Prokurorluq işçiləri peşə bayramlarını qeyd etmişlər

 

Azərbaycan Respublikası Prokurorluğunun kollektivi oktyabrın 1-də milli prokurorluq orqanlarının yaradılmasının 95 illik yubileyini - öz növbəti peşə bayramını təntənəli şəkildə qeyd etmişdir.

Bu günlərdə Azərbaycan Prokurorluğunun tarixində digər əlamətdar hadisə Baş Prokuror yanında Korrupsiyaya Qarşı Mübarizə İdarəsinin yeni inzibati binasının istifadəyə verilməsi olmuşdur. Sentyabrın 30-da Baş Prokuror yanında Korrupsiyaya Qarşı Mübarizə İdarəsinin müasir memarlıq üslubunda tikilmiş yeni inzibati binasının istifadəyə verilməsi mərasimində dövlət başçısı İlham Əliyev iştirak etmişdir.

Prokurorluq işçiləri ilə görüşərkən dövlət başçısı ölkədə korrupsiyaya qarşı mübarizə ilə bağlı bir sıra mühüm məqamlara toxunmuşdur. Korrupsiyaya qarşı mübarizənin aparılmasında möhkəm siyasi iradənin olduğunu xüsusi qeyd edən Prezident İlham Əliyev Baş Prokuror yanında Korrupsiyaya Qarşı Mübarizə İdarəsinin işini yüksək qiymətləndirmiş, bu mübarizənin prioritet məsələ olduğunu diqqətə çatdırmışdır. Dövlət başçısı bildirmişdir ki, korrupsiyanın əhatə dairəsi daim nəzarətdə saxlanılmaqla ona qarşı mübarizədə cəza tədbirləri, inzibatiprofilaktiki tədbirlər, maarifləndirmə, sistem xarakterli islahatların, o cümlədən "elektron hökumət"in imkanlarından geniş istifadə olunmalı, bütün sistemin şəffaflaşdırılması təmin edilməlidir. Eyni zamanda, bu sahədə müvafiq beynəlxalq təcrübənin daim öyrənilməsi və tətbiqinin zəruriliyi qeyd edilmiş, bütün beynəlxalq qurumlar, o cümlədən Beynəlxalq Antikorrupsiya Akademiyası ilə əməkdaşlığın inkişaf etdirilməsi diqqətə çatdırılmışdır. Dövlət başçısının tövsiyə və göstərişlərinin yerinə yetirilməsi istiqamətində prokurorluq orqanlarında müvafiq tədbirlər müəyyənləşdirilmişdir.

Azərbaycan Respublikası Prokurorluğu işçilərinin peşə bayramı günümilli prokurorluğun yaradılmasının 95-ci ildönümünə həsr olunmuş təntənəli mərasimi açan baş prokuror Zakir Qaralov 95 illik yubiley və peşə bayramı münasibətilə Baş Prokurorluğun rəhbərliyi və kollegiyası  adından prokurorluq orqanlarında çalışan bütün əməkdaşları, təqaüddə olan ağsaqqal və ağbirçək veteranları, onların ailə üzvlərini səmimi qəlbdən təbrik etmişdir. Z.Qaralov xüsusi vurğulamışdır ki, Azərbaycan Prokurorluğunun demokratik məzmunda tamamilə yenidən formalaşması, milli maraqlarımıza xidmət edən bir təsisat kimi hərtərəfli təkmilləşməsi və müasirləşməsi məhz ulu öndər Heydər Əliyevin həyata keçirdiyi dövlətçilik siyasəti və onun gündəlik qayğısı nəticəsində mümkün olmuşdur.

Diqqətə çatdırılmışdır ki, xalqının təkidli tələbi ilə siyasi hakimiyyətə qayıdan ulu öndər Heydər Əliyevin 1993-cü ilin ikinci yarısından başlayaraq həyata keçirdiyi müdrik dövlətçilik siyasətinin nəticəsi olaraq bütün digər qurumlarla yanaşı, Azərbaycan Prokurorluğu da demokratik məzmunlu dövlət təsisatı kimi tamamilə yenidən formalaşdırılmaqla dövlətçiliyimizin mühüm sütunlarından birinə çevrilmiş, onun dövlətçiliyə sədaqəti ilə seçilən kadr korpusu yaradılmışdır. Azərbaycan Respublikasında reallaşdırılan mütərəqqi məhkəmə-hüquq islahatları çərçivəsində milli prokurorluq orqanları müasir məzmunda yeniləşdirilməklə cəmiyyətdə statusuna uyğun yerini tutmuşdur.

