Bakı Peşə Liseyində dülgər, xarrat-parket ustası

 ixtisası üzrə «BOSCH» Resurs Mərkəzi açılmışdır

 

Oktyabrın 2-də 18 nömrəli Bakı Peşə Liseyində dülgər, xarrat-parket ustası ixtisası üzrə "BOSCH" Resurs Mərkəzi istifadəyə verilmişdir.

AzərTAc xəbər verir ki, Mərkəzin açılış mərasimində təhsil naziri Mikayıl Cabbarov çıxış edərək müasir dünyada təhsilin mühüm rolunu, ölkəmizdə bu sahə üzrə mühüm tədbirlərin, proqramların və layihələrin reallaşdırıldığını diqqətə çatdırmışdır. Nazir həmçinin peşə təhsilinin inkişafına xüsusi önəm verildiyini bildirmişdir.

Qeyd olunmuşdur ki, Təhsil Nazirliyi həm respublikamızda,  həm də xarici ölkələrdə fəaliyyət göstərən müvafiq şirkətlər ilə əməkdaşlıq çərçivəsində müxtəlif peşələr üzrə mütəxəssislərin hazırlanmasına diqqət yetirir.

Almaniyanın Azərbaycandakı səfirinin müavini Volfqanq Mössinger yeni iqtisadi sahələrin inkişafı üçün müasir peşəkar mütəxəssislərin hazırlanmasının vacibliyindən danışmışdır.

Ölkəmizdə peşə təhsili üzrə həyata keçirilən layihələr barədə fikirlərini bildirən V.Mössinger təhsilin bu sahəsinin inkişafına daim dəstək verməyə hazır olduqlarını vurğulamışdır.

Binəqədi Rayon İcra Hakimiyyətinin başçısı Xaləddin İsgəndərov, Almaniyanın "BOSCH" şirkətinin MDB və Gürcüstan üzrə regional direktoru Cordan Kostaf  "BOSCH" Resurs Mərkəzinin əhəmiyyətindən bəhs etmiş, liseyin əməkdaşlarına və şagirdlərə uğurlar arzulamışlar.

Təhsil Nazirliyinin və "BOSCH" şirkətinin dəstəyi ilə "Müasir Azərbaycan peşəkarları layihəsi" çərçivəsində reallaşdırılan layihənin əsas məqsədi müvafiq istiqamətdə aparılan islahatların geniş ictimaiyyətə çatdırılması, gənclərin ilk peşə-ixtisas təhsili müəssisələrinə marağının artırılması və kadr hazırlığı prosesinin keyfiyyətinin yüksəldilməsindən ibarətdir.

Resurs Mərkəzinin fəaliyyəti üçün "BOSCH" şirkətinin standartları əsas götürülmüş, zəruri texniki avadanlıqlar quraşdırılmış, internet xətləri çəkilmiş, nəzəri və təcrübi təlim otaqları yaradılmışdır.

Qeyd edilmişdir ki, mərkəzdə ilk peşə-ixtisas təhsili müəssisələri şagirdlərini, digər liseyin müəllim və şagirdlərini, eləcə də "BOSCH" şirkəti ilə əməkdaşlıq edən müəssisə və təşkilatların əməkdaşlarını ödənişli əsaslarla təlimdən keçirmək mümkündür.

Resurs Mərkəzi müdavimlərinin yekun bilik və bacarıqları müvafiq qiymətləndirmə üsulu ilə yoxlanılaraq adları "BOSCH" şirkətinin xüsusi məlumat bazasına yerləşdiriləcək və onlara rəsmi sertifikatlar veriləcəkdir.

Müvafiq istiqamətdə həyata keçirilən pilot layihələrin nəticələrinin digər peşə məktəblərində bir model kimi tətbiq olunması nəzərdə tutulmuşdur.

Mərasim iştirakçıları "BOSCH" Resurs Mərkəzi ilə tanış olmuşlar.

 

Azərbaycan.-2013.-  3 oktyabr.- S. 3.