Gəncə gözəlliklər şəhərinə
çevrilir
Ölkəmizdə dövlət proqramlarının, sosial-iqtisadi layihələrin uğurla gerçəkləşdirilməsi iqtisadi imkanların genişləndirilməsi ilə də şərtlənir. Bütün bölgələri əhatə edən yenidənqurma, abadlıq-quruculuq işləri, o cümlədən sosial infrastruktur layihələrinin icrası böyük əhəmiyyət kəsb edir. Yeni iş yerləri açılır, insanların yaşayış səviyyəsi yaxşılaşdırılır. Bölgələrin siması gözəlləşir, insanların daha rahat yaşaması üçün hər cür şərait yaradılır.
Dövlətin yüksək qayğısı Gəncə şəhərini də tanınmaz dərəcədə dəyişib. Əzəldən milli memarlıq xüsusiyyətləri ilə seçilən Gəncə indi həyata keçirilən tədbirlər, gerçəkləşdirilən layihələr sayəsində daha müasir görkəmi ilə də diqqəti çəkir. Millilik və müasirlik - şəhərdə görülən tikinti-quruculuq işlərinin başlıca istiqaməti belədir.
Gəncədə təhsil, səhiyyə, mədəniyyət ocaqlarının maddi-texniki bazasının möhkəmləndirilməsi istiqamətində xeyli iş görülüb. Məktəblərin əsaslı təmiri, yeni binaların tikintisi, müasir informasiya-kommunikasiya texnologiyaları ilə təminat Gəncədə daim diqqət yetirilən məsələdir.
2012-2013-cü tədris ilində 8 min 12 şagirdlik 7 məktəb binası əsaslı təmir olunub. 980 yerlik 16 nömrəli şəhər tam orta məktəbi quruculuq işlərindən sonra bu ilin mart ayında istifadəyə verilib. Məktəbin 180 nəfərlik yeni akt zalı, tədris laboratoriyaları yeni avadanlıqlarla təmin edilib. Həyətyanı sahədə əlavə yaşıllıq zolağı salınıb.
Yeni dərs ilinin ilk günündə 840 yerlik şəhər 31 nömrəli tam orta məktəbin əsaslı təmirdən sonra təntənəli açılış mərasimi olub. Üçmərtəbəli məktəb binasında təlim-tədrisin yüksək səviyyədə keçirilməsi üçün hər cür şərait yaradılıb. 930 yerlik 4 nömrəli tam orta məktəb də əsaslı təmir olunub və bu məktəb üçün 960 yerlik yeni korpus tikilib. Mir Cəlal Paşayev adına 39 nömrəli şəhər tam orta məktəbin 930 yerlik əvvəlki binasının əsaslı təmiri və 1200 yerlik yeni korpusun tikintisi davam edir.
Şəhər 1 və 3 nömrəli peşə məktəblərində, 1, 2 və 3 nömrəli peşə liseylərində, 500 şagirdlik sanatoriya tipli internat məktəbində əsaslı təmir işləri qaydasında aparılır. Ümumilikdə şəhər üzrə 3 min 60 şagirdlik 4 əlavə tədris korpusu tikilir. Bir neçə məktəbin bərpa-gücləndirmə işləri üçün layihə-smeta sənədləri hazırlanıb. 140 yerlik şəhər 2 nömrəli uşaq bağçasının müasir tələblərə cavab verən yeni binasının tikintisi də başa çatdırılıb.
Dövlət Aqrar Universitetinin 1200 yerlik 5 bloklu, 12 mərtəbəli tələbə yataqxanası binasının inşası isə davam edir.
Gəncənin səhiyyə ocaqlarında da yenidənqurma, təmir-tikinti işləri görülür. Bu tədbirlərin həyata keçirilməsi, sözsüz ki, şəhər əhalisinə göstərilən tibbi xidmətin səviyyəsinin yüksəlməsinə də təsir edir.
A.Səhhət adına 1 nömrəli şəhər və yoluxucu xəstəliklər xəstəxanalarında əsaslı təmir işləri görülüb, təcili tibbi yardım xəstəxanasında, 2 nömrəli poliklinikada yeni istilik sistemi quraşdırılıb. Xəstəxananın nəzdindəki rayonlararası hemodializ mərkəzi ən müasir avadanlıqlarla təchiz olunub. Psixiatriya xəstəxanasında, 2 və 5 nömrəli şəhər, 1 və 2 nömrəli uşaq poliklinikalarında təmir işləri başa çatdırılaraq istifadəyə verilib. Vərəm əleyhinə xəstəxanada isə müasir tələblər səviyyəsində qurulmuş yeni rayonlararası bakterioloji laboratoriya fəaliyyətə başlayıb.
Gəncənin qonaq-qarasız günü olmur. Burada milli bayramlar, əlamətdar günlər çox yüksək səviyyədə qeyd edilir. Keçirilən tədbirlərə ölkə hüdudlarından kənarlardan da tanınmış qonaqlar dəvət olunur. Əlbəttə, Gəncə həm milli, həm də müasir görkəmi, arxitektura nümunələri, tarixi və mədəniyyət abidələri ilə hər kəsdə böyük təəssürat yaradır. Qeyd etmək lazımdır ki, şəhərin tarixi və mədəniyyət abidələrinin qorunub saxlanılması istiqamətində mühüm işlər görülür. Bu tədbirlər sırasında "Şah Abbas" və "Uğurlu xan" karvansaralarında əsaslı təmir-bərpa, "Şərəfxanlı" tarixi abidəsi qarşısında abadlıq-quruculuq, yenidənqurma işləri görülüb. H.Cavid küçəsində yerləşən "Hüseyniyyə" məscidinin, "Zərrabi" Nizami Poeziya teatrının binaları əsaslı təmir-bərpadan sonra istifadəyə verilib. Tikilən və bərpa edilən obyektlər sırasında Gəncə-Bakı magistral avtomobil yolunun şəhərin giriş hissəsinin hər iki tərəfində inşa edilən "Qala" kompleksini, Gəncə Dövlət Kukla Teatrının binasını, Dövlət Tarix-Mədəniyyət Qoruğu ərazisində yerləşən "İmamzadə" dini kompleksini də qeyd etmək olar. Xatırladaq ki, dövlət başçısının 5 iyun 2013-cü il tarixli sərəncamına əsasən, "İmamzadə" kompleksinin bərpası ilə əlaqədar işlərin tamamlanması üçün dövlət büdcəsində nəzərdə tutulmuş Prezidentin Ehtiyat Fondundan 4 milyon manat vəsait ayrılıb.
Şəhər əhalisinin istirahət ünvanları sırasında parklar xüsusi yer tutur. Bu baxımdan əsaslı şəkildə yenidən qurulan Fikrət Əmirov parkı, A.Səhhət, C.Cabbarlı, M.Hadi və İstiqlal parkları ilə yanaşı, yeni salınan Əziz Əliyev və Məhsəti Gəncəvi adına parklar da gəncəlilərin ən çox baş çəkdikləri məkanlara çevrilməkdən əlavə, həm də şəhərin gözəlliyinə əlavə çalar qatır.
Gəncədə bir çox layihənin icrası hələ də davam edir. Nəzərdə tutulan tədbirlər başa çatandan sonra Gəncə daha müasir şəhərə, böyük gözəllik ünvanına çevriləcək.
Telman NƏZƏRLİ,
Azərbaycan.-2013.- 2 oktyabr.- S.9.