«Səs
ver» kampaniyası uğurla davam edir
MSK-nın və "İrəli"
İctimai Birliyinin birgə layihəsi artıq əməli nəticələrini verir
Ölkəmizdə keçiriləcək prezident seçkilərinə
cəmi 6 gün qalır. Seçkilərin demokratik, ədalətli
və tam şəffaf
baş tutması, namizədlərin bərabər
şəkildə təbliğat-təşviqat
kampaniyası aparması
üçün bütün
şərait yaradılıb.
İndiyədək Mərkəzi Seçki
Komissiyasına dairə
və məntəqə
seçki komissiyaları
ilə bağlı şikayət daxil olmayıb.
Bütün bunlarla bərabər həm Mərkəzi Seçki Komissiyası, həm də qeyri-hökumət təşkilatları,
ictimai birliklər vətəndaşların seçkilərdə
fəal iştirak etməsi üçün
bir çox tədbirlər həyata keçirirlər. Xüsusi ilə də
seçkilərdə gənclərin
aktivlik nümayiş etdirməsi üçün
layihələr hazırlanıb.
Seçki hüququ olan gənclərin prezident seçkilərində
fəal iştirakı
üçün ilk dəfə
olaraq həyata keçirilən "Səs
ver" kampaniyası bütün
Azərbaycanı əhatə
etdi. Bir ay müddətində gəncləri müxtəlif
yollarla seçkiyə
səsləyən və
bu gün də səsləməkdə
olan kampaniya "İrəli" İctimai
Birliyinin təşəbbüsü
ilə reallaşır.
Mərkəzi Seçki Komissiyasının
dəstək verdiyi bu kampaniya seçki
gününə qədər
davam edəcək.
Bütün bu məsələlər,
gələcək planlar
barədə məlumat
almaq üçün
layihəni həyata keçirən "İrəli"
İctimai Birliyinin sədri Rauf Mərdiyevlə söhbətləşdik.
Öncə onu qeyd edək
ki, 2008-ci ildən neft kapitalının insan kapitalına çevrilməsi istiqamətində
bir çox uzunmüddətli layihələr
həyata keçirən
İctimai Birlik gənclərə xüsusi
önəm verir. Bu səbəbdən "İrəli"
İctimai Birliyi insan kapitalının inkişafına yönəlmiş
fəaliyyəti gənc
peşakarlarla birgə
həyata keçirir.
"İrəli"də fərdi və kollektiv üzvlük sistemi mövcuddur. Hazırda 36 000 nəfərdən
artıq gəncin və 12 təşkilatın
üzvü olduğu
"İrəli"nin
2008-ci ildən bu günə qədər həyata keçirdiyi
300-dən artıq layihənin
əhatə dairəsinə
180 000 nəfərdən çox
insan daxil olub. Bu gün "İrəli"nin fəaliyyəti Azərbaycanın
bütün rayon və
şəhərlərini əhatə
edir və dünyanın 30-a yaxın
ölkəsində əməkdaşlıq
etdiyi təşkilatlar
mövcuddur. Rauf Mərdiyev deyir
ki, rəhbəri olduğu birlik hər zaman gənclər üçün
maraqlı olan mövzularla bağlı layihələr həyata keçirir. "İrəli"nin fəaliyyəti daim artan templə
inkişaf edir. Hər il
həyata keçirdiyi
layihələrin, üzvlərin
sayı artmaqdadır.
Onun fikrincə, "İrəli"
Azərbaycan gəncliyinin
həm özü, həm vətən, həm də digər gənclər üçün faydalı
olacaq işləri həyata keçirdiyi bir platformadı.
