«Ekoturizm və davamlı inkişaf» mövzusunda interaktiv seminar keçirilmişdir

 

Ölkəmizdə ekoloji maarifləndirmə və ətraf mühitin qorunması ilə əlaqədar bir çox layihələr həyata keçirən IDEA - Ətraf Mühitin Mühafizəsi üzrə Beynəlxalq Dialoq Kampaniyası (International Dialogue for Environmental Action) oktyabrın 2-də Dünya Turizm Günü münasibətilə "Ekoturizm və davamlı inkişaf" mövzusunda interaktiv seminar təşkil etmişdir.

IDEA Kampaniyasından AzərTAc-a bildirmişlər ki, 20-yə yaxın gəncin iştirak etdiyi seminar Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasında yerləşən IDEA Resurs Mərkəzində keçirilmişdir.

Seminarın əsas məqsədi yeni yaranmış bir sahə olan ekoturizm haqqında gəncləri maarifləndirmək, onları ekoturizmin davamlı inkişafda oynadığı önəmli rol ilə daha yaxından tanış etməkdir.

Seminarda ekspert qismində IDEA Kampaniyasının layihələr üzrə koordinatoru Surxay Novruzlu iştirak etmişdir. Ekspert gənclərə ekoturizm, onun inkişafı, ətraf mühitə təsirləri haqqında məlumat vermişbu sahədə onları maraqlandıran müxtəlif tipli sualları cavablandırmışdır.

Mövcud problemlərdən söz açan ekspert təbiətin turistlər tərəfindən çirkləndirilməsinin oradakı canlılar, ümumilikdə, biomüxtəliflik üçün nə dərəcədə böyük bir təhlükə yaratdığını seminar iştirakçılarının diqqətinə çatdırmışdır.

İnteraktiv şəkildə keçirilən seminarın sonunda ekspert gəncləri sözügedən sahə ilə daha dərindən maraqlanmağa və təbiət qoynunda istirahət edərkən ətraf mühitin qorunmasına, təmizliyinə xüsusi diqqət yetirməyə səsləmişdir.

2011-ci il iyulun 12-də Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla xanım Əliyeva tərəfindən başladılmış IDEA Kampaniyası mütəmadi olaraq bu cür maarifləndirici və ekoloji cəhətdən əhəmiyyətli aksiyalar həyata keçirir.

 

Azərbaycan.-2013.-  3 oktyabr.- S. 3.