Dövlət Torpaq və
Xəritəçəkmə Komitəsinin
sədri
Şamaxıda vətəndaşları qəbul etmişdir
Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin sədri Qərib Məmmədov oktyabrın 3-də Şamaxıda Qobustan, Şamaxı, İsmayıllı, Ağsu və Kürdəmir rayonlarından olan vətəndaşları qəbul etmişdir.
Heydər
Əliyev Mərkəzində keçirilən qəbulda komitənin
müvafiq şöbə və struktur rəhbərləri də
iştirak etmişlər. Qəbula gələnlər
komitə sədri tərəfindən diqqətlə dinlənilmiş,
onların şikayət, müraciət və təkliflərinin
həlli üçün lazımi tədbirlər
görülmüşdür.
Qəbulda 60 nəfərdən çox vətəndaş iştirak etmişdir. Qəbula gələnlər əsasən aqrar islahatları zamanı Rusiya və digər xarici ölkələrdə müvəqqəti yaşamaları səbəbindən adlarının islahat komissiyasının səhvi üzündən pay torpaqları alanlar siyahısına salınmaması, bəzi vətəndaşlar torpaq islahatı ilə bağlı müvafiq sənədlərin işlənilməsi və tərtibi zamanı texniki qüsurlara yol verildiyi, qonşu olan torpaq mülkiyyətçiləri arasında yaranan sərhəd mübahisələri, eləcə də həyətyanı torpaq sahələrinin özəlləşdirilməsi ilə bağlı mövcud problemlər barədə müraciətlər etmişlər.
Bir sıra hallarda yaranmış mübahisələr bəzi yerli bələdiyyə qurumlarının təqsiri üzündən baş verdiyi üzə çıxmışdır. Belə ki, yerli bələdiyyələr vətəndaşlara torpaq sahəsini bəzən ya qonşu bələdiyyənin ərazisindən, ya da bələdiyyə mülkiyyətinə aid olmayan sahələrdən verirlər ki, bu da sonradan narazılıqlara səbəb olur.
Qaldırılan bir çox məsələlər komitənin əməkdaşları tərəfindən araşdırılaraq yerindəcə həllini tapmış, müvafiq orqanların iştirakı ilə araşdırılması zəruri olan bəzi müraciətlər isə qeydiyyata alınaraq nəzarətə götürülmüşdür.
Qəbul zamanı əsas mübahisə doğuran məsələlər və onların həlli ilə əlaqədar komitənin aidiyyəti şəhər və rayon şöbələrinin müdirlərinə rəsmi tapşırıqlar verilmişdir.
Vətəndaşlar
qəbul üçün yaradılmış şəraitə
və müraciətlərin operativ həllinə görə
razılıqlarını bildirmişlər.
AzərTAc
Azərbaycan.-2013.- 4 oktyabr.- S.11.