Korrupsiyaya Qarşı Mübarizə
İdarəsində vətəndaş cəmiyyəti
institutlarının, beynəlxalq təşkilatların və
KİV-lərin nümayəndələri ilə görüş keçirilmişdir
Oktyabrın 3-də Azərbaycan Respublikasının Baş prokuroru yanında Korrupsiyaya Qarşı Mübarizə İdarəsinin yeni inzibati binasında vətəndaş cəmiyyəti institutları, beynəlxalq təşkilatlar, kütləvi informasiya vasitələri nümayəndələrinin iştirakı ilə görüş keçirilmişdir.
Baş Prokurorluğun mətbuat xidmətindən AzərTAc-a bildirmişlər ki, tədbir cari ilin 9 ayı ərzində idarə tərəfindən korrupsiyaya qarşı mübarizə sahəsində görülmüş işlər barədə geniş ictimaiyyətin məlumatlandırılması və bu qurumun yeni inzibati binası ilə tanışlıq məqsədi ilə təşkil edilmişdir.
Tədbiri açan Baş prokuror yanında Korrupsiyaya Qarşı Mübarizə İdarəsinin rəisi Kamran Əliyev bildirmişdir ki, Azərbaycanın sürətli sosial-iqtisadi inkişafı məhkəmə-hüquq islahatlarının dərinləşməsinə, hüquq-mühafizə, o cümlədən prokurorluq orqanlarının infrastrukturunun yaxşılaşdırılmasına, müasir binaların inşasına təkan vermişdir.
Qeyd olunmuşdur ki, Baş prokuror yanında Korrupsiyaya Qarşı Mübarizə İdarəsinin yeni inzibati binası dövlət başçısının 2008-ci il 27 sentyabr tarixli sərəncamı ilə təsdiq edilmiş "Azərbaycan Respublikası Prokurorluğunun fəaliyyətinin müasirləşdirilməsinə dair Dövlət Proqramı"nın icrası qaydasında milli memarlıq üslubunda və müasir standartlar səviyyəsində inşa edilmişdir. Binada korrupsiya əleyhinə ciddi mübarizə aparılması və bu sahədə uğurlu nəticələr əldə edilməsi üçün hər cür şərait yaradılmışdır.
Diqqətə çatdırılmışdır ki, mütəşəkkil cinayətkarlığın təhlükəli təzahürlərindən olan korrupsiya sosial problem olduğuna görə onunla mübarizə hamılıqla aparılmalıdır. Bu mübarizə təkcə dövlət orqanlarının deyil, cəmiyyətin hər bir üzvünün vəzifəsinə çevrilməlidir. Bu baxımdan son illər dövlət həyatının bütün sahələrində əhəmiyyətli təsir vasitəsi olan vətəndaş cəmiyyəti institutları korrupsiyaya qarşı mübarizənin əhəmiyyətli elementlərinə çevrilmişlər və bu mübarizənin önündə gedirlər. İdarə tərəfindən korrupsiyaya qarşı mübarizədə vətəndaş cəmiyyəti institutları, qeyri-hökumət təşkilatları ilə sıx münasibətlərin qurulmasına xüsusi önəm verilir. 2011-ci il aprelin 15-də Azərbaycan Respublikasının Korrupsiyaya Qarşı Mübarizə üzrə Komissiyası, Baş Prokurorluğun və korrupsiya ilə mübarizə aparan QHT-lərin məlumat və əməkdaşlıq şəbəkəsinin təşəbbüsü ilə korrupsiyaya qarşı mübarizə ilə bağlı forum, idarə və qeyd olunan şəbəkə arasında imzalanmış anlaşma memorandumu bu əməkdaşlığın təzahürlərindəndir. Dövlət orqanları ilə vətəndaş cəmiyyəti institutları arasında səmərəli dialoqun qurulması, dövlət başçısının korrupsiyaya qarşı mübarizə sahəsində müəyyən etdiyi siyasətin daha səmərəli həyata keçirilməsində mühüm vasitədir.
