Azərbaycan sığorta bazarının inkişaf dinamikasına

 həsr olunmuş konfrans keçirilmişdir

 

Azərbaycan Sığortaçılar Assosiasiyasının (ASA) təşkilatçılığı ilə oktyabrın 2-də Bakıda "Azərbaycan sığorta bazarının inkişaf dinamikası-2003-2013" adlı konfrans keçirilmişdir.

ASA-nın sədri Orxan Bayramov "Sığorta bazarına ümumi baxış" mövzusunda məruzə ilə çıxış edərək bildirilmişdir ki, son illər Azərbaycanda hökm sürən ictimai-siyasi sabitlik və ölkə iqtisadiyyatının sürətli inkişafı sığorta sektorunun da ciddi inkişafına şərait yaratmışdır. Ölkədə yenimüasir sığorta xidmətləri tətbiq olunmuş, əhaliyə və şirkətlərə göstərilən xidmətlərin çeşidi artmış, səviyyəsi yüksəlmişdir.

Məlumat verilmişdir ki, 2002-2012-ci illərdə Azərbaycanın sığorta bazarının həcmi 8,2 dəfə artaraq 41,87 milyon manatdan 341,65 milyon manata, sığorta müqavilələrinin sayı isə 4 dəfə artaraq 468 mindən 1 milyon 863 minə çatmışdır. Son on ildə sığorta haqlarının illik artımı orta hesabla 23 faiz təşkil etmiş, adambaşına düşən sığorta haqqı isə 7 dəfə artmışdır. Həmçinin sığorta ödənişləri 14 dəfə, o cümlədən könüllü sığorta üzrə 15 dəfə, icbari sığorta üzrə 11 dəfə çoxalmışdır. Nəticədə sığorta ödənişlərinin həcmi 6,73 milyon manatdan 2012-ci ildə 94,97 milyon manata yüksəlmişdir. İllik artım orta hesabla 30 faiz olmuşdur. Sığortaçıların kapitalının həcmi isə təxminən 20 dəfə artaraq 343,44 milyon manata çatmışdır ki, bu da ildə orta hesabla 35 faiz artım deməkdir.

Milli Məclisin iqtisadi siyasət komitəsinin sədri, akademik Ziyad Səmədzadə Azərbaycan sığorta bazarının tarixindən və keçdiyi inkişaf yolundan, bu sahədə əldə olunan nailiyyətlərdən danışmışdır.

Konfransda ayrı-ayrı sığorta şirkətləri və mütəxəssislər təqdimatlarla çıxış etmişlər. Habelə sığorta bazarındakı keyfiyyət dəyişikliklərindən, bazarın ümumi mənzərəsindən bəhs edən məruzələr dinlənilmişdir.

 

 AzərTAc

Azərbaycan.-2013.-  3 oktyabr.- S. 3.