Azərbaycan Prezidenti İlham Əliyev
İndoneziyanın Palembanq şəhərində keçirilən
III İslam Həmrəyliyi Oyunlarında qalib gəlmiş
idmançılarımız, onların məşqçiləri
və idman mütəxəssisləri ilə
görüşmüşdür
Oktyabrın 4-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev İndoneziyanın Palembanq şəhərində keçirilən III İslam Həmrəyliyi Oyunlarında qalib gəlmiş idmançılarımız, onların məşqçiləri və idman mütəxəssisləri ilə görüşmüşdür.
İdmançılarımızı III İslam Həmrəyliyi Oyunlarında qazanılmış qələbələr münasibətilə təbrik edən Prezident İlham ƏLİYEV dedi:
- Əziz idmançılar, əziz dostlar!
Mən sizin hamınızı səmimiyyətlə salamlayıram və əldə edilmiş uğurlar münasibətilə ürəkdən təbrik edirəm. Siz Azərbaycanı ləyaqətlə təmsil etmisiniz. İslam Həmrəyliyi Oyunlarında bizim komandamız böyük nəticələr əldə etmişdir, 24 medal qazanmışdır, onlardan 6-sı qızıl medaldır. Bu, çox gözəl göstəricidir, böyük qələbəmiz, böyük uğurumuzdur. Bu qələbə bir daha onu göstərir ki, Azərbaycan idman dövlətidir, idman sürətlə inkişaf edir və qələbələrimizin səbəbləri məhz dövlət siyasətinin güclü olmasındadır.
Dövlət siyasəti, idmana rəhbərlik edən qurumların birgə fəaliyyəti - Milli Olimpiya Komitəsi, Gənclər və İdman Nazirliyi, federasiyalar, klublar, idman cəmiyyətləri bir məqsədə qulluq edirlər ki, Azərbaycan özünü dünyada, idman aləmində ləyaqətlə təmsil etsin, Azərbaycanda idman inkişaf etsin və uğurlarımızın sayı artsın.
İslam Həmrəyliyi Oyunları müsəlman
aləmində çox əlamətdar bir hadisədir. Əlbəttə
ki, bu, idman yarışıdır və böyük idman
yarışıdır, eyni zamanda, bu oyunlar islam həmrəyliyini
gücləndirən bir amildir.
Azərbaycan gənc müstəqil ölkə olmasına baxmayaraq, islam həmrəyliyi üçün də öz səylərini göstərir, öz töhfəsini verir. Bilirsiniz ki, islam həmrəyliyini gücləndirmək üçün ölkəmizdə müxtəlif tədbirlər keçirilir. 2009-cu ildə Bakı şəhəri "İslam mədəniyyətinin paytaxtı" elan edilmişdir, 2018-ci ildə bu şərəfli missiya Naxçıvan şəhərinin payına düşür. Bu məsələləri mən İslam Həmrəyliyi Oyunlarının keçirilməsi zamanı videomüraciətimdə də ifadə etmişəm. Beləliklə, bu oyunların hesab edirəm ki, nəinki idman sahəsində, bütövlükdə müsəlman aləminin birləşməsində müsbət rolu vardır.
Ancaq, eyni zamanda, əlbəttə ki, bu, idman yarışıdır. Biz hər bir idman yarışına hazırlaşırıq və çalışırıq ki, ölkəmiz orada ləyaqətlə təmsil olunsun. İyirmi dörd medalın qazanılması və idmançıların böyük uğurları bütün Azərbaycan xalqını sevindirir və bir də onu göstərir ki, bu qələbə təsadüfi xarakter daşımır. Çünki son illərdə Azərbaycan müxtəlif beynəlxalq yarışlarda ən yüksək pillələrə yüksələ bilmişdir. Keçən il keçirilmiş London Yay Olimpiya Oyunlarında 10 medal qazanılmışdır ki, onlardan ikisi qızıl medaldır. Olimpiya Oyunlarının tarixində biz ən yüksək pilləyə qalxa bilmişik, dünya miqyasında 30-cu yerə layiq görülmüşük, Avropa ölkələri arasında isə 15-ci yerdəyik. Bu, tarixi qələbədir.