Bildirilmişdir ki, korrupsiyaya qarşı səmərəli mübarizə 2013-cü ilin 9 ayı ərzində uğurla davam etdirilmişdir. Qabaqlayıcı tədbirlərlə vəhdətdə həyata keçirilən inzibati tədbirlərin kəsəri artırılmışdır. Bu müddətdə Baş Prokuror yanında Korrupsiyaya Qarşı Mübarizə İdarəsi tərəfindən 161 nömrəli "Qaynar xətt" əlaqə mərkəzinə 3915 müraciət daxil olmuşdur. İdarədə araşdırılmış 307 müraciətdən 21-i üzrə Cinayət Məcəlləsinin müxtəlif maddələri ilə cinayət işləri başlanmış, 1078 müraciət təmin edilmişdir.
Korrupsiya ilə əlaqədar olmayan müraciət müəlliflərinə mülki, ailə və digər sahələrdə pozulmuş hüquqlarının bərpasına dair ətraflı izahlar verilmişdir. Digər müraciətlər "Vətəndaşların müraciətlərinə baxılması haqqında" qanunun tələblərinə uyğun olaraq aidiyyəti üzrə baxılıb tədbir görülməsi üçün müvafiq nazirlik, dövlət komitəsi və digər qurumlara göndərilmişdir.
Vurğulanmışdır ki, cari ilin doqquz ayında idarənin əməliyyat şöbəsi tərəfindən korrupsiya cinayətləri törətmiş 31 şəxs cinayət başında yaxalanmaqla onların barəsində 23 cinayət işi başlanmışdır. Ötən dövrdə idarədə cinayət xarakterli material kimi baxılmış 232 müraciət üzrə 132 cinayət işi başlanmış, o cümlədən cinayət işlərindən 47-si ayrıca icraata ayrılmışdır.
İlin doqquz ayı ərzində idarənin istintaq şöbəsində 322 cinayət işinin ibtidai araşdırması həyata keçirilmiş, şöbə tərəfindən 251 şəxs barəsində 138 cinayət işinin istintaqı tamamlanaraq baxılması üçün aidiyyəti məhkəmələrə göndərilmişdir. Məhkəmələrə göndərilmiş və mahiyyəti üzrə baxılmış bütün işlər üzrə ittiham hökmləri çıxarılmış, təqsirləndirilən şəxslərdən bəraət alan olmamışdır. İstintaqı başa çatdırılmış cinayət işləri üzrə 3 milyon 358 min manat dəyərində əmlak üzərinə həbs qoyulması təmin edilmişdir. İstintaqı aparılmış və hazırda icraatda olan cinayət işləri üzrə fiziki və hüquqi şəxslərə vurulmuş 14 milyon 422 min manat ziyanın ödənilməsi təmin edilmişdir.
Qeyd edilmişdir ki, ilin 9 ayı ərzində korrupsiyaya qarşı mübarizə sahəsində idarə əməkdaşları tərəfindən bir sıra qabaqlayıcı tədbirlər həyata keçirilmişdir. Belə ki, əhalinin sosial müdafiəsi, səhiyyə, nəqliyyat və digər sahələrdə aşkar edilmiş pozuntuların aradan qaldırılması ilə əlaqədar təkliflər hazırlanıb aidiyyəti qurumlara təqdim edilmişdir. Həmçinin bir sıra hallarda vəzifəli şəxslər tərəfindən "Korrupsiyaya qarşı mübarizə haqqında" qanunun tələblərinin pozularaq cinayət xarakteri daşımayan pozuntulara yol verildiyi müəyyənləşdirildiyindən həmin şəxslər barəsində "Prokurorluq haqqında" qanunun tələblərinə müvafiq olaraq aidiyyəti üzrə təqdimatlar verilmişdir. Eyni zamanda, bir sıra hallarda qanun pozuntularından çəkindirmək məqsədi ilə "Prokurorluq haqqında" qanuna əsasən vəzifəli şəxslərə rəsmi xəbərdarlıq edilmişdir.
