Sumqayıt şəhərinin sosial-iqtisadi inkişafının

 sürətləndirilməsinə dair əlavə tədbirlər haqqında

 

Azərbaycan Respublikası Prezidentinin Sərəncamı

 

 

Azərbaycan Respublikası regionlarının sosial-iqtisadi inkişafı dövlət proqramlarının icrası nəticəsində Sumqayıt şəhərində əsaslı infrastruktur layihələri həyata keçirilmiş, 525 MVt gücünə malik elektrik stansiyası tikilmiş, Sumqayıt Texnologiyalar Parkında 14 zavod, Kimya Sənaye Parkına daxil olan "Azərtexnolayn" MMC-nin Boru İstehsalı Zavodu, Kağız və Karton Emalı və Yağ İstehsalı fabrikləri, Tekstil Parkı, Alternativ və Bərpa Olunan Enerji Mənbələri üzrə Dövlət Agentliyinin Azgüntex zavodunda Günəş modulları və LED lampaları istehsal xətləri, "Sağlam-Qida" Aqrar-Sənaye, "Bismak" Qida-Sənaye kompleksləri yaradılmış, ParalimpiyaOlimpiya idman kompleksləri, Əlillərin Bərpa Mərkəzi, əlil və şəhid ailələri üçün ümumilikdə 240 mənzilli 5 yaşayış binası, "Real-Med" Tibb Mərkəzi inşa edilmiş, 300 çarpayılıq Şəhər Mərkəzi Xəstəxanası, Tarix Muzeyi əsaslı təmir olunmuş, "ASAN Xidmət" Mərkəzi fəaliyyətə başlamış, təhsil və digər sosialyönümlü obyektlər istifadəyə verilmiş, geniş abadlıq-quruculuq işləri görülmüşdür.

"Azərbaycan Respublikası regionlarının 2009-2013-cü illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı"nda şəhər üzrə müəyyən olunmuş tədbirlərin həyata keçirilməsinin sürətləndirilməsi, abadlıq-quruculuq işlərinin davam etdirilməsi məqsədi ilə Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq qərara alıram:

1. Sumqayıt şəhərinin sosial-iqtisadi inkişafının sürətləndirilməsi məqsədi ilə Sumqayıt Şəhər İcra Hakimiyyətinə Azərbaycan Respublikasının 2013-cü il dövlət büdcəsində nəzərdə tutulmuş Azərbaycan Respublikası Prezidentinin ehtiyat fondundan 3,0 (üç) milyon manat ayrılsın.

2. Azərbaycan Respublikasının Maliyyə Nazirliyi bu sərəncamın 1-ci hissəsində nəzərdə tutulan məbləğdə maliyyələşməni müəyyən olunmuş qaydada təmin etsin.

 

 

İlham ƏLİYEV,

Azərbaycan Respublikasının Prezidenti

Bakı şəhəri, 3 oktyabr 2013-cü il

Azərbaycan.-2013.- 4 oktyabr.- S.1.