Ulu öndər Heydər Əliyevin prokurorluq orqanlarının rəhbər işçiləri ilə 2000-ci il aprelin 26-da keçirdiyi görüşdən sonra Azərbaycan Prokurorluğunda hərtərəfli və bütün sahələri əhatə edən islahatlar aparılmaqla fəaliyyətimiz üçün zəruri normativ-hüquqi bazanın yaradılması, "Prokurorluq haqqında" qanunda nəzərdə tutulmuş istiqamətlər üzrə işin səmərəli təşkili, yüksək tələblər səviyyəsində işləmək bacarığı olan kadr korpusunun formalaşdırılması, bütün mənfi hallara, vəzifədən sui-istifadə, istintaq zamanı ədalətsiz qərarların qəbul edilməsi, qanunsuz yoxlamaların keçirilməsinə qarşı prinsipial və qətiyyətli mübarizə aparılmaqla ciddi nəzarət mexanizminin yaradılması, prokurorluğun maddi-texniki təminat və işçilərin sosial müdafiəsi məsələlərinin beynəlxalq standartlara uyğunlaşdırılması təmin olunmuşdur.

Diqqətə çatdırılmışdır ki, 2003-cü ildən başlayaraq davam edən dövrdə mütəşəkkil cinayətkarlığın təhlükəli təzahürlərinə qarşı qətiyyətli mübarizə aparılaraq prokurorluğun işində ciddi qayda-qanun yaradılması, fəaliyyətin müasir tələblər səviyyəsində qurulması, maddi-texniki bazanın möhkəmləndirilməsi və əməkdaşların hərtərəfli dövlət qayğısı ilə əhatə olunması məqsədilə dövlət səviyyəsində zəruri tədbirlərin görülməsi təmin edilmişdir.

Xüsusi vurğulanmışdır ki, 2008-ci il 27 sentyabr tarixli sərəncamla təsdiq edilmiş "Azərbaycan Respublikası Prokurorluğunun fəaliyyətinin müasirləşdirilməsinə dair 2009-2011-ci illər üçün Dövlət Proqramı" prokurorluq orqanlarının yeniləşməsi və işinin təkmilləşməsi yolunda mühüm əhəmiyyət kəsb edən tədbir olmuşdur. Prokurorluğun fəaliyyətinin bütün sahələrini əhatə edən dövlət proqramının icrası istiqamətində həyata keçirilən tədbirlərin nəticəsi olaraq, işin beynəlxalq standartlar səviyyəsində təşkilinə, hüquq-mühafizə orqanları  ilə qarşılıqlı əlaqəli fəaliyyətin səmərə və kəsərliliyinin artırılmasına, elmi-texniki tərəqqinin imkanlarından geniş istifadə edilməklə müasir informasiya-kommunikasiya sisteminin qurulmasına, yeni nəsil prokurorluq işçilərinin formalaşdırılmasına, işdə tam şəffaflıq və aşkarlıq şəraitinin yaradılmasına, prokurorluq orqanlarının maddi-texniki bazasının möhkəmləndirilməsinə və işçilərin sosial müdafiəsinin gücləndirilməsinə nail olunmuşdur.

Mərasimdə qeyd edilmişdir ki, ötən peşə bayramından keçən dövr ərzində "Prokurorluq haqqında" qanunda nəzərdə tutulmuş fəaliyyət istiqamətləri üzrə işin düzgün təşkili, istintaq fəaliyyətinin təkmilləşdirilməsi, habelə ibtidai araşdırmaya prosessual rəhbərliyin və istintaq üzərində prokuror nəzarəti, dövlət ittihamının müdafiəsi, vətəndaşların müraciətlərinə baxılması və onların qəbulu işinin səmərəliliyinin yüksəldilməsi, mövcud çatışmazlıqların təxirə salınmadan aradan qaldırılmaqla ciddi nəzarət mexanizminin yaradılması, xidməti, icra və əmək intizamının daha da möhkəmləndirilməsi istiqamətində zəruri tədbirlər görülmüşdür.

Dövlət səviyyəsində göstərilən yüksək diqqətin nəticəsi olaraq, ixtisaslaşdırılmış qurum kimi Baş Prokuror yanında Korrupsiyaya Qarşı Mübarizə İdarəsinin fəaliyyəti üçün normal şəraitin yaradılması, əməkdaşların sayı əhəmiyyətli dərəcədə artırılmaqla çevik fəaliyyəti təmin etməyə qadir yeni strukturun formalaşdırılması, MDB məkanında, habelə Azərbaycan tarixində ilk dəfə olaraq, bu quruma əməliyyat-axtarış fəaliyyətinin həyata keçirilməsi səlahiyyətinin verilməsi, işçilərin sosial müdafiəsinin gücləndirilməsi və digər bu kimi islahat tədbirləri korrupsiya hallarının qarşısının alınması və onları doğuran səbəblərin aradan qaldırılması istiqamətində qabaqlayıcı tədbirlərin səmərəliliyini daha da artırmış, profilaktiki fəaliyyət daha da gücləndirilmişdir. Bütün bunlar öz real nəticələrini Baş Prokuror yanında Korrupsiyaya Qarşı Mübarizə İdarəsi tərəfindən həyata keçirilən tədbirlərdə və statistik göstəricilərdə özünü göstərir ki, bu barədə ictimaiyyət mütəmadi olaraq məlumatlandırılır.