Rauf Mərdiyev
deyir ki, ölkədə həyata
keçirilən bütün
ictimai-siyasi proseslərdə
gəncləri fəal
olmağa çağıran
"İrəli" 2013-cü ilin oktyabrın 9-da Azərbaycanda keçiriləcək
prezident seçkilərində
də öz missiyasını davam etdirmək qərarına gəlib. İctimai Birlikdə
aparılan müzakirələrdən
sonra qərara alınıb ki, gənclərin seçkilərdə
fəal iştirakı,
onların maarifləndirilməsi
istiqamətində bütün
Azərbaycanı əhatə
edəcək böyük
kampaniya həyata keçirilsin: "Biz prezident
seçkilərinin statistikasını
apardıq və gördük ki, təxminən 5 milyon nəfərə yaxın seçici səsvermədə
iştirak edəcək
və onların 2 milyon nəfəri, yəni 40 faizi gənclərdir. Gənclər arasında təxminən
500 min nəfəri ilk dəfə
prezident seçkilərində
səs verəcək ki, bu da
ümumi seçicilərin
10 faizini təşkil
edir. Oktyabrın 9-da isə 150 gənc
seçicinin 18 yaşı
tamam olacaq. Ona görə də qərara gəldik ki, bu gənclərin
səsvermədə fəal
iştirakına kömək
məqsədi ilə kampaniya fəaliyyətə
başlasın. Kampaniyanın adı isə "Səs ver" adlandı. Biz bu təşəbbüslə
Mərkəzi Seçki
Komissiyasına müraciət
etdik və dəstək aldıq".
Rauf Mərdiyev bildirdi ki, Azərbaycanda ilk olaraq həyata keçirilən "Səs
ver" kampaniyasının
məqsədi qarşıdan
gələn seçkilərdə
səsvermə hüququndan
birinci dəfə istifadə edəcək gənclərin maarifləndirilməsi,
onların seçkilərdə
fəal iştiraka həvəsləndirilməsi, gənclər
arasında fəal vətəndaşlığın təbliği, bütün
ölkə üzrə
ilk dəfə səs
verəcək gənclərin
şəbəkəsinin yaradılmasını
təmin etməkdir. Azərbaycanın ictimai-siyasi həyatında
fəal mövqeyə
yüksəlmiş "İrəli"
İctimai Birliyinin həyata keçirdiyi bu möhtəşəm layihənin internet saytı
(www.sesver.az) da fəaliyyət
göstərir. Kampaniya çərçivəsində
gənclərin seçkidə
fəal iştirakını
təmin etmək üçün keçiriləcək
silsilə təlimlərin
təşkilatçılığını
reallaşdıracaq heyət
hazırlanıb. Seçki mütəxəssisləri
tərəfindən hazırlanan
20 nəfərlik qrup təlimlərə başlayıblar. Kampaniya çərçivəsində gənclərin yürüşləri
təşkil olunub və müxtəlif "flashmob"lar, seçkilərdə səs
verəcək şəxsləri
maarifləndirmək üçün
məlumat kitabçaları
hazırlanıb. Məlumat kitabçalarında
seçkilər haqqında
ümumi məlumat, Azərbaycan Respublikasında
prezident seçkiləri,
seçicinin hüquq
və öhdəlikləri,
eyni zamanda ilk dəfə səs verən gənclər üçün təlimatlar
yer alıb. Hər bir gəncin oxuyub anlayacağı formada hazırlanan kitabçada seçki prosesi ilə bağlı bütün məlumatlar var. Eyni zamanda gənclərin seçkilərlə bağlı
maarifləndirilməsi məqsədilə
təlimat vərəqələri
hazırlanıb. Vərəqələrdə seçkilər və
seçki prosesi barədə faydalı məlumatlar əks olunub. Bu məlumatlandırıcı
vasitələr sosial şəbəkələrdə də yayılıb.
Rauf Mərdiyevin
sözlərinə görə,
sentyabrın 18-də "Səs
ver" kampaniyasının
könüllüləri Bakı
şəhərinin mərkəzində
aksiya keçiriblər. Aksiyada gəncləri
seçkilərdə fəal
iştiraka səsləyən
broşurlar paylanıb.
30 nəfər "Səs ver" könüllüsünün qoşulduğu
aksiya bir saat davam edib.
Sentyabrın 19-da isə
Dənizkənarı Milli
Parkda veloyürüş
təşkil ediblər.
Gənclər tərəfindən təşkil edilmiş yürüş şəhər
sakinlərinin böyük
marağına səbəb
olub. Yürüş zamanı könüllülər
tərəfindən gəncləri
seçkilərdə fəal
iştiraka səsləyən
broşurlar paylanıb.
