Bakıda Azərbaycan-Avropa İttifaqı

Əməkdaşlıq Komitəsinin 14-cü iclası keçirilmişdir

 

Bakıda Azərbaycan-Avropa İttifaqı (Aİ) Əməkdaşlıq Komitəsinin 14-cü iclası keçirilmişdir.

 

İclasda Azərbaycanı xarici işlər nazirinin müavini Mahmud Məmmədquliyev, Avropa İttifaqını isə qurumun Xarici Fəaliyyət Xidmətinin Rusiya, Şərq Tərəfdaşlığı, Mərkəzi Asiya, ATƏT və Regional Əməkdaşlıq üzrə direktoru Qunnar Viqandın rəhbərliyi ilə nümayəndə heyəti təmsil etmişdir.

Xarici İşlər Nazirliyinin mətbuat xidmətindən AzərTAc-a bildirmişlər ki, tədbirdə Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin nizamlanması ilə bağlı danışıqlar prosesi ətrafında fikir mübadiləsi aparılmış, həmçinin Avropa Qonşuluq Siyasəti və "Şərq tərəfdaşlığı" proqramı çərçivəsində fəaliyyət və əməkdaşlığın perspektivləri müzakirə olunmuşdur.

İclasda Aİ ilə Azərbaycan arasında readmissiyaviza sadələşdirilməsi sazişinin paraflanmasından məmnunluq ifadə edilmişdir. Azərbaycan tərəfi bu sənədlərin noyabrın 28-29-da Litvanın paytaxtı Vilnüsdə keçiriləcək "Şərq tərəfdaşlığı" zirvə toplantısı zamanı imzalana bilməsi üçün lazım olan hüquqi prosedurların sürətləndiriləcəyinə ümid etdiyini bildirmişdir.

Bundan başqa, iclasda Aİ və Azərbaycan arasında enerji, nəqliyyat, habelə təhsil sahəsində əməkdaşlıq məsələləri, eləcə də "Cənub" qaz dəhlizi layihəsinin reallaşdırılması ilə bağlı həyata keçirilən tədbirlər müzakirə edilmişdir. Bununla bağlı Avropanın enerji təhlükəsizliyinin təminində və enerji daşıyıcılarının şaxələndirilməsində Azərbaycanın mühüm rolu vurğulanmışdır.

Tədbirdə, həmçinin  ölkəmizdə seçkiqabağı vəziyyət, demokratiya, insan hüquqları və mətbuat azadlığının gücləndirilməsi istiqamətində görülmüş işlərlə bağlı fikir mübadiləsi aparılmışdır.

 

Azərbaycan.-2013.-  3 oktyabr.- S. 3.