MSK-nın İnformasiya Mərkəzi fəaliyyətini

ən son texniki yeniliklər əsasında qurur

 

Ulu öndər Heydər Əliyevin 3 sentyabr 2000-ci il tarixli "Azərbaycan Respublikasında Dövlət Avtomatlaşdırılmış "Seçkilər" İnformasiya Sisteminin yaradılması haqqında" sərəncamına əsasən Azərbaycan Respublikasında seçki sisteminin təkmilləşdirilməsi, onun informasiya təminatının müasir tələblər səviyyəsində qurulması və seçki prosesində aşkarlığın, şəffaflığın təmin olunması məqsədilə Azərbaycan Respublikasında Dövlət Avtomatlaşdırılmış "Seçkilər" İnformasiya Sistemi yaradılıb. Sərəncamın 2-ci bəndində isə Mərkəzi Seçki Komissiyasına təklif edilib ki, sistemin  fəaliyyətini təşkil etmək üçün öz nəzdində İnformasiya Mərkəzi yaratsın.

2000-ci il noyabrın 2-də "Seçkilər" İnformasiya Mərkəzinin rəsmi açılışı olub. Açılış mərasimində iştirak edən ulu öndər Heydər Əliyev Mərkəzin rejimi ilə maraqlanıb, burada quraşdırılan avadanlıqlarla, kompyuter texnikası ilə tanış olub. Bundan bir neçə gün sonra keçirilən parlament seçkiləri belə bir mərkəzin fəaliyyətinin ölkəmizin seçki sisteminin təkmilləşdirilməsi istiqamətində olduqca mühüm əhəmiyyət kəsb etdiyini ortaya qoydu.

Dövlət Avtomatlaşdırılmış İnformasiya Sisteminin (DAİS) funksiyalarını Seçki Məcəlləsinə uyğun olaraq MSK müəyyənləşdirir. DAİS-in texniki baxımdan icraçılığını isə MSK katibliyinin İnformasiya Mərkəzi yerinə yetirir. Seçki dövrü olmadığı müddətlərdə də Mərkəz fəaliyyət göstərir. Məlum olduğu kimi, Seçki Məcəlləsinin tələblərinə uyğun olaraq hər il seçici siyahıları tərtib olunur. Bu siyahılar tərtib edilərkən Dövlət Avtomatlaşdırılmış İnformasiya Sistemindən istifadə edilir.

2010-cu ilin iyul ayından İnformasiya Mərkəzi MSK-nın yeni binasında fəaliyyət göstərir. Yeni ünvanda mərkəzin fəaliyyəti üçün texniki imkanları daha da artıb. Qarşıdan gələn prezident seçkiləri ilə əlaqədar MSK katibliyinin İnformasiya Mərkəzinin işi və tətbiq edəcəyi yeniliklərlə tanış olduq. Mərkəzin müdiri Rüfət Gülməmmədovun sözlərinə görə, yeniliklər çoxdur. Bunlardan biri yeni çap qurğularının alınması və onlar üçün proqram təminatının işlənib hazırlanmasıdır. Seçici siyahıları çapa verilməmişdən öncə bu proqram vasitəsilə onların keyfiyyət təhlili aparılır, mümkün səhvlər üzə çıxarılır və yenidən işlənmək üçün dairə seçki komissiyalarına göndərilir. Hansı səhvlər öz təsdiqini tapırsa bazada düzəldilir və sonda  seçici siyahıları məntəqə seçki komissiyalarına göndəriləndə səhvlər aradan qaldırılmış olur.

Digər bir yenilik Mərkəzi Seçki Komissiyasının (MSK) və İnformasiya Mərkəzinin internet saytlarının yenilənməsdir. "www.msk.gov.az" və "www.infocenter.gov.az" saytında informasiyalar məzmununa görə həm yenidən qruplaşdırılıb, həm də  çeşidi artırılıb. Hazırda hər iki saytda informasiyaları daha rahat şəkildə əldə etmək mümkündür.

Həmçinin MSK-ya onlayn edilən müraciətlərin və elektron xidmətlərin sayı da artırılıb. Məlum olduğu kimi, Azərbaycanda "Elektron Hökumət" portalı (www.e-gov.az)  fəaliyyət göstərir və bütün dövlət qurumları öz xidmətlərini burada elektronlaşdırıblar. MSK da 2013-cü ildən həmin portala qoşulubburada altı xidmət təqdim edib. Seçki günü isə əlavə dörd xidmət təqdim olunacaq. Odur ki, seçicilər seçkilərlə bağlı informasiyaları MSK və İnformasiya Mərkəzinin saytları ilə yanaşı "Elektron Hökumət" portalı vasitəsilə də əldə edə bilərlər. Hər üç sayta elektron xəritələr də əlavə olunub. Artıq seçicilər elektron xəritə vasitəsilə dairə və məntəqələrin yerini, ünvanını müəyyənləşdirə, hətta oraya necə getmək marşrutunu, məsafəni öyrənə bilərlər.