Bu il Kazanda gənclərin universiadası keçirilmişdir. Orada da Azərbaycan yüksək nəticələr göstərmiş, 16 medal qazanmışdır. Onlardan dördü qızıl medaldır.
Bu dəfə İslam Həmrəyliyi Oyunlarında da biz öz gücümüzü bir daha nümayiş etdirdik. Bir daha göstərdik ki, Azərbaycan idman dövlətidir, idmanın böyük uğurları vardır və əminəm ki, böyük gələcəyi olacaqdır.
Bir məsələni də qeyd etmək istəyirəm ki, bu oyunlarda Azərbaycan həm Olimpiya, həm qeyri-Olimpiya növləri ilə təmsil edilmişdir. Hesab edirəm ki, bu da İslam Həmrəyliyi Oyunlarını fərqləndirən müsbət cəhətdir. Bildiyiniz kimi, Azərbaycanda Olimpiya və qeyri-Olimpiya növləri arasında heç vaxt ayrı-seçkilik, yaxud da ki, fərq qoyulmamışdır. İdmanın bütün növləri bizim üçün eyni dərəcədə vacibdir və çalışırıq ki, Azərbaycanda qeyri-Olimpiya növlərində təmsil olunan idmançılar dövlət tərəfindən qayğı ilə əhatə olunsun. Bildiyiniz kimi, ilk dəfə keçiriləcək Avropa Oyunlarında da bizim təşəbbüsümüzlə qeyri-Olimpiya növləri olacaqdır.
Hesab edirəm ki, beynəlxalq islam aləmində də bu bölgü aparılmamalıdır. Çünki idmançılar bərabər hüquqlara malikdirlər. Hər halda Azərbaycanda biz bütün idmançılara eyni şəraiti yaratmağa çalışırıq və bundan sonra da çalışacağıq.
Bu qələbənin təməlində düşünülmüş dövlət siyasəti və eyni zamanda, təlim-məşq prosesinin düzgün şəkildə təşkil edilməsi dayanır. İdmançıların fəaliyyəti üçün yaradılmış şərait gündən-günə yaxşılaşır. Azərbaycanda hazırda 40 regional Olimpiya Mərkəzi fəaliyyət göstərir. Bu da bölgələrdə istedadlı gənclərin seçilməsində müsbət rolunu oynayır. Beləliklə, biz idmanın kütləviliyini təmin edirik. Bu, birinci prioritet məsələdir. Çünki gənclərimiz, uşaqlarımız sağlam olmalıdırlar. Sağlam olmaq üçün əlbəttə ki, hər bir insan idmanla məşğul olmalıdır.
Əlbəttə ki, hər bir ölkənin şöhrətini ucaldan onun idman nailiyyətləridir. Bu məsələyə də böyük diqqət göstərilir. İdmançılar bizi daim sevindirirlər və beynəlxalq yarışlarda, Avropa, dünya çempionatlarında da yaxşı nəticələr göstərirlər.
Azərbaycanda mötəbər yarışların keçirilməsi artıq gözəl ənənəyə çevrilmişdir. Azərbaycanda mütəmadi qaydada dünya və Avropa çempionatları keçirilir. Şübhəsiz ki, 2015-ci ildə Azərbaycanda keçiriləcək Birinci Avropa Oyunları bizim üçün çox böyük etimaddır və böyük məsuliyyətdir. Azərbaycan müsəlman ölkəsidir, eyni zamanda, Avropanın idman aləmində təmsil olunur. İlk Avropa Oyunlarının məhz Azərbaycanda keçirilməsi, hesab edirəm ki, ölkəmizin böyük uğurudur, Avropa idman ailəsinin bizə olan böyük etimadının nəticəsidir.
Biz hazırlıq işlərini ən yüksək səviyyədə aparırıq. Əvvəlki çıxışlarımda qeyd etdiyim kimi, biz bu oyunları Olimpiya Oyunları səviyyəsində keçirəcəyik və Birinci Avropa Oyunları tarixdə çox uğurlu oyunlar kimi qalacaqdır.
Bildiyiniz kimi, Olimpiya hərəkatı Avropada yaranmışdır.
Ondan sonra Avropada da bərpa edilmişdir, ancaq Avropa Oyunları heç vaxt keçirilməmişdir. İlk təcrübəni artıq biz həyata keçirəcəyik və beləliklə, bu da tarixə verəcəyimiz bir töhfə olacaqdır.
