Azərbaycan idmanının İslamiada zəfəri

 

İndoneziyanın Palembanq şəhərində III İslam Həmrəyliyi Oyunları başa çatmışdır. Sentyabrın 23-dən oktyabrın 2-dək davam etmiş oyunlara 43 ölkənin idmançıları, o cümlədən Azərbaycan təmisilçiləri qatılmışdılar.

Müsəlman ölkələrinin idmançılarını bir araya gətirən, islam həmrəyliyini möhkəmlətmək məqsədi güdən bu idman tədbiri sayca üçüncü olsa da, faktiki olaraq ikinci idi. Xatırladaq ki, dörd ildən bir keçirilən İslamiada ilk dəfə 2005-ci ildə Səudiyyə Ərəbistanında təşkil olunmuşdur. 2009-cu ildə II İslam Həmrəyliyi Oyunlarını İran qəbul etməli idi. Amma İranla ərəb ölkələri arasında yaranmış mübahisə (təşkilatçı ölkə oyunlarının loqotipinə "Fars körfəzi" ifadəsini çıxarmışdı, ərəblər isə "Ərəb körfəzi" adında israr edirdilər - red.) ucbatından ikinci İslamiada baş tutmadı və ləğv olundu.

Nəhayət, İndoneziya sayca üçüncü İslamiadaya ev sahibliyi etdi  Cənubi Sumatra əyalətinin Palembanq şəhəri müsəlman dünyasının ən mötəbər idman tədbirinin şahidi oldu. Oyunların təşkili üçün ayrılmış vaxt az - bir neçə ay olsa da, III İslamiadanın təşkilat komitəsi işinin öhdəsindən layiqincə gəldi və idmançıların öz məharətlərini nümayiş etdirə bilməsi üçün lazımi şərait yaratdı.

Sevindirici haldır ki, İslam Həmrəyliyi Oyunlarında iştirak edən Azərbaycan idmançıları onlara bəslənən ümidləri tamamilə doğrultdular. Təmsilçilərimiz 24 medalla (7 qızıl, 8 gümüş, 9 bürünc) iştirakçı ölkələr arasında 7-ci yeri tutdular. (Onu da qeyd etmək lazımdır ki, oyunlara qatılmış ölkələrlərdən yalnız 29-u medal əldə edə bildi.) Şübhəsiz, təqdirəlayiq nəticədir. Məlumat üçün xatırladaq ki, səkkiz il əvvəl keçirilmiş ilk İslamiadada Azərbaycan idmançıları 15 medal (4 qızıl,

4 gümüş, 7 bürünc) qazanaraq ölkə sıralamasında 8-ci yeri tutmuşdular.

Bu möhtəşəm idman zəfərinin qazanılmasına karateçilərimizin verdiyi töhfəni ayrıca qeyd etmək lazımdır. İndoneziyaya baş məşqçisi, milli federasiyanın vitse-prezidenti Rəhman Hətəmovun rəhbərliyi ilə yollanmış karate üzrə milli komandanın üzvləri Vətənə 3 qızıl və 2 gümüş medalla qayıtdılar. Karateçilərimizin rəqibləri adlı-sanlı idmançılar idilər. Amma İslamiadanın qızıl medallarını qazanan Ayxan Mamayev (84 kq) və Rəfael Ağayev (75 kq), gümüş mükafatçılar Niyazi Əliyev (67 kq) və Şahin Atamov (+84 kq) idmanın bu növündə kimin əsl söz sahibi olduğunu sübut etdilər. Diqqətəlayiq haldır ki,  Azərbaycan karateçiləri İslamiadanın proqramına daxil edilmiş karate üzrə 5 çəki dərəcəsindən 4-nün finalına çıxdılar. Böyük uğurdur!

Karateçilərimiz başqa bir uğura isə komanda döyüşündə imza atdılar. Finala çıxan komandamızın rəqibi İran millisi idi. Qonşu ölkənin karateçilərini təqdim etməyə ehtiyac yoxdur - komanda atletik, çəki baxımından güclü idmançılardan təşkil olunmuşdur. Lakin Azərbaycan karateçilərinin əzmkar mübarizəsi bəhrəsini verdi və komandamız güclü rəqibini məğlub edib İslamiadanın qızıl medalının sahibi oldu. Onu da qeyd etmək yerinə düşər ki, karateçilərimiz fərdi yarışlarda uğur qazansalar da, ilk dəfə olaraq mötəbər turnirlərin komanda yarışında fəxri kürsünün ən yüksək pilləsinə qalxdılar. Bu isə həm də onu göstərir ki, karate üzrə milli komandamız böyük perspektivlər vəd edir. Komandanın üzvləri kifayət qədər gəncdirlər. Ona görə də onlar hələ uzun illər idmanımızın inkişafına xidmət edəcək, qarşıdan gələn yarışlarda yeni-yeni uğurlar əldə edəcəklər.

III İslamiadanın yüngül atletika yarışlarında Hayle İbrahimovun qələbəsi əvvəlcədən heç kimdə şübhə doğurmurdu: onun 5000 metr məsafəyə yürüşdə qızıl medal qazanması tamamilə təbii idi. Yüngül atletlərimizdən Yekaterina Sarıyevanın qızılını, Dmitri MarşinLayeş Abdullayevanın bürünc medallarını da qeyd etmək lazımdır.

Ağır atletlərimizə gəlincə, onların qazandıqları medalların sayı diqqəti cəlb edir. Bu medallar arasında qızıl olmasa da, bir turnirdə beş ağırlıqqaldıranın - Əfqan Bayramov (77 kq), İntiqam Zairov (94 kq) və Silviya Angelovanın (49 kq) gümüş, Zülfüqar Süleymanov (62 kq) və Namiq Cəlilovun (85 kq) bürünc medal qazanması alqışa layiqdir.

Taekvondoçularımız da medalların sayı baxımından fərqləndilər. Ən yüksək nəticəni gümüş medalçı Günay Ağakişiyeva göstərdi. Üstəlik, Türkan Tahirli, Patimat Abakarova və Mikayıl Əliyev bürünc mükafatçılar sırasına düşdülər.

İdmançılarımız oyunların proqramında yer almış digər idman növlərində də medallar qazanmağı bacardılar. Üzgüçülər Boris Kirillovun qızıl, Yevgeni Lazukanın gümüşbürünc, kamandan oxatanlar Roman Vengerov, Aleksey KorpinZaur Qəhrəmanov komanda yarışında gümüş medal əldə etdilər. Oyunlarda ölkəmizə son medalları isə uşuçular qazandırdılar: Ruslan Pirəliyev (65 kq) qızıl, Elçin Eminov (56 kq) bürünc medalın sahibi oldular.

Beləliklə, idmançılarımızın böyük zəfərə imza atdıqları III İslam Həmrəyliyi Oyunları tarixə qovuşdu. Növbəti İslamiada dörd ildən sonra Bakıda keçiriləcək.

 

 

Allahverdi MEHDİYEV,

Azərbaycan.-2013.-  3 oktyabr.- S. 8.