Bakıda «Dövlət-din münasibətləri və maarifləndirmə işi»

 mövzusunda respublika konfransı keçirilmişdir

 

Oktyabrın 2-də Bakı Biznes Mərkəzində Azərbaycan Respublikası Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin təşkilatçılığı ilə "Dövlət-din münasibətləri və maarifləndirmə işi" mövzusunda respublika konfransı keçirilmişdir.

AzərTAc xəbər verir ki, əvvəlcə konfrans iştirakçıları Fəxri xiyabanda ümummilli lider Heydər Əliyevin və görkəmli oftalmoloq alim, akademik Zərifə Əliyevanın məzarlarını və Şəhidlər xiyabanını ziyarət etmişlər.

Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Elşad İskəndərov çıxış edərək konfransın Azərbaycanın səkkiz bölgəsində keçirilən silsilə tədbirlərin yekunu olduğunu diqqətə çatdırmışdır. O, respublika konfransının əsas məqsədinin dövlət-din münasibətlərinin daha yüksək səviyyədə tənzimlənməsi, dini maarifləndirmə işinin təşkili və aparılması, həmçinin dini icmaların cəmiyyətdə radikalizm meyillərinin qarşısının alınması və sosial problemlərin həlli prosesinə cəlb edilməsi olduğunu bildirmişdir.

Azərbaycanda dini dözümlülüyün yüksək səviyyədə olduğunu deyən komitə sədri ölkəmizdə ibadət evlərinin təmiri, bərpası və əsaslı şəkildə yenidən qurulması istiqamətində görülən işlərdən bəhs etmişdir.

E.İskəndərov ötən həftə Nyu Yorkda, BMT-nin mənzil -qərargahında Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin və BMT-nin Sivilizasiyalar Alyansının birgə təşkilatçılığı ilə açılan və Milli Tolerantlıq Mərkəzinin layihəsi olan "Azərbaycan - tolerantlıq məkanı" adlı fotosərginin əhəmiyyətindən danışmışdır. Azərbaycanda müxtəlif dinlərə mənsub icmalar arasında münasibətlərin yüksək səviyyədə olduğunu diqqətə çatdıran komitə sədri demişdir ki, son bir ildə daha çox sosial layihələrə cəlb edilməklə onların cəmiyyətdə fəallığı artmışdır.

Sonra İslam Konfransı Gənclər Forumu Avrasiya Regional Mərkəzinin və Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin təşəbbüsü və dəstəyi ilə "Dini icmaların sosial layihələrinə dəstək proqramı"nın qalibləri elan olunmuş və onlara sertifikatlar təqdim edilmişdir.

Daha sonra çıxış edən ayrı-ayrı dini icmaların nümayəndələri son bir ildə dini maarifləndirmə sahəsində geniş işlərin aparılmasının, dini icmalarla sıx əlaqələrin qurulmasının, ilk dəfə onların sosial layihələrə cəlb olunmasının, dindarlar arasında vətənpərvərlik hissinin, tolerantlıq ənənələrinin təbliği sahəsində kompleks tədbirlərin həyata keçirilməsinin əhəmiyyətindən danışmışlar.

Konfrans "Milli mənəvi dəyərlərə baxış: tarixilikmüasirlik", "Dini radikalizmonunla mübarizə üsulları", "İslamda orta yol" mövzusunda panel iclaslarla davam etmişdir.

İclaslarda "Milli mənəvi dəyərlərimizə dövlət qayğısı", "Azərbaycanda ənənəvi İslam və xarici təsirlər", "İslamın radikalizmə və ifratçılığa qarşı münasibəti", "Dini radikalizm və ifratçılıqla mübarizənin metodologiyası", "Vəhdət naminə məzhəblərarası dialoq", "Vətənpərvərlik milli mənəvi dəyər kimi" mövzularda məruzələr dinlənilmişdir.

 

Azərbaycan.-2013.-  3 oktyabr.- S. 7.