2017-ci ildə növbəti İslam Həmrəyliyi Oyunları da Azərbaycanda keçiriləcəkdir. Baxın, bu da çox rəmzi məna daşıyır, çünki cəmi iki ildən sonra - 2015-ci ildə Avropa, 2017-ci ildə İslam Həmrəyliyi Oyunları keçiriləcəkdir. Bu da ölkəmizin nəinki coğrafi yerləşməsini, daha çox siyasi və mədəni mahiyyətini göstərir.
Azərbaycan müsəlman ölkəsidir, islam aləminin ayrılmaz bir parçasıdır. Eyni zamanda, Avropa qurumlarına üzv olmuş ölkədir və beləliklə, bu iki qitə Azərbaycanda birləşir. Azərbaycan coğrafi cəhətdən də Asiya ilə Avropa arasında yerləşir, mədəni cəhətdən də belədir. Siyasi cəhətdən də biz həm müsəlman, həm Avropa qurumlarının üzvüyük. Azərbaycan nadir ölkələrdəndir ki, bu iki aləmdə təmsil olunur və ləyaqətlə təmsil olunur. Bizim dövlətimiz də məhz bu əsaslar üzərində qurulubdur. Müstəqil Azərbaycan dövləti çox güclü milli-mənəvi dəyərlər, milli ənənələr üzərində qurulubdur. Eyni zamanda, müasir dövlətdir, bütün ölkələrlə əməkdaşlıq üçün açıqdır, dünyəvi və inkişafda olan dövlətdir.
Ona görə hesab edirəm ki, Avropa Oyunlarının və İslam Həmrəyliyi Oyunlarının Bakıda cəmi iki il ərzində keçirilməsi böyük siyasi məna daşıyır.
Bu gün ölkəmiz dünya miqyasında böyük hörmətə malikdir. Bizimlə hesablaşırlar, bizim rəyimiz, fikrimiz böyük əhəmiyyət daşıyır. Azərbaycan bu gün nəinki regional məsələlərdə, həm də dünya məsələlərində öz sözünü ən yüksək kürsüdən deyir və deyəcəkdir.
Bu gün Azərbaycan BMT Təhlükəsizlik Şurasının üzvüdür. 155 ölkə bizim namizədliyimizi dəstəkləmiş və bizə etimad göstərmişdir. Bu ay Azərbaycan dünyanın bir nömrəli qurumu olan BMT Təhlükəsizlik Şurasına sədrlik edir. Bu, böyük etimaddır, böyük uğurumuzdur, böyük nailiyyətimizdir. Əlbəttə ki, idmançıların uğurları Azərbaycan haqqında dünyada daha da dolğun məlumatın əldə edilməsi üçün çox gözəl bir vasitədir. Çünki ölkələrin gücü, o cümlədən idmanın inkişafından keçir. Azərbaycanda idman sürətlə inkişaf edir, idmançılar bizi sevindirir və beləliklə, ölkəmizin ümumi inkişafına öz töhfələrini verirlər.
Əlbəttə ki, dövlət bundan sonra da idmançıların maddi və məişət problemlərinin həlli üçün öz dəstəyini əsirgəməyəcəkdir. Mən hər ilin sonunda, ən azı hər il idmançılarla görüşürəm. Amma əslində belə görüşlər ildə bir neçə dəfə keçirilir. Çünki qələbələr çoxdur və mən çalışıram ki, böyük qələbələrlə Vətənə qayıtmış idmançılarla görüşüm. Ancaq ənənəvi olaraq, artıq 1997-ci ildən bu yana ilin sonunda biz idmançılarla görüşürük, onları mükafatlandırırıq, onlara mənzillər verilir. Böyük mötəbər yarışlardan uğurla qayıdan idmançılara pul mükafatları verilir və bu dəfə də veriləcəkdir.
Ancaq onu da qeyd etmək istəyirəm və əminəm ki, sizi və bütün idmançılarımızı qələbələrə aparan əsas amil mükafat, maddi məsələ deyil, Vətən sevgisidir, vətənpərvərlikdir, Vətənə olan bağlılıqdır.