Xüsusi vurğulanmışdır ki, ölkəmizdə reallaşdırılan dövlət gənclər siyasətinin tələblərinə müvafiq olaraq, mütərəqqi və şəffaf prosedurlar əsasında prokurorluğun kadr korpusunun yeniləşdirilməsi istiqamətində aparılan məqsədyönlü işlərin nəticəsi kimi, 2002-ci ildən başlayaraq keçirilən müsabiqə yolu ilə qulluğa qəbulun tətbiqi nəticəsində işə götürülən 553 gənc hüquqşünasın Azərbaycan Respublikası Prokurorluğunun kadr korpusunun 52 faizdən çoxunu təşkil etməsi, müxtəlif sahələrdə səmərəli fəaliyyəti, həmin gənclərin bir çoxunun rəhbər və yuxarı təsnifatlar üzrə vəzifələrə irəli çəkilməsi, alternativi olmayan bu kadr seçimi vasitəsinin tətbiqinin bundan sonra da davam etdiriləcəyinə əminlik yaratmışdır.

Diqqətə çatdırılmışdır ki, həyata keçirilmiş struktur dəyişiklikləri nəticəsində yeni yaradılmış informasiya texnologiyalarının tətbiqi xidməti tərəfindən "elektron hökumət" layihəsi çərçivəsində prokurorluq orqanlarında "elektron sənəd dövriyyəsi" proqramının yaradılması təmin olunmuşdur. Ötən ilin yanvarından Baş Prokurorluğun bütün struktur qurumlarında bu proqramın səmərəli tətbiqinin həyata keçirilməsinə başlanmış, hazırda Bakı şəhər və respublika tabeliyində olan rayon və şəhər prokurorluqlarının bu sistemə qoşulması prosesi mərhələli şəkildə reallaşdırılır. Eyni zamanda, yeni informasiya texnologiyalarının tətbiqi istiqamətində görülən işlərin intensivliyi artırılaraq "Azərbaycan Respublikasında qeydə alınmış cinayət xarakterli məlumatlar üzrə cinayət təqibinin nəticələrinə dair" ("elektron cinayət") informasiya sisteminin yaradılması prosesi uğurla başa çatdırılmaqla onun təqdimat mərasimi keçirilmişdir.

Son dövrlərdə Azərbaycan Respublikası Prokurorluğunun digər hüquq-mühafizə, ilk növbədə isə Daxili İşlər və Milli Təhlükəsizlik orqanları ilə birgə fəaliyyətin nəticəsi olaraq, əvvəlki illərlə müqayisədə, ölkədə kriminogen durum stabilləşmiş və cinayətkarlığın dinamikasında mənfi təzahürlərin qarşısı alınmışdır. Məqsədyönlü istintaq-əməliyyat tədbirləri nəticəsində, əvvəlki illərdə törədilməklə uzun müddət ərzində bağlı qalan bir çox ağır və xüsusilə ağır cinayətlərin açılması, çoxsaylı cinayətkar dəstələrin zərərsizləşdirilməsi və təqsirkar şəxslərin layiq olduqları məsuliyyətə cəlb edilməsi təmin edilmişdir. Azərbaycan Respublikası əhalinin hər min nəfərinə düşən cinayətlərin sayına görə MDB-yə daxil olan ölkələr sırasında yaxşı göstəricisi olan ölkələrdən biri kimi xarakterizə olunur. Cinayətkarlığa qarşı mübarizə sahəsində əldə edilən bu uğurlar ölkəmizdə möhkəm və dayanıqlı ictimai-siyasi sabitliyin yaradılmasına yönəldilmiş dövlətçilik siyasətinin məntiqi nəticəsidir.

Bildirilmişdir ki, dövlətçiliyə sədaqəti ilə seçilən prokurorluğun kollektivi və hər bir əməkdaşı dövlət başçısının müəyyənləşdirdiyi vəzifələrin yerinə yetirilməsində və yeni məzmunlu mütərəqqi islahatların reallaşdırılması istiqamətində xidmətlərini göstərəcək, ölkəmizdə formalaşmış dayanıqlı ictimai-siyasi sabitliyinmilli maraqlarımızın cinayətkar qəsdlərdən qorunması, cinayətkarlığa qarşı mübarizə və vətəndaşların hüquq və azadlıqlarının müdafiəsi istiqamətində zəruri tədbirlərin görülməsini təmin edəcəklər.

Daha sonra baş prokuror Zakir Qaralov xidmətdə fərqləndiklərinə görə mükafatlandırılmış prokurorluq əməkdaşlarına "Prokurorluğun fəxri işçisi" döş nişanı, fəxri fərmanlar, qiymətli hədiyyələr təqdim etmişdir.

 

 

AzərTAc

Azərbaycan.-2013.- 2 oktyabr.- S.8.