«Şəmkir doğrudan da sürətlə inkişaf edir»

 

Ən ali qonaqların yekdil rəyi belədir

 

 

Şəmkiri ətraflı görmək istəyirsənsə, gərək Yasamal dağından baxasan. Göz önündə gözəl bir mənzərə açılır. Yaşıl haşiyəli küçələr durna qatarı kimi uzanır. Bir-birindən yaraşıqlı binalar göz oxşayır. Öndə Olimpiya idman kompleksi, Heydər Əliyev Mərkəzi, Bayraq meydanı diqqəti cəlb edir.Üzbəüz dağların döşündə isə tünd-yaşıl zolaq kimi Şəmkir SES dəryaçası görünür. Bu yerlərin mənzərəsi gündüz də gözəldir, al-əlvan işıqlar sayrışanda gecələri də çox cazibədar olur.

Şəmkir böyük rayondur, ərazisi geniş, əhalisi çox, işləri  ürəkaçandır.

Son illərdə regionların sosial-iqtisadi inkişafı Dövlət Proqramının icrası ilə əlaqədar görülən işlər hamının qəlbindən xəbər verir. Abadlıq-quruculuq sahəsində Şəmkirin öz üslubu var. Həm memarlıq quruluşuna, həm də ictimai-siyasi faydasına görə müasirlik baxımından diqqəti cəlb edir. Təkcə son vaxtlarda açılan obyektlərin siyahısına nəzər salaq: Heydər Əliyev Mərkəzi, Bayraq meydanı, Bayraq muzeyi, Uşaq Akademiyası, "Zəka" intellektual mərkəzi, "Excelsior Hotel Shamkir" mehmanxanası, içməli sukanalizasiya sistemi...

Gəncə səmtindən gələndə Şəmkirə çatan kimi sol tərəfdə - az qala bir kilometr məsafədə yan-yana düzülmüş orijinal görkəmli obyektlər adamı valeh edir. Müasir memarlığının bu yeni üslubu ölkədə hələlik yeganədir. Özüçox baxımlı yerdə, sağda Olimpiya idman kompleksi, solda Bayraq meydanı  əsrarəngiz mənzərə yaradır.  Şəhərə doğru dönəndə sanki sehirli aləmə düşürsən. Yaşıllıqlar qoynunda ikitərəfli xiyaban əsl muzeyə bənzəyir. Ətrafda isə bir-birindən yaraşıqlı binalar cərgələnir. Abad küçələr, xiyabanlar, parklarbağlar könül açır. Başqa sözlə desək, bu yerlər əsl sanatoriya-istirahət mərkəzinə bənzəyir.  Yollardan, səkilərdən, su, işıq sistemindən, binaların fasadlarından, dam örtüklərindən, qapı və pəncərələrdən tutmuş darvazalara kimi hamısı təzələnib, özü  müasir üslubda. Bir cəhət xüsusilə xoşdur ki, çox yerdə görülməyən , təmir-bərpa zamanı səkilərin yanında səliqə ilə beton novçalar, su arxları, tunel tipli keçid-körpülər düzəldilib. Yol-izi də gözəldir, bağlar, parklar, müxtəlif yönümlü obyektlər də. Ən səfalı guşədə Heydər Parkı salınıb. Genişdir, ümumi sahəsi on dörd hektardır! Ərazidə müxtəlif tipli yeddi fəvvarə, on körpü-keçid, həmçinin süni göl düzəldilib. Burada iyirmi minədək müxtəlif növ dekorativ ağaclar, güllər əkilib, yaşıllıqlar salınıb. Əhalinin istirahəti üçün hər şərait yaradılıb.

Parkın ən baxımlı yerində orijinal layihə əsasında Heydər Əliyev Mərkəzi inşa olunub. Mərkəzin binası dördmərtəbəlidir. Girişdə ümummilli liderin abidəsi qoyulub. Mərkəzdə quraşdırılan monitorda 6 dildə ulu öndər Heydər Əliyevin həyat və fəaliyyətinin ayrı-ayrı məqamlarını əks etdirən videoçarxlarda, həyata keçirdiyi iri miqyaslı layihələr haqqında ətraflı məlumat verilir. Burada qalereya, 3D kinozalı, kitabxana, bar, tərcümə və mühazirə otaqları və s. fəaliyyət göstərir. İkinci mərtəbədə ulu öndərin müxtəlif illərdə rəhbər vəzifələrdə çalışdığı zaman işlədiyi kabinetləri təsvir edən muzey fəaliyyət  göstərir, arxivdən götürülmüş dəyərli eksponatlar nümayiş etdirilir.

Bu tarixi muzeyin məğzini, mənasını rayonun girəcəyində ucalan Bayraq meydanı və Bayraq muzeyi tamamlayır. 4.5 hektar sahəni əhatə edən bayraq meydanı qədim tarixə malik Şəmkir şəhərinin rəmzinə çevrilib. Meydanın mərkəzində 98 metr hündürlüyündə bayraq dirəyi ucaldılmış, uzunluğu 40, eni 20 metr olan üçrəngli bayraq asılmışdır.  Muzeyin xarici hissəsinin şüşə paketlərlə bəzədilməsi ona xüsusi gözəllik verir. İkimərtəbəli binada ölkəmizin tarixinə və taleyinə dair maraqlı eksponatlar toplanıb. Səkkizguşəli ulduz formada yaradılan muzeydə müxtəlif dövrlərdə  Azərbaycan ərazisində mövcud olmuş dövlətlərin, xalqların, o cümlədən İrəvan xanlığının bərpa edilmiş bayraqları, gerblər sərgilənir. Burada, həmçinin ümummilli lider Heydər Əliyevin rəhbərliyi ilə müstəqil Azərbaycan dövlətinin yaradılması, formalaşması və inkişafı, ulu öndərin ölkəmizin tərəqqisi ilə bağlı fəaliyyətini əks etdirən çoxsaylı fotolar, bayraqlar, mərasim geyimləri nümayiş olunur. Muzeydə vətənpərvərlik yönümlü müxtəlif tədbirlərin keçirilməsi üçün səkkiz yüz yerlik amfiteatrı olan xüsusi meydan inşa edilmişdir.

