Bakı funikulyoru - köhnə rəmzin yeni siması

 

Şərqin qədim şəhərlərindən olan Bakı tarixən mədəniyyət, elm və nəhəng sənaye mərkəzi olub. Bu baxımdan, şəhərdə müxtəlif sahələrdə daim inkişafa və müasirliyə ehtiyac duyulub. Zəruri tələbatlardan biri də nəqliyyat infrastrukturu ilə bağlıdır. XIX əsrin ortalarında neft sənayesinin sürətli inkişafı nəticəsində Bakıda şəhər nəqliyyatının tərəqqisi başladı, arabalar, qazalaqlarfaytonlar daha şəhərin ehtiyacını ödəyə bilmirdilər. O vaxtlar artıq Rusiyanın bəzi şəhərlərində rels üzərində atlarla hərəkətə gətirilən vaqonlardan (konka) istifadə olunurdu. Çox keçmir ki, 1889-cu ildə Bakıda da konka işə salınır. Beləcə, atlar vasitəsilə hərəkətə gətirilən konkalar o dövrün əsas nəqliyyat vasitələri hesab olunurdu.

XX əsrin 20-ci illərində Azərbaycanda şəhər nəqliyyatının vəziyyəti acınacaqlı olduğu üçün bundan çıxış yolları axtarılırdı. Artıq konkalardan da əsər-əlamət qalmamışdı. Belə bir şəraitdə respublika rəhbərliyinin təşəbbüsü ilə ölkədə ilk dəfə 1924-cü ildə Bakı şəhərində elektron nəqliyyatdan istifadəyə başlanıldı. Elektron nəqliyyat inkişaf etdirildikcə, bu istiqamətdə yeni ideyalar da ortaya çıxdı. Həmin ideyalardan biri də Bakı funikulyoru idi. 1960-cı ilin may ayında bu ideya gerçəkləşdi, funikulyor işə salındı. Bütün Sovetlər Birliyində hündürlüyünə və xarici görkəminə görə Bakı funikulyoru birinci yeri tutdu. Funikulyorun ilk vaqonları o zaman xüsusi sifarişlə Ukraynanın Xarkov şəhərində hazırlanmışdı. İki stansiyadan ibarət funikulyorun vaqonları saniyədə 2,5 metr sürətlə hərəkət edərək bir stansiyadan digərinə 4 dəqiqəyə çatırdı. Vaqonlararası intervalı 10 dəqiqə olan funikulyor saatda orta hesabla 2 min sərnişini daşımaq imkanına malik idi.

 

 

Yarım əsrdə dörd dəfə təmirə dayanıb

 

 

Təmirə olan ehtiyac səbəbindən Bakı funikulyoru müxtəlif vaxtlarda, uzunmüddətli sərnişinsiz qalıb. Funikulyor fəaliyyətə başlayandan sonra ilk dəfə 1980-ci illərin sonlarında qəza vəziyyətində olduğu əsas gətirilərək istifadəsi  dayandırılıb. Uzun müddət istifadəsiz qalan bu nəqliyyat vasitəsi 2001-ci ilin sonunda təmir edilərək yenidən istifadəyə verilib. Növbəti dəfə isə 2007-ci ildə təmir olunub. Bu təmirdən sonra vaqonların hərəkəti zamanı yaranan müxtəlif səs-küylər minimuma endirilib. Lakin budəfəki təmir də funikulyoru uzunömürlü etməyib. Müəyyən fasilələrlə işləyən funikulyor 2011-ci ilin aprelində yenidən əsaslı təmirə dayandırılıb.

Buna isə təmir yox, yenidənqurma desək, daha doğru olardı. Çünki bu dəfə  ölkə başçısının göstərişinə əsasən funikulyorun yeni layihəsi ən müasir standartlar əsasında işlənib hazırlandı. Daha sonra onun əsaslı şəkildə yenidən qurulması işlərinə başlanıldı. Ən kiçik detallardan tutmuş, vaqon və relslərə qədər  hər şey dəyişdirildi. Funikulyorun aşağı və yuxarı vestibülləri yeniləndi, müasir vaqonlar alındı. Təmir və yenidənqurma işləri yüksək keyfiyyətlə həyata keçirildi. Mexanikielektron qurğuları tamamilə dəyişdirilən funikulyorun hər iki stansiyası keyfiyyətli şüşədən hazırlandı. Bu da son olmadı, vaqonların hərəkət etdiyi zonada ətraf ərazilər də abadlaşdırıldı. Nəhayət, 2012-ci il may ayının 23-də funikulyor tam müasir görkəmdə yenidən insanların istifadəsinə verildi.

