Azərbaycan Milli Elmlər
Akademiyası
Rəyasət
Heyətinin növbəti iclası keçirilmişdir
Oktyabrın 2-də Azərbaycan Milli Elmlər Akademiyası (AMEA) Rəyasət Heyətinin növbəti iclası keçirilmişdir.
AzərTAc xəbər verir ki, iclası giriş sözü ilə açan AMEA-nın prezidenti, akademik Akif Əlizadə gündəlikdəki məsələlər barədə məlumat vermişdir.
Tədbirdə AMEA Fizika İnstitutunun direktoru, fizika-riyaziyyat elmləri doktoru Nazim Məmmədov və fizika üzrə fəlsəfə doktoru Zakir Cahangirlinin həmmüəllifi olduqları "Yeni nəsil hesablama texnikası üçün spin-polyarlaşmış sistemlər: topoloji izolyatorlar" mövzusunda elmi məruzə dinlənilmişdir. Məruzədə fizikaçı alimlərimizin bu istiqamətdə apardıqları tədqiqatların mühüm nəticələrindən bəhs olunmuşdur.
Məruzəni təqdim edən Z.Cahangirli topoloji izolyatorların kəşfinin əhəmiyyətindən danışaraq bu kəşfin bərk cisimlərin kvant fizikasında yeni eranın əsasını qoyduğunu bildirmişdir. Topoloji izolyatorların kəşfinin fizika və kimya sahəsində intensiv tədqiqatların aparılmasına təkan verdiyini söyləyən alim bu sahədə dünyanın qabaqcıl elmi mərkəzlərində mühüm araşdırmaların aparıldığını bildirmişdir. Müxtəlif materialları və ya səthləri ayıran inter-səthlərin rolu, spin-polyarlaşmanın yaradılması və ölçülməsi, spin-koherentliyinin uzun müddət saxlanılması problemlərinin həllinə yönəlmiş bu tədqiqatların yeni spintronik tətbiqlər üçün fundamental əhəmiyyət kəsb etdiyi vurğulanmışdır. Alim qeyd etmişdir ki, mövcud problemlərin həlli topoloji izolyatorlar materiallarının yeni nəsil spintronikada, kompyuter texnologiyasında praktiki tətbiqinə yol açır.
Z.Cahangirli tədqiqatlar zamanı topoloji izolyatorlarla bağlı yeni fundamental nəzəri və eksperimental nəticələrin əldə edildiyini diqqətə çatdırmışdır. Tədqiqatların AMEA-nın Fizika İnstitutu və Yaponiyanın "SPring" Beynəlxalq Tədqiqat Mərkəzi ilə birgə aparıldığı qeyd olunmuşdur.
Məruzə ətrafında geniş müzakirələr aparılmış, təkliflər səslənmişdir. Bu sahədə aparılan tədqiqatların inkişaf etdirilməsi təqdirəlayiq hesab olunmuşdur. Tədqiqatların genişləndirilməsi və gənc alimlərin xarici ölkələrdə təcrübə keçməsi üçün zəruri tədbirlərin görülməsi ilə bağlı qərarlar qəbul edilmişdir.
Sonra Azərbaycan alimlərinin qurultayının təsis olunması və keçirilməsi ilə bağlı məsələ müzakirə edilmişdir.
Akademik A.Əlizadə Azərbaycan xalqının siyasi, iqtisadi, sosial-mədəni sahələr üzrə fundamental dəyərlərinin qorunması və dövlət əhəmiyyətli milli maraqların təmin olunmasında elmin müstəsna rolunu qeyd etmişdir. Bildirilmişdir ki, elmin çoxspektrli sosial funksiyaları həyata keçirə bilməsi üçün müasir dövrün tələblərinə cavab verən təşkilati tədbirlərin və innovativ idarəetmə üsullarının tətbiqi zəruridir. AMEA-nın prezidenti belə tədbirlərdən biri kimi ən böyük seçkili yığıncaq forması olan qurultayın böyük əhəmiyyətini vurğulamışdır.
A.Əlizadə müasir dövrdə dünyanın bir çox ölkələrində müxtəlif peşə qrupları, ictimai təşkilatlar və siyasi partiyaların bu yığıncaq modelindən cəmiyyətin müxtəlif sferalarına səmərəli təsir texnologiyaları kimi uğurla istifadə etdiklərini vurğulamışdır. O, biliklər cəmiyyətinin formalaşdığı bir dövrdə alimlərimizin qurultayının keçirilməsinin elmin strateji hədəflərinin reallaşdırılması baxımından məqsədəuyğunluğunu diqqətə çatdırmışdır.
Akademiyanın rəhbəri dünyanın müxtəlif ölkələrində yaşayan azərbaycanlı alimlərlə qarşılıqlı əlaqələrin gücləndirilməsi, alimlərimizin daha mütəşəkkil şəkildə təşkilatlanmasının təmin edilməsi, müxtəlif elmi və innovativ qurumların fəaliyyətinin əlaqələndirilməsi, Azərbaycan elmi qarşısında prioritetlərin müəyyənləşdirilməsi, fundamental və tətbiqi tədqiqatların prioritetlərini ölkənin mühüm sosial-iqtisadi və ictimai-mədəni məsələlərinin həllinə uyğun müəyyənləşdirmək baxımından bu qurultayın keçirilməsinin vacibliyini vurğulamışdır.
AMEA-nın Rəyasət Heyəti Azərbaycan alimlərinin qurultayının təsis edilməsi və 2013-cü ilin mart ayında birinci qurultayın keçirilməsinə dair qərar qəbul etmişdir. Qurultayın təşkilini təmin etmək məqsədi ilə işçi qrupu yaradılmışdır.
Sonra "AMEA-nın elmi-tədqiqat institutu və ona bərabər statuslu elmi müəssisə haqqında Əsasnamə", "AMEA-nın elmi tədqiqat institutu və ona bərabər statuslu elmi müəssisənin rəhbəri vəzifəsinə seçkinin keçirilməsi Qaydaları", o cümlədən akademiya üzrə vəzifələr nomenklaturası təsdiq olunmuşdur.
İclasda "AMEA-nın məruzələri" jurnalı redaksiya heyətinin yeni tərkibinin təsdiqi məsələsinə də baxılmış, müvafiq qərar qəbul edilmişdir. AMEA-nın Rəyasət Heyəti Mərkəzi Aparatı beynəlxalq əlaqələr şöbəsinin doktorantura təhsili almaq üçün Avropanın elmi mərkəzlərinə göndərilmiş gənc alimlərlə bağlı hesabatı təsdiq olunmuşdur.
Eyni zamanda, "AMEA-nın "xəbərləri" jurnalında aqrar elmin müxtəlif sahələrində aparılan tədqiqatların nəticələrinin nəşrinə ehtiyac olduğu bildirilmiş, jurnalın aqrar elmlər seriyası təsis edilmiş, redaksiya heyətinin tərkibi müəyyənləşdirilmişdir.
Tədbirdə
bir sıra kadr məsələlərinə də
baxılmışdır.
Azərbaycan.-2013.- 3 oktyabr.- S. 6.