AzərTAc ilə Səudiyyə Ərəbistanının
milli SPA agentliyi
arasında əməkdaşlıq məsələləri
müzakirə olunmuşdur
Oktyabrın 2-də Səudiyyə Ərəbistanı Krallığının Azərbaycandakı səfiri Musaid bin İbrahim bin Abdullah Əl-Səlim Azərbaycan Dövlət Teleqraf Agentliyində (AzərTAc) olmuşdur.
Baş
direktor Aslan Aslanovla keçirilən görüşdə AzərTAc
və Səudiyyə Ərəbistanının milli Saudi Arabia
Press (SPA) informasiya agentliyi arasında əməkdaşlıq
məsələləri müzakirə edilmişdir.
Hər iki agentlik arasında informasiya mübadiləsi haqqında sazişin imzalanması istiqamətində işlərin artıq yekun mərhələdə olduğunu deyən Aslan Aslanov Azərbaycan-Səudiyyə Ərəbistanı əlaqələrinin inkişafında milli informasiya agentliklərinin rolunu xüsusi vurğulamışdır. Baş direktor səfirə AzərTAc-ın keçdiyi inkişaf yolu, müstəqillik illərində qazandığı uğurlar, dövlət siyasətinin informasiya təminatında agentliyin mövqeyi barədə də ətraflı məlumat vermişdir.
Son vaxtlar AzərTAc-ın qazandığı beynəlxalq uğurlar haqqında danışan Aslan Aslanov bu yaxınlarda Moskvada keçirilən Asiya və Sakit Okean Ölkələri Xəbər Agentlikləri Təşkilatının (OANA) XV Baş Assambleyasında onun Büro üzvü və vitse-prezident seçilməsinə, bu beynəlxalq qurumun növbəti Baş Assambleyasının 2016-cı ildə Azərbaycanda keçirilməsi üçün səsvermədə AzərTAc-ın namizədliyinin ərəb ölkələrinin informasiya agentliklərinin rəhbərləri, xüsusilə də SPA-nın baş direktoru Abdullah bin Fəhd Əl Hüseyn tərəfindən dəstəklənməsini yüksək qiymətləndirmişdir.
AzərTAc-ın baş direktoru noyabrın 17-21-də Səudiyyə Ərəbistanının paytaxtı Ər-Riyad şəhərində keçiriləcək Dünya İnformasiya Agentlikləri Konqresi çərçivəsində SPA-nın baş direktoru Abdullah bin Fəhd Əl Hüseyn ilə nəzərdə tutulan görüşündə əməkdaşlıqla bağlı məsələnin diqqət mərkəzində olacağını söyləmişdir.
Səfir
Musaid bin İbrahim bin Abdullah Əl-Səlim Azərbaycan ilə
Səudiyyə Ərəbistanı arasında əlaqələrin
bütün istiqamətlərdə, o cümlədən
informasiya sahəsində inkişaf etdirilməsinin vacibliyini
qeyd etmişdir. Diplomat milli xəbər agentlikləri arasında imzalanacaq sazişin ölkələrimizin
informasiya sahəsində əlaqələrinin
daha da möhkəmlənməsinə
töhfə verəcəyinə əminliyini bildirmişdir.
Azərbaycan.-2013.- 3 oktyabr.- S. 6.