Almaniyanın milli bayramı şərəfinə

 

Oktyabrın 3-də Almaniyanın Azərbaycandakı səfirliyi ölkəsinin milli bayramı - Alman Birliyi günü münasibətilə rəsmi qəbul təşkil etmişdir.

Azərbaycanın və Almaniyanın dövlət himnləri səsləndirildikdən sonra səfir xanım Haydrun Tempel çıxış edərək ölkələrimiz arasında əlaqələrin inkişafından danışmışdır. Diplomat Almaniyanın Azərbaycanın müstəqilliyini tanıyan ilk dövlətlərdən biri olduğunu xatırlatmış, gələcəkdə ikitərəfli əməkdaşlığın müxtəlif sahələrdə daha da inkişaf edəcəyinə əminliyini bildirmişdir.  

İqtisadi inkişaf nazirinin müavini Niyazi Səfərov əlamətdar gün münasibətilə alman xalqını Azərbaycan Prezidenti adından təbrik etmişdir. Nazir müavini son illər Azərbaycan ilə Almaniya arasında siyasi, iqtisadi, humanitar, mədəni sahələrdə əməkdaşlığın inkişaf etdiyini diqqətə çatdırmışdır. O, Azərbaycan ilə Almaniya arasında 70-ə yaxın sənəd, iqtisadi sahədə isə 30 müqavilənin imzalandığını diqqətə çatdırmışdır. N.Səfərov ölkələrimiz arasında ticarət dövriyyəsinin ötən ilə nisbətən artdığını vurğulamışdır.

Azərbaycanda 160-dək alman şirkətinin fəaliyyət göstərdiyini diqqətə çatdıran nazir müavini biznes dairələri arasında əlaqələrin inkişafı üçün keçirilən forumların, sərgilərin əhəmiyyətini vurğulamışdır.

Qəbulda Azərbaycanın dövlət və hökumət rəsmiləri, Milli Məclisin deputatları, xarici ölkələrin Bakıdakı səfirləri, ictimaiyyətin nümayəndələri iştirak etmişlər.

 

 

AzərTAc

Azərbaycan.-2013.- 4 oktyabr.- S.11.