Bildirilmişdir ki, korrupsiyaya qarşı mübarizə sahəsində beynəlxalq əməkdaşlığın zəruriliyini nəzərə alaraq bu müddətdə idarə tərəfindən bu sahədə ixtisaslaşmış beynəlxalq qurumlar və digər ölkələrin müvafiq hüquq-mühafizə orqanları ilə əlaqələrin daha da genişlənməsinə xüsusi diqqət yetirilmişdir. BMT-nin Korrupsiya Əleyhinə Konvensiyasının implementasiyası çərçivəsində beynəlxalq əməkdaşlıq genişləndirilmiş, Meksika tərəfindən həmin konvensiyanın bir sıra maddələrinin implementasiyasının dəyərləndirilməsi idarənin əməkdaşları tərəfindən aparılaraq müxtəlif sual və qeydləri özündə əks etdirən ekspert rəyi hazırlanmışdır.
Bu il sentyabrın 6-dan-12-dək Moskvada Beynəlxalq Prokurorlar Assosiasiyasının illik yığıncağı və ümumi konfransında səlahiyyət müddəti başa çatmış Baş prokuror yanında Korrupsiyaya Qarşı Mübarizə İdarəsinin rəisi yenidən səs çoxluğu ilə bu mötəbər qurumun icraiyyə komitəsinin üzvü seçilmişdir. 120-dək ölkəni birləşdirən və 700-dən çox rəhbər işçinin və nüfuzlu beynəlxalq təşkilatların nümayəndələrinin iştirak etdiyi tədbirdə çıxış edən Baş prokuror yanında Korrupsiyaya Qarşı Mübarizə İdarəsinin rəisi Kamran Əliyev ölkəmizdə uğurlu antikorrupsiya siyasəti və Azərbaycan brendi olan "ASAN xidmət" mərkəzlərinin nailiyyətlərindən danışmışdır. Tədbir çərçivəsində bir sıra mühüm ikitərəfli görüşlər keçirilmişdir.
Sentyabrın 23-dən 25-dək Parisdə İqtisadi Əməkdaşlıq və İnkişaf Təşkilatı (OECD) Şərqi Avropa və Mərkəzi Asiya üzrə Antikorrupsiya Şəbəkəsinin İstanbul Fəaliyyət Planının 12-ci Monitorinq Görüşü və Rəhbər Qrupun 15-ci iclası keçirilmişdir. Ötən ilin dekabrında yüksək səviyyəli görüşdə qəbul olunan qərara əsasən 12-ci Monitorinq görüşündə Azərbaycanın üçüncü raund dəyərləndirilməsinə dair hesabat dinlənilmişdir.
İclasda Azərbaycanda rəhbərliyin siyasi iradəsinə uyğun olaraq korrupsiyaya qarşı mübarizə tədbirlərinin daha sistematik, genişmiqyaslı və səmərəli həyata keçirilməsinin təmin edilməsinə yönəlmiş "Korrupsiyaya qarşı mübarizəyə dair 2012-2015-ci illər üçün Milli Fəaliyyət Planı"nı, əsas istiqamətləri dövlət idarəçiliyində hesabatlılığın təmin edilməsi, ictimaiyyətin iştirakının genişləndirilməsi, yeni texnologiyaların tətbiqinin dəstəklənməsi olan Açıq Hökumətin təşviq edilməsinə dair Milli Fəaliyyət Planı, korrupsiya hüquqpozmalarının aşkar edilməsi, təqsirləndirilən şəxslərin müəyyənləşdirilərək cinayət məsuliyyətinə cəlb olunması istiqamətində nailiyyətlər, qabaqlayıcı tədbirlər, o cümlədən mühüm antikorrupsiya tədbiri kimi Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin və onun tərkibində "ASAN xidmət" mərkəzlərinin yaradılması diqqətə çatdırılmışdır.