 

 

 

Funikulyordan istifadə pulsuzdur

 

 

Tamamilə görkəmini dəyişən və fərqli dizaynı ilə şəhərin ümumi mənzərəsinə xüsusi yaraşıq verən Bakı funikulyoru yenə də sərnişinləri eyni marşrutla daşıyır. Bakının rəmzinə çevrilən və görünüşünə görə dəyərli memarlıq abidəsi sayılan Bakı funikulyoru hazırda Şəhidlər xiyabanı ilə Dənizkənarı Milli Parkı ən qısa yolla birləşdirən yeganə nəqliyyat vasitəsidir. Xəttin uzunluğu 455,5 metrdir. İndi funikulyor təkcə daşıyıcı vasitəsi kimi deyil, həm də yerli vətəndaşların və turistlərin əylənmək üçün üz tutduqları məkana çevrilib. Paytaxtda belə bir qurğunun olması şəhəri gəzənlərə böyük imkan verir ki, həm əylənsinlər, həm də şəhərin bir hissəsindən, digərinə asanlıqla keçsinlər.

Bakı funikulyorunda olarkən hər tərəfdə səliqə-sahmanın və təmizliyin şahidi olduq. İnsanlar bir-bir, iki-iki funikulyora daxil olur, qrafik üzrə vaqonlar hərəkətə başlayır. Müxtəlif vaxtlarda funikulyordan istifadə ödənişli olsa da, hazırda ödənişsizdir. Funikulyor idarəsinin rəisi Tofiq İsmayılovun dediyinə görə, funikulyordan istifadənin nə vaxtadək pulsuz olacağı bilinmir, bunu Azərbaycan hökuməti müəyyənləşdirəcək: "Funikulyor bazar ertəsindən başqa, hər gün səhər saat 10:00-dan axşam 22:00-a kimi insanlara xidmət edir. Bizim metro kimi hər hansı bir təmir mərkəzimiz (depo) olmadığından, həftənin bazar ertəsi profilaktik tədbirlər görülür. Bu vaxt vaqonlarbütün texniki avadanlıqlar növbəti günləri üçün tam hazır vəziyyətə gətirilir".

 

 

Bu, çox maraqlıdır

 

 

Bakı funikulyoru kompyuter sistemi ilə idarə olunur. Hər hansı bir texniki nasazlıq aşkarlandıqda dərhal mərkəzə məlumat ötürülür. Beləcə, baş verə biləcək problemin qarşısını vaxtında almaq mümkün olur. Xüsusi rahatlığı ilə seçilən vaqonlar isə sərnişinlərin ətrafı seyr etmələri üçün şüşəbəndlə əhatələnib. Artıq şəhərə gəzməyə çıxan hər kəs yolunu funikulyordan salmaq istəyir. Təmirdən əvvəl funikulyordan istifadə edənlərin sayının çox olduğunu demək olmazdı. Yalnız bazarbayram günlərində vaqonların qismən dolduğu müşahidə edilirdi. Hazırda isə hər gün, xüsusən də, həftə sonları və axşam saatlarında buradakı izdihamı görmək mümkündür. Sərnişinlərin içərisində turistlər də var. Adrian adlı Böyük Britaniya vətəndaşının funikulyordan düşəndən sonra gülümsəyərək "it is very interesting" (bu çox maraqlıdır) deməsindən məlum olur ki, gəzintini çox bəyənib. Xüsusən də, Dağüstü parkdan şəhərə açılan mənzərəyə valeh olub.

Paytaxt sakini Samirə Süleymanova da funikulyorun mövcud vəziyyətini çox xoşladığını dedi: "Əvvəllər yolumuz buradan düşəndə xeyli məsafəni pilləkənlə düşməli olurduq. Ona görə şəhərə gəzməyə çıxanda uşaqlarla buraya gələ bilmirdik. Amma indi funikulyor işləyir, rahatlıqla gəlib-gedirik. Funikulyorun əvvəlki vəziyyətindən əsər-əlamət belə qalmayıb".

Sərnişini olduğumuz yeni vaqonlar tam səssiz və titrəyişsizdir. İnsanlar çox olanda 10 dəqiqədən bir yola düşür, az olduqda isə bir az gözləməli olursan.  Hər iki vaqon eyni vaxtda eyni relslə stansiyanı tərk edir, yolun tam yarısında bir-biri ilə qarşılaşanda ayırıcı relslərlə ötüşürlər. Vaqonlar bir-birini ötüb keçdikdən sonra yenidən eyni relslə hərəkət edirlər. Xəttin mərkəzi hissəsində onların tuneldən keçməsini də sərnişinlər maraqla qarşılayırlar. Xüsusən də, uşaqlar buna heyrət və təəccüblə baxırlar.

Qeyd edək ki, yenidənqurmadan sonra funikulyorun əvvəlki parametrləri dəyişdirilməyib. Vaqonların oturacaq sayı (28), getdiyi yolun zamanı (4 dəqiqə), relsin uzunluğu (455.5 m) və s. göstəricilər olduğu kimi saxlanılıb. Onu da deyək ki, MDB məkanında Bakı ilə yanaşı, Soçi, Kiyev, Kaunas, OdessaVladivostok şəhərlərində də funikulyor mövcuddur.

 

 

 

Elgün MƏNSİMOV,

Azərbaycan.-2013.- 2 oktyabr.- S.10.