Bu dəfə bizim dövlət himnimiz İndoneziyada altı dəfə səslənmişdir, 24 dəfə milli bayrağımız qaldırılmışdır. Əminəm ki, bütün Azərbaycan xalqı sizin kimi bu qələbələrə sevinirdi. Çünki bu qələbə sizin qələbənizdir, dövlətimizin, xalqımızın qələbəsidir.
Sizi bir daha salamlayıram və bir daha təbrik edirəm, yeni uğurlar arzulayıram.
* * *
Azərbaycan
Milli Karate Federasiyasının prezidenti Yaşar
BƏŞİROV dedi:
- Cənab
Prezident, hörmətli qonaqlar, hörmətli
idmançılar!
Artıq İslam Oyunları tarixə
çevrilmişdir. Mən istərdim, bir-iki kəlmə bu
oyunlardan danışım.
Birincisi, mən karateni təmsil edirəm. Təbii ki, əsas sözü karatedən
demək istərdim. Ancaq, ümumiyyətlə,
Azərbaycan komandası bu oyunlarda çox uğurla
çıxış etdi, 24 medal qazandı. Bildiyiniz kimi, bu medalların altısı
qızıldır. Ümumi hesabda 46
dövlət arasında biz yeddinci yerə çıxdıq.
Ümumiyyətlə, çox sevindirici haldır ki, 6
qızıldan üçünü qazanan, yəni himnimizi
üç dəfə səsləndirən karateçilərimiz
oldu. Bu qələbə bütün Azərbaycan
xalqının qələbəsidir. Təbii
ki, bizə göstərilən bu qayğının nəticəsidir
ki, belə yüksək qələbəyə nail olduq.
Əgər tarixə nəzər salsaq, 1997-ci ildə Siz
Milli Olimpiya Komitəsinin prezidenti seçiləndən sonra Azərbaycan
idmanı sürətlə inkişaf etmişdir. O vaxt Sizinlə ilk
görüşümüz oldu. Siz tövsiyə
etdiniz ki, bizim Milli Karate Federasiyası Azərbaycanı
Ümumdünya Karate Federasiyasında təmsil etməlidir.
İndi bizim Federasiya dünya miqyasında ən
qabaqcıl federasiyalardan biridir. Bu gün biz
Azərbaycanı layiqincə təmsil edirik. Bundan əvvəlki qələbələrimiz də,
bu gün qeyd etdiyimiz qələbə də ildən-ilə
artan qayğı ilə əlaqədardır. Sizin qayğınızı biz həmişə hiss
etmişik. Siz 1999-cu ildə də bizi qəbul
etdiniz. Bu, çox səmimi bir
görüş idi. Təbii ki, hər bir
belə görüş bizi ruhlandırır. Bugünkü görüş də bizi yeni qələbələrə
ruhlandırır və ona gətirib çıxarır ki, Azərbaycanda
doğrudan da, idmanın bütün növlərində
güclü inkişaf gedir. Artıq
bütün dünyada bilirlər ki, Azərbaycan idman dövlətidir.
Təbii ki, cənab Prezident, bu, bir günün işi
deyildir. Ulu öndər Heydər Əliyevin
başladığı bu işin davamçısı kimi Siz
yüksək səviyyədə Azərbaycanı təmsil
edirsiniz. Təbii ki, bizim bütün qələbələrimiz
Sizin adınızla, göstərdiyiniz qayğı ilə
bağlıdır. Təbii ki, bu, Milli
Olimpiya Komitəsinin, Gənclər və İdman Nazirliyinin
uğurudur. Yəni, əlbir işin nəticəsidir
ki, biz belə gözəl qələbələr
qazanırıq.
* * *
İslam
Həmrəyliyi Oyunlarında idmanın karate növündə
qızıl medalın sahibi Ayxan MAMAYEV oyunların idmançılarımız
üçün uğurlu olduğunu vurğulayaraq dedi:
- Hörmətli
cənab Prezident, hörmətli idman nümayəndələri!
Mən müsəlman ölkələrinin mötəbər
idman yarışında - İslam Həmrəyliyi
Oyunlarında idmanın karate növü üzrə
qızıl medala sahib olmuşam.