Xüsusi qeyd edilmişdir ki, Azərbaycan Respublikası şəbəkənin 3-cü raund dəyərləndirilməsindən müvəffəqiyyətlə keçən ilk ölkə olmuşdur. OECD təşkilatının və şəbəkənin vəzifəli əməkdaşlarının qısa müddət sonra hesabatın Azərbaycan ictimaiyyətinə təqdim edilməsi məqsədi ilə Azərbaycana səfəri nəzərdə tutulur. Bu təcrübə təşkilat tərəfindən müəyyən edilmiş prosedur qaydalarına əsasən bütün üzv ölkələrdə həyata keçirilir. Tədbir zamanı ölkəmizdə korrupsiyaya qarşı mübarizə sahəsində görülmüş tədbirləri əks etdirən buklet və nəşrlər iştirakçılara paylanmışdır.
Diqqətə çatdırılmışdır ki, sentyabrın 30-da Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Baş prokuror yanında Korrupsiyaya Qarşı Mübarizə İdarəsinin yeni inzibati binasının açılış mərasimində prokurorluq əməkdaşları ilə görüşərkən ölkədə korrupsiyaya qarşı mübarizə sahəsində hüquq-mühafizə orqanları və cəmiyyət üçün bir sıra mühüm tapşırıqlar vermişdir. Prezident korrupsiyaya qarşı mübarizə istiqamətində möhkəm siyasi iradə olduğunu bir daha qeyd edərək həm inzibati, həm də qabaqlayıcı tədbirlərin vacibliyini vurğulamış, bu sahədə qabaqcıl beynəlxalq təcrübənin daim öyrənilməsi və tətbiq olunmasının zəruriliyini qeyd etmişdir. Dövlət başçısı, həmçinin bu sahədə mövcud bütün beynəlxalq qurumlar, o cümlədən Beynəlxalq Antikorrupsiya Akademiyası ilə əməkdaşlığı müsbət qiymətləndirərək daha mühüm nailiyyətlərin qazanılmasının vacibliyini bildirmiş, prokurorluq əməkdaşlarının peşə hazırlığının, xidməti intizamın dürüstlüyünün son dərəcə mühüm əhəmiyyət kəsb etdiyini diqqətə çatdırmışdır.
Dövlət başçısının bu tövsiyə və göstərişləri prokurorluq əməkdaşlarına yüksək diqqətin göstəricisi olmaqla bizi daha məsuliyyətlə fəaliyyət göstərməyə ruhlandırır. Hazırda Baş Prokurorluğun rəhbərliyi tərəfindən həmin vəzifələrin icrası üçün tədbirlər planının hazırlanması barədə prokurorluğun müvafiq qurumlarına, o cümlədən Korrupsiyaya Qarşı Mübarizə İdarəsinə konkret tapşırıqlar verilmişdir.
Vurğulanmışdır ki, Baş prokuror yanında Korrupsiyaya Qarşı Mübarizə İdarəsinin əməkdaşları tərəfindən bundan sonra da korrupsiya hüquqpozmalarının qarşısının alınması, təqsirləndirilən şəxslərin müəyyənləşdirilərək cinayət məsuliyyətinə cəlb olunması istiqamətində ardıcıl və qətiyyətli mübarizə tədbirləri davam etdiriləcəkdir.
Tədbirdə iştirak edən beynəlxalq təşkilatların, qeyri-hökumət təşkilatlarının nümayəndələri çıxış edərək korrupsiyaya qarşı mübarizə sahəsində Baş prokuror yanında Korrupsiyaya Qarşı Mübarizə İdarəsinin gördüyü işləri müsbət dəyərləndirmişlər.
Sonra QHT və kütləvi informasiya vasitələrinin nümayəndələrinin sualları cavablandırılmışdır.
İştirakçılara "Azərbaycan Prokurorluğu - 95" kitabı hədiyyə edilmişdir.
Görüşün
sonunda Baş prokuror yanında Korrupsiyaya Qarşı
Mübarizə İdarəsinin yeni inzibati binası ilə tanış
olan tədbir iştirakçıları burada
yaradılmış şəraiti yüksək qiymətləndirmişlər.
Azərbaycan.-2013.- 4 oktyabr.- S.10.