Kampaniya çərçivəsində bir neçə rayonda təlim keçirilib və seçki gününə
qədər bu təlimlər davam edəcək. İlk təlim 27 sentyabr
2013-cü il tarixində
İsmayıllı rayonunda
100 gəncin iştirakı
ilə, 28 sentyabrda isə Qobustanda 200 gəncin iştirakı ilə baş tutub. Təlimlər müddətində "Səs ver" kampaniyasının təlimçiləri
tərəfindən gənclərə
seçki, seçki hüququ, seçki prosesi barədə ətraflı məlumat verilib, məlumatlandırıcı
kitablar paylanılıb.
Xüsusilə ilk dəfə səs
verəcək gənclər
səsvermə proseduru
barədə ətraflı
məlumatlandırılıblar.
Digər
bir təlim isə 30 sentyabr 2013-cü
il tarixində
Azərbaycan Əmək
və Sosial Münasibətlər Akademiyasında
300 gəncin iştirakı
ilə baş tutub. 1 oktyabr
tarixində isə Bakı Dövlət Universitetində 100 nəfərə
yaxın tələbənin
iştirakı ilə
növbəti təlim
keçirilib. Dünən isə
təlimçilər Biləsuvar
rayonunda gənclərin
maarifləndirilməsi istiqamətində
təlimlər həyata
keçiriblər. Bu təlimdə 300-dən artıq
gənc iştirak edib. Səsvermə gününə qədər davam edəcək təlimlər
digər universitetlərdə
və rayonlarda da həyata keçiriləcək.
Onu da əlavə edək ki, kampaniyanın himni də yazılıb. Gəncləri seçkilərdə fəal olmağa səsləyən "Səs ver" himni "soft rock" janrındadır. Himnə klip də çəkilib.
Rauf Mərdiyev kampaniya çərçivəsində yaradılan internet saytı barədə də məlumat verdi. Saytda seçkilər, prosedur qaydası, səsvermə ilə bağlı təlimatlar, xəbərlər, adının seçici siyahısında olub-olmadığını dəqiqləşdirmə və digər faydalı məlumatlar yer alıb. Həmçinin saytda namizədlər, mövcud qanunvericiliklə bağlı məlumat və seçki ilə əlaqədar sorğular da yer alıb. Tanınmış şəxslərin gənclərə müraciəti və digər maraqlı məlumatlar sayta daxil olanlarda xoş təəssürat yaradır. Kampaniyanın rəhbəri deyir ki, 1 ay müddətində görülən işlər gənclər arasında böyük dəstək qazanıb: "Apardığımız araşdırmalara görə, gənclər bu kampaniyada aktiv iştirak edirlər. Saytımıza daxil olanların statistikasını da apardıqda bəlli olur ki, hər gün mindən artıq gənc kampaniya ilə maraqlanır. Azərbaycanda ilk dəfə olaraq seçki ilə bağlı yaradılmış bu kampaniya gənclərin maarifləndirilməsi istiqamətində vacib işlər həyata keçirdi. Mərkəzi Seçki Komissiyasının dəstəyi ilə həyata keçirdiyimiz bu layihəni uğurlu layihə hesab etmək olar".
Sonda qeyd edək ki, bu layihə Azərbaycanda bir çox yeniliklərə imza atıb. İlk dəfə gənclərin seçkilərdə fəal iştirak etməsinin, gənclərin seçki proseduru ilə bağlı maarifləndirilməsinin məhz gənclər tərəfindən həyata keçirilməsi, kampaniyanın ideya müəllifliyi və onu həyata keçirənlərin yalnız gənclərdən ibarət olması, istənilən gəncin başa düşə biləcəyi formada hazırlanmış təlimat kitabçaları və kampaniyanın "soft rock" janrında himninin hazırlanması "İrəli" İctimai Biliyinin Azərbaycanda növbəti "ilklərə" imza atdığını bir daha sübuta yetirir.
Rəşad BAXŞƏLİYEV,
Azərbaycan.-2013.- 3 oktyabr.- S. 5.