Şəmkir tədricən beynəlxalq aləmə yol açır. Üç ildir ki, burada Bakı Oksford məktəbinin filialı fəaliyyət göstərir. Hazırda həmin məktəbdə 231 şagird təhsil alır.  Məzunlara Azərbaycan Respublikasının attestatları ilə yanaşı, Kembric  universitetlərinin orta təhsil haqqında sertifikatları da veriləcəkdir. Tədris ingilis dilində aparılır. Dərslər məktəbəqədər hazırlıq, ibtidai siniflər, orta məktəb mərhələləri üzrə keçirilir. Bununla yanaşı, təhsil ocağında beynəlxalq ikiillik "A-level" proqramı tədris olunur. Həmin proqramı uğurla bitirənlər Britaniyanın müxtəlif universitetlərinə daxil ola biləcəklər.

Bu günlərdə Oksford məktəbinin Şəmkir filialı üçün yataqxana binası istifadəyə verilmişdir. Sahəsi dörd min kvadratmetrdir. Burada doxsan şagirdindoqquz müəllimin qalması üçün hər şərait yaradılıb. Birinciikinci mərtəbələr oğlanlar, üçüncü mərtəbə isə qızlar üçün nəzərdə tutulub. Yataqxanada elektron kitabxana,  idman qurğuları,  kino zalı və s. vardır.

Şəmkirin gənclərə töhfələrindən biri də 80 yerlik Uşaq Akademiyasıdır. Akademiyaya uşaqlar iki yaşında qəbul ediləcək, dərslər xüsusi tədris proqramı ilə aparılacaqdır. Burada dünyada məşhur olan "Kiddie Academy" tədris proqramı əsasında hazırlıq prosesi də keçiriləcəkdir. Akademiyada dörd yataq otağı, məşğələ zalları, incəsənətə maraq göstərən uşaqlar üçün isə studiya var.

Yeniyetmələr və gənclər də unudulmur: "Zəka" intellektual gənclər mərkəzinin ümumi sahəsi 3355 kvadratmetrdir. Bu mərkəz iki mərtəbədən ibarətdir. Burada gənclərin intellektual inkişafına şərait  yaratmaq, istedadlı oğlan və qızların  yaradıcılıq  potensialının  inkişafını  dəstəkləmək  məqsədilə  müxtəlif  təyinatlı otaqlar fəaliyyət göstərir. Gənclərin asudə vaxtlarını daha səmərəli keçirmələri üçün müvafiq şərait yaradılmışdır.

Bütün bunlarla yanaşı, rayonda sosial məsələlər də uğurla həll olunur. İşıq və qaz sarıdan heç bir problem yoxdur. Bircə su və kanalizasiyanın vəziyyəti Şəmkirin coşqun inkişafına uyğun gəlmirdi. Regionların sosial-iqtisadi inkişafı Dövlət Proqramına uyğun olaraq bu məsələ də sistemli surətdə həll edilir.

Şəmkirin su təchizatı sistemi 1960-cı illərdə yaradılmışdı. Şəhər içməli su ilə qədərincə təmin olunmur, kanalizasiya sistemi isə yox dərəcəsində idi. "Şəmkir şəhərinin su təchizatı və kanalizasiya sisteminin yenidən qurulması layihəsi"nə uyğun olaraq  qonşuluqdakı çayın hövzəsində yeni drenaj sistemi yaradılmış, magistral və anbarlararası su xətləri çəkilmiş, yeddi su anbarı inşa olunmuş, laboratoriya, xlorlama binası tikilmişdir. Yeni layihəyə əsasən şəhərə saniyədə kifayət qədər su veriləcək və əhalinin tələbatı tam ödəniləcəkdir. Hazırda 235 kilometr uzunluğunda şəhərdaxili su şəbəkəsi və 203 kilometr kanalizasiya sisteminin inşasında qızğın gedir. Vəziyyət göstərir ki, layihə nəzərdə tutulan vaxtda, yəni gələn il tam başa çatacaqdır.

Biz yalnız Şəmkirin bəzi quruculuq işlərindən söhbət açdıq. Rayonda iqtisadiyyatın inkişafı sahəsində də böyük işlər görülür. Burada hər  il üç yüz milyondan artıq məhsul istehsal olunur. Mühüm məhsul növləri üzrə rayon özü özünü ərzaqla tam təmin edir. Bir sözlə, Şəmkir hər sahədə sürətlə inkişaf edir. Aylar, illər keçdikcə qərb bölgəsinin mədəni mərkəzinə çevrilir. Dağların başında yaradılan Şəmkir dəryaçası istifadəyə veriləndə isə bu yerlərin qüdrəti  şöhrəti daha da artacaqdır.

 

 

 

Əhməd İSAYEV,

Azərbaycan.-2013.- 2 oktyabr.- S.9.