Ədliyyə naziri Sumqayıt şəhərində vətəndaşları qəbul etmişdir

 

Azərbaycan Prezidentinin tapşırığına və bölgələrdə vətəndaşların qəbulu cədvəlinə uyğun olaraq oktyabrın 3-də ədliyyə naziri, Məhkəmə-Hüquq Şurasının sədri Fikrət Məmmədov Sumqayıt şəhərində Abşeron, Qobustan, Xızı rayonlarında, Sumqayıtda və digər bölgələrdə yaşayan vətəndaşları, habelə Şuşa şəhərindən və Qubadlı rayonundan olan məcburi köçkünləri qəbul etmişdir.

Vətəndaşların rahatlığının təmin edilməsi üçün nazirin qəbuluna yazılış qabaqcadan başlanılmış, nazirliyin elektron xidmətlər portalında xüsusi olaraq birbaşa yazılmaq imkanı yaradılmışdır.

Gün ərzində aparılmış qəbul zamanı ədliyyə və məhkəmə fəaliyyəti, habelə digər müxtəlif məsələlərlə bağlı hər bir vətəndaş diqqətlə dinlənilmiş, müraciətlərdə qaldırılan məsələlərin bir qismi elə yerindəcə öz həllini tapmış, digər müraciətlər üzrə qəbulda iştirak edən nazirliyin aidiyyəti məsul işçilərinə tapşırıqlar verilmişdir.

Eyni zamanda ədliyyə və məhkəmə fəaliyyətinə aid olmayan digər məsələlərlə bağlı müraciətlərə baxılmış, onların araşdırılması üçün aidiyyəti üzrə göndərilməsi təmin olunmuşdur.

Ədliyyə naziri yerli, habelə regional ədliyyə və məhkəmə orqanlarına baş çəkərək hakimlər və ədliyyə işçiləri ilə görüşmüş, onların fəaliyyəti və iş şəraiti ilə tanış olmuş, problemlərlə maraqlanmış, işin səmərəliliyinin artırılması üçün tövsiyələrini vermişdir.

 

 

AzərTAc

Azərbaycan.-2013.- 4 oktyabr.- S.11.