHB-in
sənədlə bağlı yekun rəyində Seçki Məcəlləsinin
seçkilərin və referendumun keçirilməsi
üçün əksər məsələlərdə beynəlxalq
meyarlara və ən yaxşı təcrübələrə
uyğun olan hərtərəfli çərçivələr
nəzərdə tutduğu vurğulanmış, bu sənədin
qəbuluna nail olmuş Azərbaycan rəhbərliyinin siyasi əzmkarlığı
alqışlanmışdır.
Bütün təkmilləşdirmələrdən sonra
Seçki Məcəlləsi 2003-cü ilin mayında Milli Məclisdə
qəbul edilmiş və Azərbaycan Prezidentinin müvafiq fərmanı
ilə qüvvəyə minmişdir. Beynəlxalq ekspertlərin
birmənalı rəyinə əsasən Seçki Məcəlləsi
seçkilər sahəsində bütün qanunvericilik
normalarını özündə əks etdirmiş, Avropa
standartlarına uyğun tərtib olunmuşdur. Sənəd ölkədə prezident, parlament və
bələdiyyə seçkilərinin, həmçinin
referendumun keçirilmə qaydalarını müəyyənləşdirmişdir.
Seçki Məcəlləsi eyni zamanda Mərkəzi
Seçki Komissiyasının, eləcə də dairə və
məntəqə seçki komissiyalarının təsisi və
fəaliyyəti prinsiplərini də özündə əks
etdirmişdir. Əvvəlki qanunlarla
müqayisədə Seçki Məcəlləsi şəffaf
və demokratik seçkilərin keçirilməsi
üçün daha möhkəm hüquqi bazisin
yaradılması, namizədlərin qeydiyyatı, seçkilərə
hazırlıq və seçki komissiyalarının
formalaşdırılması, fəaliyyətinin təşkili
prinsip və mexanizmlərinin təkmilləşdirilməsinə
imkan vermişdir. Hələ 2003-cü il
oktyabrın 15-də azad, demokratik və şəffaf şəraitdə
keçirilmiş prezident seçkiləri Seçki Məcəlləsinin
mütərəqqi və təkmil sənəd olduğunu tam
təsdiqləmişdir.
Dünyanın ən demokratik ölkələrində
belə seçkilərin gedişində müəyyən
nöqsanların meydana çıxması bir sıra Qərb
politolqlarının elmi mülahizələrində də
xüsusi olaraq vurğulanır. Hər dəfə keçirilən seçkilər seçki
qanunvericiliyindəki boşluqların üzə
çıxarılmasında və onların aradan qaldırılmasında
mühüm rol oynayır.
2005-ci ilin fevral və mart aylarında Azərbaycan,
ATƏT DTİHB, habelə AŞ Venesiya Komissiyası ekspertlərinin
görüşləri keçirilmiş, bu istiqamətdə
geniş müzakirələr aparılmışdır. Bu müzakirələrin
yekunu kimi 2005-ci ilin may ayında Seçki Məcəlləsi
Milli Məclisin müzakirəsinə
çıxarılmış, sənədin 43 maddəsində
əlavə və dəyişikliklər edilmişdir. Əlavə və dəyişikliklərə əsasən
seçki komissiyaları üzvlərinin statusu daha da dəqiqləşdirilmişdir.
Dəyişikliklər nəticəsində Azərbaycan
praktikasında ilk dəfə olaraq təkrar səsvermənin
qarşısını almağa yönəlmiş bir müddəa
- vətəndaşlara seçici vəsiqələrinin verilməsi
məsələsi öz əksini tapmışdır. Bundan əlavə, seçici siyahılarının
MSK-nın internet saytında yerləşdirilməsi məsələsi
də qanunda müddəa kimi əksini tapmışdır.
Eyni zamanda, Seçki Məcəlləsində
namizədlərin qeydiyyatı proseduru da sadələşdirilmişdir.
