Milli mənəvi dəyərlərimizin qızıl fondu

 

Oktyabrın 1-də Bakı Biznez Mərkəzində Azərbaycan Respublikasının İnsan hüquqları üzrə müvəkkili (Ombudsman) Aparatının və BMT-nin Əhali Fondunun birgə təşkilatçılığı ilə Beynəlxalq Ahıllar Gününə həsr olunmuş "Ahıllar milli mənəvi dəyərlərimizin qızıl fondudur" mövzusunda "dəyirmi masa" keçirilmişdir.

AzərTAc xəbər verir ki, tədbirdə  çıxış edən ombudsman Elmira Süleymanova Beynəlxalq Ahıllar Gününün yaranma tarixi və əhəmiyyəti barədə danışmışdır. Bildirmişdir ki, bu gün dövlətimiz milli mentalitetimizə, ənənələrimizə, dinimizə sadiq qalaraq ahıllarımıza yüksək diqqət və qayğı göstərir.

Müvəkkil aztəminatlı əhalinin sosial müdafiəsinin gücləndirilməsi istiqamətində Dövlət Sosial Müdafiə Fondunun xüsusi xidmətlərini qeyd etmişdir.

Dövlət Sosial Müdafiə Fondunun sədri Səlim Müslümov respublikamızda son 10 ildə əldə olunan nailiyyətlərdən danışmışdır. Bildirmişdir ki, bu gün ahılların 95 faizindən çoxu Dövlət Sosial Müdafiə Fondundan pensiya alır.  Pensiyaçıların aldıqları vəsaitin onların gündəlik tələbatını ödəmək həddinə çatması dövlətin əsas məqsədidir. Pensiya sistemində atdığımız addımlar onu göstərir ki, bu sahədə müəyyən qədər uğurlar əldə etmişik.

Sonra uşaqlar tədbir iştirakçılarını təbrik etmişlər.

Tədbirdə Milli Məclisin deputatı Məlahət İbrahimqızı "Sağlamlıq uzunömürlülüyün qarantıdır" mövzusunda məruzə etmişdir.

M.İbrahimqızı bildirmişdir ki, dövlətimiz tərəfindən yaşlı vətəndaşların, tənha və kimsəsizlərin sosial müdafiəsinin gücləndirilməsi, sağlamlıqlarının qorunması istiqamətində ardıcıl tədbirlər həyata keçirilir.

Mərasimdə "Sağlamlıq zonası" poliklinikasının baş həkimi Məsməxanım Məmmədova, Azərbaycan Milli Kulinariya Mərkəzinin rəhbəri Tahir Əmiraslanov, Azərbaycan Gənclərinin Avropaya İnteqrasiyası İctimai Birliyinin sədri Gülsel Səfərova çıxış edərək beynəlxalq səviyyədə keçirilən tədbirin əhəmiyyətini vurğulamış, ahıllara diqqət və qayğının artırılması istiqamətində görülən işləri yüksək qiymətləndirmişlər.

Tədbirdə uşaqların və ahılların əl işlərindən ibarət fotosərgi nümayiş etdirilmişdir.

 

Azərbaycan.-2013.- 2 oktyabr.- S.11.