2013-cü il
oktyabrın 9-na təyin edilmiş Azərbaycan
Respublikası Prezidentinin seçkilərində
qeydə alınmış namizəd Cəmil Poladxan
oğlu Həsənlinin səlahiyyətli
nümayəndəsi Əliyev Rüfət İdris
oğlunun 02 oktyabr
2013-cü il tarixli 13
saylı müraciətinə baxılması barədə Azərbaycan
Respublikası Mərkəzi Seçki
Komissiyasının Qərarı
Qərar ¹ 34/205
2013-cü il oktyabrın 9-na təyin edilmiş Azərbaycan Respublikası Prezidentinin seçkilərində qeydə alınmış namizəd Cəmil Poladxan oğlu Həsənlinin səlahiyyətli nümayəndəsi Əliyev Rüfət İdris oğlu Mərkəzi Seçki Komissiyasına müraciət edərək 30 saylı Suraxanı birinci seçki dairəsi dairə seçki komissiyasının həlledici səs hüquqlu üzvü Oqtay Misir oğlu Əliyevin döyüş kontuziyası alması səbəbindən onun dairə seçki komissiyasının həlledici səs hüquqlu üzvü olmasının qanunvericiliyə zidd olmasını bildirmiş və bu səbəbdən onun səlahiyyətlərinə vaxtından əvvəl xitam verilməsini xahiş etmişdir.
Müraciət Azərbaycan Respublikası Seçki Məcəlləsinin 112-1-ci maddəsinin və "Azərbaycan Respublikasının Mərkəzi Seçki Komissiyasına və dairə seçki komissiyalarına seçki hüquqlarının pozulması ilə əlaqədar şikayət və müraciətlərin verilməsi və onlara baxılması qaydaları haqqında" Mərkəzi Seçki Komissiyasının 12 avqust 2008-ci il tarixli Təlimatının tələblərinə uyğun olduğundan icraata qəbul edilmiş və Mərkəzi Seçki Komissiyası nəzdində yaradılmış ekspert qrupunun üzvü tərəfindən araşdırılaraq müvafiq rəy verilmiş və Mərkəzi Seçki Komissiyasının iclasında baxılmışdır.
Araşdırma zamanı dairə seçki komissiyasının üzvü Oqtay Əliyevin xəstəliyi ilə bağlı təsdiqedici fakt aşkarlanmamışdır. Bununla belə, Azərbaycan Respublikası Seçki Məcəlləsinin 22.4.5-ci maddəsində qeyd olunan hal istisna olmaqla, Azərbaycan Respublikası Seçki Məcəlləsində seçki komissiyası üzvünün səlahiyyətlərinə şəxsin xəstəliyinə görə vaxtından əvvəl xitam verilməsi əsasları müəyyən edilməmişdir.
Ona görə də ərizəçinin müraciəti təmin edilməməlidir.
Azərbaycan Respublikası Mərkəzi Seçki Komissiyası yuxarıda göstərilənləri rəhbər tutaraq, Azərbaycan Respublikası Seçki Məcəlləsinin 19.4-cü, 22.1, 22.2, 22.3, 28.2-ci, 112-ci, 112-1-ci maddələrinə və "Azərbaycan Respublikasının Mərkəzi Seçki Komissiyasına və dairə seçki komissiyalarına seçki hüquqlarının pozulması ilə əlaqədar şikayət və müraciətlərin verilməsi və onlara baxılması qaydaları haqqında Təlimat"ın 1, 2, 4, 6, 7 və 8-ci bəndlərinə əsasən qərara alır:
1. 2013-cü il oktyabrın 9-na təyin edilmiş Azərbaycan Respublikası Prezidentinin seçkilərində qeydə alınmış namizəd Cəmil Poladxan oğlu Həsənlinin səlahiyyətli nümayəndəsi Əliyev Rüfət İdris oğlunun 02 oktyabr 2013-cü il tarixli 13 saylı müraciəti təmin edilməsin.
2. Qərar dərc edildiyi gündən qüvvəyə minir.
Sədr Məzahir Pənahov
Katib
Arifə Muxtarova
Katib
Mikayıl Rəhimov
03.10.13
Azərbaycan.-2013.- 4 oktyabr.- S.8.