Cəmiyyətimiz gündən-günə daha inkişaf
etdiyi, yeni demokratik dəyərləri əxz etdiyi
üçün qanunvericiliyin, o cümlədən seçki
qanunvericiliyinin təkmilləşdirilməsi təbii
sayılmalıdır. Bu mənada AŞ Venesiya Komissiyası ilə seçki
qanunvericiliyinin təkmilləşdirilməsi məqsədilə
aparılan işin yekun nəticəsi olaraq 2008-ci ildə Milli
Məclisin qəbul etdiyi qanunla Seçki Məcəlləsinin
145 maddəsinə 91 əlavə və dəyişiklik edilməsi
sənədin daha da təkmilləşdirilməsinə xidmət
etmişdir. Seçki Məcəlləsinə əlavə
və dəyişikliklərlə bağlı qanun layihəsinə
AŞ Venesiya Komissiyası və ATƏT DTİHB tərəfindən
müsbət rəy verilmişdir. Həmin
təşkilatların birgə rəyində təklif olunan əlavə
və dəyişikliklər ölkənin seçki
qanunvericiliyinin təkmilləşdirilməsi istiqamətində
irəliyə doğru atılmış addım kimi dəyərləndirilmişdir.
Seçki Məcəlləsinə 2008-ci ilin dekabr,
2010-cu ilin iyun, 2011-ci ilin fevral və 2012-ci ilin aprel ayında əlavələr
və dəyişikliklər edilmişdir. 2008-ci ilin
dekabrında olunan əlavələr və dəyişikliklər
mahiyyət etibarilə Seçki Məcəlləsinin
pozulmasına görə məsuliyyətin
artırılmasını bir sıra hallarda isə məsuliyyətin
müəyyənləşdirilməsini nəzərdə
tutur. 2010-cu ilin iyun ayında Yeni Azərbaycan
Partiyasını təmsil edən deputatların təşəbbüsü
ilə qəbul olunan əlavələr və dəyişikliklər
ilk növbədə seçki prosesinin müasir dövrdə
daha da təkmilləşdirilməsinə, seçki
resurslarından daha səmərəli istifadə edilməsinə
xidmət etmişdir. 2011-ci ilin
fevralında edilən əlavə və dəyişikliklər
texniki xarakter daşımış, Seçki Məcəlləsinin
Konstitusiyaya uyğunlaşdırılmasına xidmət
etmişdir. Seçki Məcəlləsinə 2012-ci ilin
aprelində olunan dəyişikliklər isə məcəllədə
referendum üzrə təşviqat qrupunun qeydə
alınmasına, vətəndaşın seçki
hüquqlarının pozulmasının aradan qaldırılması ilə əlaqədar olan
müddətlərin qısaldılmasına yönəlib.
Bütövlükdə
bu dəyişikliklər ümumilikdə seçki
institutlarının daha səmərəli fəaliyyət
göstərməsinə, seçki prosesi ilə bağlı
şikayətlərin daha çevik, operativ
araşdırılmasına, seçici siyahılarının
dəqiqləşdirilməsinə, seçkiləri
müşahidə prosesinin asanlaşdırılmasına,
seçkilərin daha şəffaf, demokratik şəraitdə
keçirilməsinə, namizədlərin təbliğat-təşviqat,
vətəndaşların seçki hüququnun realizəsi
imkanlarını yaxşılaşdırmağa xidmət
etmişdir. Qarşıdan isə növbəti
prezident seçkiləri gəlir.
Seçki qanunvericiliyinin təkmilləşdirilməsi
Azərbaycanda formalaşdırılan demokratik seçki
mühitinin daha da möhkəmləndirilməsinə xidmət
edir. Seçkilərin demokratikliyi isə
respublikamızın beynəlxalq aləmdə yerinin möhkəmlənməsində
əsas amillərdən biridir. Bu mənada
qarşıdan gələn növbəti prezident seçkiləri
ölkəmizin beynəlxalq imicinin daha da yüksəlməsinə
töhfələr verəcək.
Arzu İSGƏNDƏROV,
Milli Məclisin Sosial siyasət komitəsinin
eksperti
Azərbaycan.-2013.-
2 oktyabr.- S.7.