Məzahir PƏNAHOV: Müstəqil Mətbuat
Mərkəzinin yaradılması
təcrübəsi inkişaf
etmiş ölkələrdə tətbiq olunur
Qarşıdan gələn prezident seçkilərinin geniş və obyektiv işıqlandırılması məqsədi ilə oktyabrın
2-də "Hilton Baku" hotelində yaradılmış Müstəqil Mətbuat Mərkəzinin açılışı olmuşdur.
AzərTAc xəbər verir ki, əvvəlcə Mərkəzi Seçki Komissiyasının (MSK) sədri Məzahir Pənahov seçkilərə hazırlığın vəziyyəti ilə bağlı mətbuat konfransı keçirmişdir.
M.Pənahov demişdir ki, seçki prosesinin şəffaf təşkili, səsvermənin tam demokratik keçirilməsi üçün lazımi şərait yaradılmışdır. Əgər kiminsə adı hər hansı səbəbdən seçici siyahısına düşməyibsə, səsvermə günü şəxsiyyət vəsiqəsi ilə məntəqəyə gələrək Konstitusiya hüququndan istifadə edə bilər.
MSK sədri bildirmişdir ki, ümumilikdə respublika ərazisində və Azərbaycanın xarici ölkələrdəki səfirliklərində, konsulluq və nümayəndəliklərində 5491 məntəqə yaradılmışdır. Bu məntəqələrdə 5 milyon 145 minə yaxın seçici öz seçimini edəcəkdir. Səsvermə prosesinin izlənilməsi üçün məntəqələrin 20 faizində veb-kameralar quraşdırılmışdır. Dünyanın istənilən yerindən səsvermə günü MSK-nın internet saytına daxil olmaqla həmin məntəqələrdə prosesi onlayn rejimdə izləmək mümkün olacaqdır. Bu, artıq beynəlxalq miqyasda Azərbaycan təcrübəsi kimi ad qazanmışdır və müxtəlif ölkələr bunu tətbiq etməyə başlamışlar. Seçki prosesinin işıqlandırılmasında jurnalistlərin xüsusi rolunu diqqətə çatdıran M.Pənahov mətbuatın bu prosesdə fəal iştirak etdiyini vurğulamışdır.
Bildirilmişdir ki, prezident seçkilərini izləmək üçün 40 minə yaxın müşahidəçi qeydiyyatdan keçmişdir. Eyni zamanda, prosesi 50-yə yaxın beynəlxalq təşkilatdan 1300-dən artıq müşahidəçi izləyəcəkdir. Beynəlxalq müşahidəçilərin tərkibində təxminən 100-ə yaxın ölkənin nümayəndəsi vardır.
Yeni yaradılan Müstəqil Mətbuat Mərkəzi barədə məlumat verən MSK sədri demişdir ki, həm yerli və xarici KİV nümayəndələri, həm də prezidentliyə namizədlər və onların təmsilçiləri, beynəlxalq müşahidə missiyasının üzvləri buradakı imkanlardan istifadə edərək mətbuat konfransı keçirə, media üçün açıqlama verə, proses barədə məlumatları paylaşa bilərlər. Yalnız hər hansı problemin yaranmaması üçün istənilən tədbir barədə mərkəzin əlaqələndiricisi əvvəlcədən məlumatlandırılmalıdır. Bundan başqa namizədlər öz broşürlərini, məlumat materiallarını da mərkəzdə yerləşdirə bilərlər.
Diqqətə çatdırılmışdır ki, kompyuterlərlə təchiz olunmuş Müstəqil Mətbuat Mərkəzində jurnalistlər yüksəksürətli internetdən istifadə edərək seçki prosesi barədə məlumatları operativ ötürə biləcəklər.
Bildirilmişdir ki, bu cür təcrübə inkişaf etmiş ölkələrdə tətbiq olunur və bu, seçki prosesinin şəffaf işıqlandırılmasında maksimum tələblərə cavab verən səviyyədir.
Sonda jurnalistlərin
sualları cavablandırılmışdır.
Azərbaycan.-2013.- 3 oktyabr.- S. 4.