Yeniliklərdən birimobil qurğular vasitəsilə yuxarıda qeyd olunan informasiyaların əldə edilməsinin mümkünlüyüdür. Məsələn, "Smartfon" tipli cihazlardan xüsusi proqram vasitəsilə hər üç saytda olan informasiyaları əldə etmək və elektron xidmətlərdən istifadə etmək olar. Bu da imkan verir ki, seçici harada olmasından asılı olmayaraq istənilən nöqtədən MSK-nın müvafiq məlumatları ilə tanış olsunya öz məlumatlarını çatdıra bilsin.

Qarşıdan gələn seçkilərlə əlaqədar olaraq İnformasiya Mərkəzinin texniki imkanları da genişləndirilib, ən müasir texniki qurğular alınıb. Diqqəti çəkən  əsas texniki avadanlıqlardan biri mərkəzin konfrans zalında quraşdırılan yeni monitordur. Bu monitor Dövlət Avtomatlaşdırılmış İnformasiya Sisteminə qoşulmaqla səsvermənin gedişi və nəticələri haqqında məlumatların nümayiş olunması funksiyasını yerinə yetirəcək. Monitorun özəlliyi isə eyni vaxtda paralel olaraq dörd məzmunda müxtəlif informasiyanı çatdırmasıdır.

Rüfət Gülməmmədov əsas yeniliklərdən biri olan Dövlət Avtomatlaşdırılmış İnformasiya Sisteminin yeni şəbəkə variantı barədə də ətraflı məlumt verdi. Qeyd etdi ki, yeni şəbəkə variantı seçki dairələri ilə MSK-nın informasiya mübadiləsində daha geniş imkanlar yaradır. Belə ki, bununla əlaqədar olaraq bütün seçki dairələrinə optik kabellər çəkilib. Buna görə artıq MSK və DSK-lar arasında informasiya mübadiləsinin sürəti 1-10 Gb/s arasındadır. Bu şəbəkə üzərində videokonfrans sistemi qurulduğu üçün dairələrlə canlı əlaqə də qurmaq mümkündür. Bundan başqa proqram təminatının yeni versiyasına ani məlumat mübadiləsi, yəni çat proqram təminatı əlavə olunub, həmçinin fayl mübadiləsi həyata keçirmək olar. Hər bir dairədə səkkiz elektron qurğu bu şəbəkəyə qoşula bilər. Bu da imkan verir ki, bir neçə kompyuter eyni zamanda serverlə işləyə bilsin. Gələcəkdə buraya elektron kiosk İP-telefoniya da əlavə etmək olar. Bütün bunlar həm ondan xəbər verir ki, Dövlət Avtomatlaşdırılmış İnformasiya Sistemi "bir pəncərə" prinsipi ilə işləyir. Əgər indiyədək seçki dairələrində modullar ayrı-ayrılıqda istifadə olunurdusa, artıq bir interfeysdə seçki prosesinin bütün hərəkətlərini idarə etmək mümkündür.

Mərkəzin fəaliyyətindəki yeniliklərdən biri veb-kameralarla bağlıdır. Məlum olduğu kimi, ilk dəfə olaraq 2008-ci ilin prezident seçkilərində səsvermənin gedişini internetdən canlı müşahidə etmək üçün seçki məntəqələrində 500 veb-kamera quraşdırılıb. Bu seçkidə isə kameraların sayı 1000-ə çatdırılıb. Eyni zamanda kameraların modelitexniki avadanlıqlar da yenilənib. Bu da görüntülərin daha keyfiyyətli olmasına imkan verəcək. Rüfət Gülməmmədov onu da əlavə etdi ki, əvvəlki seçkilərdə seçicilər seçkinin gedişini veb-kamera ilə izləmək üçün kompyuterə xüsusi proqram yükləməli idilər. Bu da müəyyən problemlər yaradırdı. Çünki hər kəsin kompyuterdən istifadə etmək bacarığı eyni deyil. Lakin bu seçkidə heç bir xüsusi proqrama ehtiyac yoxdur. İstifadəçi sadəcə bir düyməni vurmaqla seçkinin gedişatını canlı izləyə biləcək.

Qeyd edək ki, ölkəmizdə yaradılan Dövlət Avtomatlaşdırılmış İnformasiya Sistemi və eləcə də İnformasiya Mərkəzinin fəaliyyəti həmişə nümunə olaraq göstərilib. Çünki bu, operativliyinə, informasiyanın həcminə və əhatə dairəsinə görə seçilən bir sistemdir. Son yeniliklər isə sırf mərkəzin öz əməkdaşlarının, öz proqramçılarının beynin məhsuludur.

MSK katibliyinin İnformasiya Mərkəzi oktyabrın 9-da səsvermənin gedişi ilə bağlı təlimata uyğun olaraq gün ərzində beş dəfə  - saat 10:00, 12:00, 15:00, 17:00 və 19:00-da ictimaiyyətə məlumat verəcək. Səsvermənin ilkin nəticələri ilə bağlı son məlumat isə  məntəqələr yekun nəticələri dairələrə təqdim etdikdən sonra veriləcək.

 

 

 

Rəşad CƏFƏRLİ,

Azərbaycan.-2013.-  3 oktyabr.- S. 5.