Xocam, o gün haradadır...

 

Xocavənd rayonunun işğalından 21 il ötür

 

Ən axırda yıxılan ümiddir. Ümid olan yerdə sevgi, inam, bir də qələbə əzmi var. İndi doğma yurd yerlərindən uzaqda yaşayan xocavəndlilərin ümidi, inamı, deməli, qələbə əzmi də heç vaxt tükənməyib. Lap yüz il əvvəl olduğu kimi: "Üçkilsənin önündə qızğın savaş başladı. Sisianov topxanasına atəş əmri verdi. Ancaq Abbas Mirzənin cəbhənin ön sıralarında savaşması Azərbaycan ordusuna böyük ruh yüksəkliyi vermişdi. Baş komutanın bu şəkildə savaşması Azərbaycan ordusunda ölümdən qorxma hissini yox etmişdi. Şahsevən və Xocavənd süvariləri bu savaşda elə bir cəsarət göstərdilər ki, bütün ölkədə dildən-dilə düşdü".

Əminə Pakrəvanın "Abbas Mirzə və Azərbaycan" kitabı görkəmli Azərbaycan sərkərdəsi, Qacar şahzadəsi Abbas Mirzənin həyatı və mübarizəsi haqqındadır. Bu kitab, eyni zamanda, XIX əsrin əvvəllərində İran-Rus müharibələrinin nəticəsi olaraq Azərbaycanın ikiyə parçalanması, Gülüstan sülh müqaviləsinə gətirən hadisələr, birbu mücadilələrin mərkəzində dayanan türk tayfaları, onların mübariz övladları haqqındadır... Onların arasında əsrlər boyu Qarabağın Xocavənd bölgəsində yaşayan insanların adı, xidməti həmişə uca tutulub. Xocavənd rayonu 2 oktyabr 1992-ci ildə erməni silahlı birləşmələri tərəfindən işğal olunduqdan sonra onlarca milli tarixi-dini abidəmiz məhv edilib. mənəvi genosidə məruz qalıb. Onların arasında məscidlərin, pirlərin, alban abidələrinin sayı-hesabı yoxdur.

Xocavənd rayonu Ağdam-Füzuli avtomobil yolunun üstündə dağların və düzənliklərin əhatəsindədir. Aşağıda Haramı düzündən, Nərgiztəpədən başlayan torpaqlarının bir tərəfi Şuşaya, o biri tərəfi Böyük Kirs dağına qədər uzanıb gedir. 1930-cu ildə yaradılan Xocavənd rayonunun ərazisi genişdir. 2 şəhər tipli qəsəbə və 38 kənddən ibarət olan Xocavənddə Qırmızıbazar, Qaradağlı, Əmirallar, Muğanlı, Kuropatkino, Tuğ, Haxullu, Salakətin, Günəşli, Xətai kimi iri, qədim yaşayış məntəqələri mövcuddur. Dünyada ən qədim abidələrdən biri olan Azıx mağarası məhz Xocavəndin Salakətin kəndindən bir az aralıda yerləşir. Həmin ərazidəki 22 metr uzunluqda Tağlar mağarası da tarixi abidə kimi xüsusi əhəmiyyətə malikdir. Haxullu kəndindəki Ərgüşən qalası əsrlərin sınağından keçib gəlsə də, təəssüf ki, bu dəfə erməni məkrinin, hiyləsinin qabağında dayana bilmədi.

Dağlıq Qarabağ artıq uzun illərdir ki, düşmən tapdağı altındadır. 1988-ci ildən başlanan işğalçılıq siyasəti minlərlə insanı doğulduğu yerə-yurda həsrət qoydu, illərlə tikib qurduğu evə-eşiyə, Şuşaya həsrət qoydu. Amma bu həsrət, ayrılıq xocaları və üləmaları ilə məşhur olan Xocavənddən, Xocalıdan, Şuşadan, Ağdamdan olan insanların sabaha olan ümidini, inamını qıra bilmədi.

 Bu gün Xocavənd rayonu Dağlıq Qarabağın qorunub saxlanan aran torpaqlarında fəaliyyət göstərir, onun qış yataqları, qışlaq ərazisi işğal olunmayıb. Düşmən bu ərazidə məhz ulu öndərin səngərə gəlişindən, Xocavənd batolyonunun əsgərləri ilə unudulmaz görüşündən sonra tamamilə geri oturdulubbu gün alimlərin tədqiqat, minlərlə insanın ziyarət yerinə çevrilən Nərgiztəpə düşmənlərdən təmizlənib.

Xocavənd sakinləri respublikanın müxtəlif regionlarına səpələnsə də, rayonun əsas ağırlıq mərkəzi Beyləqan, Ağcabədi və Füzuli qövsü üzərində yerləşən, bir tərəfi də Ağdamın Mərzili kəndinə qədər uzanan düzənlikdə, qış yataqları ərazisindədir. Burada salınmış qəsəbələrdə Xocavənd rayonunun Qaradağlı, Muğanlı, Tuğ, Kuropatkino, Salakətin və digər kəndlərindən olan insanlar məskunlaşıblar. Həmin qəsəbələrdə müasir sosial obyektlər fəaliyyət göstərir, yollar, elektrik xətləri insanların ixtiyarına verilib. Tuğ kənd məktəbinin 125 illiyi də yüksək səviyyədə qeyd edilib... Ümumiyyətlə, Tuğ kəndi özünün qədim tarixi və Azərbaycanın elmi ictimaiyyətinə bəxş etdiyi nüfuzlu insanları ilə həmişə fəxr edib. Bu kənddə vaxtilə Mir Mehdi Xəzani, Üzeyir Hacıbəyli kimi tanınmış ziyalılar çalışıb. Hətta Mirzə Fətəli Axundovun məşhur "Hacı Qara", böyük dramaturq Cəfər Cabbarlının "1905-ci ildə", Nəriman Nərimanov və digərlərinin əsərlərində bu kənd Azərbaycanın ən qədim yaşayış məskəni və ziyalı ünvanı kimi təqdim edilir.

Bugünkü xocavəndlilər də əvvəlki ənənələrə sadiqdirlər. Ərazi baxımından böyük hissəsi işğal altında olmasına baxmayaraq, qəsəbələrdə tikilən məktəblər, sosial obyektlər, eləcə də insanların məşğulluğu ilə əlaqədar görülən tədbirlər  regionların sosial-iqtisadi inkişafına dair Dövlət Proqramına dəstəyin bariz nümunəsidir.

Bakıdan 334 km aralıda yerləşən Xocavəndin bu gün dərdi də, problemi də, elə ümidi-inamı da birdir: gecə-gündüz baxdıqları yurd yerlərinə qayıtmaq. O günü yaxın etmək üçün xocası da, qocası da, uşağı, gənci də eyni əzmlə çalışmaqda, eyni həvəslə soruşmaqdadırlar - "Xocam, o gün haradadır..."

 

 

 

Bəxtiyar QARACA,

Azərbaycan.-2013.- 2 oktyabr.- S.11.