Bakıda seçki
prosesində kütləvi informasiya vasitələri
nümayəndələrinin fəaliyyəti
ilə bağlı konfrans keçirildi
Oktyabrın 2-də Beynəlxalq Mətbuat Mərkəzində "Seçki prosesində kütləvi informasiya vasitələri nümayəndələrinin fəaliyyətinin əsasları, onların hüquqları, vəzifələri və məsuliyyətləri" mövzusunda konfrans keçirilmişdir.
AzərTAc xəbər verir ki, Azərbaycan Respublikasının Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun (KİVİDF) və Mərkəzi Seçki Komissiyasının (MSK) birgə təşkilatçılığı ilə keçirilən tədbirdə aparıcı qəzetlərin, informasiya agentliklərinin, televiziya kanallarının əməkdaşları, hüquqşünaslar iştirak etmişlər.
KİVİDF-nin sədri Vüqar Səfərli bildirmişdir ki, konfransın məqsədi oktyabrın
9-da keçiriləcək prezident seçkilərində müşahidəçi qismində iştirak edəcək jurnalistlərin hüquq və vəzifələri ilə bağlı müzakirələr aparmaqdır.
MSK sədrinin müavini Natiq Məmmədov demişdir ki, seçki prosesinin beynəlxalq standartlara uyğun keçirilməsi böyük məsuliyyət tələb edir. Azərbaycanın isə bu məsələdə kifayət qədər təcrübəsi vardır. Bildirilmişdir ki, seçkilərin şəffaf və ədalətli şəkildə keçirilməsində kütləvi informasiya vasitələrinin də fəaliyyəti mühüm əhəmiyyətə malikdir. Ona görə də seçki prosesinin aşkarlığını təmin etmək üçün zəruri şərait yaradılmışdır. Bununla yanaşı, prosesdə KİV təmsilçilərinin davranışı, hüquqları, vəzifələri və məsuliyyəti vacib məsələlərdəndir.
Mətbuat Şurasının sədri Əflatun Amaşov jurnalistlərin seçkilərdə iştirakının aktual məsələ olduğunu demişdir. Prezident seçkiləri ərəfəsində Mətbuat Şurası tərəfindən görülən işlərdən danışan sədr qeyd etmişdir ki, seçkilər öncəsi aksiyaların keçirilməsində polis-jurnalist münasibətlərinin tənzimlənməsi ilə əlaqədar monitorinq qrupu yaradılmışdır. Eyni zamanda Şura hazırda kütləvi informasiya vasitələrində seçkilərlə bağlı gedən yazıların monitorinqini aparır. Əsas narahatlıq doğuran məqam isə namizədlərlə bağlı qara piarın yayılmasıdır. Diqqətə çatdırılmışdır ki, Mətbuat Şurası səsvermə günü Azərbaycanın istənilən bölgəsindən jurnalistlərin müraciət edə biləcəkləri "qaynar xətt" yaradacaqdır. Eyni zamanda KİVİDF MSK ilə birgə "Seçki prosesində fəaliyyət göstərən jurnalistlər üçün bələdçi" kitabçası da hazırlamışdır. Kitabça Seçki Məcəlləsində, MSK-nın təlimatlarında, digər qanunvericilik aktlarında əks olunmuş müddəalardan seçmələr əsasında hazırlanmışdır.
MSK üzvü Azər Tağıyev qeyd etmişdir ki, seçki prosesində müşahidəçi qismində jurnalistlərin iştirakı şəffaflıq baxımından vacibdir. Müşahidəçilərin hüquqları seçki qanunvericiliyində daha geniş şəkildə əksini tapmışdır. Səsvermə prosesində jurnalistlər tərəfindən hər hansı qanun pozuntusu aşkar edilərsə, onlar həmin faktlarla bağlı səlahiyyətli orqanlara müraciət edə bilərlər. Lakin jurnalist pozuntu ilə bağlı ilk növbədə məntəqə seçki komissiyasının sədrinə müraciət etməlidir. Çünki qanun pozuntusu varsa ona dərhal münasibət bildirilməlidir.
Tədbirin sonunda
iştirakçıların sualları
cavablandırılmışdır.
Azərbaycan.-2013.- 3 oktyabr.- S. 4.