2013-cü il oktyabrın 9-na təyin edilmiş Azərbaycan Respublikası Prezidentinin seçkilərində qeydə alınmış namizəd Cəmil Poladxan oğlu Həsənlinin 02 oktyabr 2013-cü il tarixli 14 saylı müraciətinə baxılması barədə Azərbaycan Respublikası Mərkəzi Seçki Komissiyasının Qərarı

 

Qərar ¹ 34/203

 

 2013-cü il oktyabrın 9-na təyin edilmiş Azərbaycan Respublikası Prezidentinin seçkilərində qeydə alınmış namizəd Cəmil Poladxan oğlu Həsənli 2013-cü il oktyabrın 2-də Azərbaycan Respublikasının Mərkəzi Seçki Komissiyasına yazılı müraciət edərək, Mərkəzi Seçki Komissiyasının prezidentliyə namizədin qeydə alınması ilə bağlı 25 avqust 2013-cü il tarixli 19/113 saylı qərarını mahiyyəti üzrə mübahisələndirmişdir.

Müraciət Azərbaycan Respublikası Seçki Məcəlləsinin 112-1-ci maddəsinin və "Azərbaycan Respublikasının Mərkəzi Seçki Komissiyasına və dairə seçki komissiyalarına seçki hüquqlarının pozulması ilə əlaqədar şikayət və müraciətlərin verilməsi və onlara baxılması qaydaları haqqında" Mərkəzi Seçki Komissiyasının 12 avqust 2008-ci il tarixli Təlimatının tələblərinə uyğun olduğundan icraata qəbul edilmiş, Mərkəzi Seçki Komissiyası nəzdində yaradılmış ekspert qrupunun üzvü tərəfindən nəzərdən keçirilərək müvafiq rəy verilmiş və Mərkəzi Seçki Komissiyasının iclasında baxılmışdır.

Nəzərdən keçirilərkən müraciətin qanunvericiliklə müəyyən olunmuş qaydalar, müddətlər və bir sıra digər tələblərə tam əməl olunmadan verildiyi müəyyən olunmuşdur.

Mərkəzi Seçki Komissiyası hesab edir ki, ekspert qrupu üzvünün müraciətin geri qaytarılması barədə rəyinin qanunvericiliyin tələblərinə uyğun tərtib edilməsi qeyd edilməli, şikayət onu təqdim edən şəxsə geri göndərilməlidir.

Belə ki, Mərkəzi Seçki Komissiyasının 25 avqust 2013-cü il tarixli 19/113 saylı qərarı 26 avqust 2013-cü ildə dərc olunaraq ictimailəşdirilmiş və bununla da qanunvericilikdə nəzərdə tutulan qaydada və müddətdə şikayətvermə imkanları yaradılmışdır. Lakin ərizəçi həmin imkanlardan istifadə etməmiş, bununla da seçki qanunvericiliyində nəzərdə tutulmuş şikayətvermə müddəti heç bir üzrlü səbəb olmadan ötürülmüşdür.

Bundan başqa, ərizəçi seçki qanunvericiliyinin aidiyyət qaydalarının tələblərini də nəzərə almadan Mərkəzi Seçki Komissiyasının qərarından Apellyasiya Məhkəməsinə müraciət etməli olduğu halda, qərar çıxarmış orqanın özünə müraciət etmişdir.

Ərizəçi tərəfindən namizədliyin ləğv edilməsi ilə əlaqədar məhkəməyə müraciət etmək öhdəliyinin Mərkəzi Seçki Komissiyasının üzərinə qoyulmasına gəldikdə isə qeyd etmək lazımdır ki, bu halda qanunvericiliklə Mərkəzi Seçki Komissiyasının üzərinə belə vəzifə qoyulmamışdır.

Azərbaycan Respublikası Seçki Məcəlləsinin 112.10-cu maddəsinə və "Azərbaycan Respublikası Mərkəzi Seçki Komissiyasına və dairə seçki komissiyalarına seçki hüquqlarının pozulması ilə əlaqədar şikayət və müraciətlərin verilməsi və onlara baxılması qaydaları haqqından Təlimat"ın 7.8-ci bəndinə əsasən seçki komissiyasına seçkilərin gedişi zamanı daxil olan hər bir şikayət üzrə qərar 3 gün müddətində, səsvermə gününə 30 gündən az müddət qalırsa, 2 gün müddətində (lakin səsvermə günündən gec olmayaraq), səsvermə günü və yaxud növbəti gün isə dərhal qəbul edilir və şikayətçiyə çatdırılır.

Yuxarıda göstərilən Təlimatın 7.1-ci bəndinə əsasən seçki komissiyaları tərəfindən şikayət qeydə alındıqdan və baxılması üçün ekspertə təqdim edildikdən sonra ekspert həmin şikayəti ilkin olaraq nəzərdən keçirir. Bu zaman ekspert şikayətin Seçki Məcəlləsi və bu Təlimatla müəyyən edilmiş qaydaların pozulması ilə daxil olduğunu aşkar etdikdə, bu barədə qrup koordinatorunu məlumatlandırmaqla, şikayətin onu təqdim edən şəxsə geri göndərilməsinə dair rəy verməlidir.

Seçki Məcəlləsinin 112.3-cü maddəsinə əsasən şikayət ilkin olaraq yuxarı seçki komissiyası tərəfindən təmin edilməzsə, dairə seçki komissiyasının qərarından və ya hərəkətindən (hərəkətsizliyindən) Mərkəzi Seçki Komissiyasına, Mərkəzi Seçki Komissiyasının qərarından və ya hərəkətindən (hərəkətsizliyindən) isə həmin Məcəllənin 112.1-ci maddəsində göstərilən şəxslər Apellyasiya Məhkəməsinə şikayət edə bilərlər.

Yuxarıda göstərilənləri əsas götürərək, Azərbaycan Respublikasının Mərkəzi Seçki Komissiyası Azərbaycan Respublikası Seçki Məcəlləsinin 19.4-cü, 28.2-ci, 112-ci, 112-1-ci maddələrinə və "Azərbaycan Respublikasının Mərkəzi Seçki Komissiyasına və dairə seçki komissiyalarına seçki hüquqlarının pozulması ilə əlaqədar şikayət və müraciətlərin verilməsi və onlara baxılması qaydaları haqqında Təlimat"ın 1-ci, 2-ci, 4.1.2-ci, 6-cı, 7-ci və 8-ci bəndlərinə əsasən qərara alır:

1. 2013-cü il oktyabrın 9-na təyin edilmiş Azərbaycan Respublikası Prezidentinin seçkilərində qeydə alınmış namizəd Cəmil Poladxan oğlu Həsənlinin 02 oktyabr 2013-cü il tarixli 14 saylı müraciəti qanunvericiliklə müəyyən olunmuş şikayətvermə müddəti ötürülməklə və aidiyyət qaydalarının pozulması ilə daxil olduğundan ərizəçiyə geri göndərilsin.

2. Qərar dərc edildiyi gündən qüvvəyə minir.

 

 

Sədr       Məzahir Pənahov

Katib       Arifə Muxtarova

Katib       Mikayıl Rəhimov

03.10.13

Azərbaycan.-2013.- 4 oktyabr.- S.8.