Xocavənd rayonunun
işğalının 21-ci
ildönümü ilə əlaqədar
anma mərasimi keçirildi
Azərbaycanın füsunkar guşələrindən olan Xocavəndin erməni təcavüzkarları tərəfindən işğalının 21-ci ildönümü ilə əlaqədar rayonun Nərgiztəpə ərazisindəki abidə kompleksi qarşısında anma mərasimi keçirilmişdir.
AzərTAc xəbər verir ki, "Azərbaycan Respublikası Dağlıq Qarabağ Bölgəsinin Azərbaycanlı İcması" İctimai Birliyi idarə heyətinin üzvləri, rayon ictimaiyyətinin nümayəndələri, şəhidlərin ailə üzvləri, keçmiş döyüşçülər abidə kompleksi önünə gül-çiçək dəstələri düzmüş, şəhidlərin ruhuna ehtiramlarını bildirmişlər.
Azərbaycanın dövlət himni səsləndirilmiş, şəhidlərin xatirəsi bir dəqiqəlik sükutla yad edilmişdir.
Mərasimdə çıxış edən Xocavənd Rayon İcra Hakimiyyətinin başçısı Eyvaz Hüseynov ötən əsrin 90-cı illərinin əvvəllərində baş verən hadisələrdən, Ermənistanın Azərbaycana qarşı apardığı işğalçılıq siyasətindən danışmışdır. Bildirmişdir ki, ərazisi 1458 kvadratkilometr olan Xocavənd rayonunda bir şəhər, 2 qəsəbə, 81 kənd olmuşdur. 1991-ci il oktyabrın 30-da rayonun azərbaycanlılar yaşayan qədim Tuğ və Salakətin kəndləri, noyabrın 15-də Xətai kəndi, noyabrın 19-da Xocavənd kəndi, 1992-ci il yanvarın 9-da Axullu kəndi işğal edilmişdir. 1992-ci il fevralın 17-də ermənilər rayonun Qaradağlı kəndində misli görünməmiş vəhşiliklər törətmiş, kənd əhalisinin böyük bir qismini xüsusi amansızlıqla qətlə yetirərək soyqırımı həyata keçirmişlər. 1992-ci il oktyabrın 2-də rayonun Əmirallar, Muğanlı və Kuropatkin kəndləri, 1993-cü ilin iyulun 23-də Günəşli kəndi Ermənistan silahlı qüvvələri tərəfindən işğal edilərək yandırılmışdır.
Öz ata-baba torpaqları uğrunda düşmənə qarşı mərdliklə vuruşan xocavəndlilərdən 145 nəfər şəhid olmuşdur. İşğal nəticəsində rayonun azərbaycanlılar yaşayan 10 kəndində 1723 yaşayış evi, həmçinin 47 sənaye, 144 kənd təsərrüfatı obyekti, 32 səhiyyə, 17 təhsil müəssisəsi, 4 məktəbəqədər tərbiyə ocağı, 59 mədəniyyət obyekti, 32 körpü, 42 su anbarı və 316 kilometr su kəməri talan edilmiş, dağıdılmışdır.
Məcburi köçkünlərin daim dövlətin diqqət və qayğısı ilə əhatə olunduğunu deyən E.Hüseynov bildirmişdir ki, xocavəndli məcburi köçkünlər üçün Beyləqan rayonu ərazisində hər cür şəraitə malik qəsəbə inşa edilmişdir.
Anma mərasimində "Azərbaycan Respublikası Dağlıq Qarabağ Bölgəsinin Azərbaycanlı İcması" İctimai Birliyi idarə heyətinin sədri Bayram Səfərov, Xocalı Rayon İcra Hakimiyyətinin başçısı Şahmar Usubov, Milli Məclisin deputatı Elman Məmmədov və başqaları çıxış edərək 1990-cı illərin əvvəllərində baş verən hadisələrdən, Ermənistanın Azərbaycana qarşı apardığı işğalçılıq siyasətindən danışmışlar. Çıxışlarda işğal altında olan torpaqlarımızın, o cümlədən Xocavənd rayonunun azad olunacağına inam hissi əminliklə vurğulanmışdır.
Tədbirdə
rayon məktəblilərinin vətənpərvərlik
mövzusunda hazırladıqları bədii proqram
nümayiş etdirilmişdir.
Azərbaycan.-2013.- 3 oktyabr.- S. 7.