Bu gün
Sizin qarşınızda
çıxış etmək mənim üçün
böyük məsuliyyət və şərəfdir. Sevincimin həddi-hüdudu yoxdur.
Biz, idmançılar qazandığımız hər
bir qələbəyə görə, cənab Prezident, Sizə
minnətdarıq. Məhz Sizin bizə göstərdiyiniz
inam, etimad və qayğı nəticəsində biz bunlara
nail oluruq. Bu yarışda hər bir
idmançı kimi, mənim də qələbə
qazanmağımın səbəbkarı ilk növbədə,
Sizsiniz. Buna görə Sizə
böyük minnətdarlığımızı bildiririk.
Bu yarışda hər bir idmançımız
böyük əzmkarlıq nümayiş etdirdi, 6
qızıl, 9 gümüş, 9 bürünc, ümumilikdə
24 medal qazandıq.
Mən öz adımdan və milli komandamızın
adından Sizə böyük minnətdarlığımı
bildirirəm.
İslam
Həmrəyliyi Oyunlarında
taekvondoçularımızın da uğurla
çıxış etdiklərini bildirən taekvondo üzrə
milli komandanın baş məşqçisi Gündüz
ABDULLAYEV dedi:
- Möhtərəm
cənab Prezident!
Siz nüfuzlu beynəlxalq yarışlardan dərhal sonra
bizi qəbul edirsiniz, bizə diqqətinizi göstərirsiniz. Buna görə
də ilk növbədə, biz idmançılar, məşqçilər
Sizə təşəkkürümüzü bildiririk.
Biz dünən III İslam Həmrəyliyi
Oyunlarından qayıtmışıq və bu gün artıq
Sizin qəbulunuzdayıq. Biz idmançılar, məşqçilər
bunun üçün böyük qürur hissi
yaşayırıq.
İslam Oyunlarında taekvondo üzrə Azərbaycanı
təmsil etmək biz taekvondoçuların üzərinə
düşmüşdü. Çox sevindirici
haldır ki, Azərbaycanın medal xəzinəsinə
dörd medal məhz taekvondodan gəldi. Bu
da bizim məşqçilərimiz,
idmançılarımız üçün çox
böyük bir şərəfdir, çox böyük bir nəticədir.
Ölkəmizdə idmanın taekvondo növünə
böyük maraq vardır. Hazırda Azərbaycanın
bütün regionlarında taekvondonun kütləviliyinə
nail olunmuşdur. Bu da ilk növbədə, Azərbaycanda
məhz idmanın taekvondo növündə infrastrukturun
inkişafından xəbər verir. Biz məşqçilər
üçün bu oyunlarda qazandığımız nailiyyətlərdən
böyük nailiyyət ola bilməz. Siz bu nailiyyətlərimizi bizi bu cür qəbul etməklə
qiymətləndirirsiniz. Ümid edirəm
ki, taekvondoçularımız gələcəkdə - 2015-ci
ildə Avropa Oyunlarında da çox yüksək səviyyədə
çıxış edəcəklər.
* * *
Daha sonra
Milli Olimpiya Komitəsinin vitse-prezidenti Çingiz
HÜSEYNZADƏ çıxış edərək dedi:
- Möhtərəm
cənab Prezident!
İslam
Oyunlarında daha bir əlamətdar hadisə baş verdi. Mən onu Sizə məruzə
etmək istəyirəm. Sentyabrın 25-də
"Bakı-2017"nin təqdimat
günü keçirildi. Bizim
idmançıların hamısı orada iştirak edirdilər.
250 qonağın toplandığı bu tədbirdə
İslam Həmrəyliyi İdman Federasiyasının rəhbərliyi,
yerli hökumət nümayəndələri, bu oyunlarda
iştirak edən bütün Olimpiya komitələrinin rəhbərləri
və bu oyunlara qonaq gəlmiş səfirlər iştirak
edirdilər. Sizi əmin etmək istəyirəm ki,
yüksək səviyyədə keçirilən bu tədbirdə
Sizin müraciətiniz hamıda çox
böyük ruh yüksəkliyi yaratdı. Mən deyərdim
ki, bütün qonaqlar bu tədbirə və məhz Sizin müraciətinizə çox
böyük diqqətlə yanaşdılar. Bu
uğur Azərbaycanın növbəti uğurlarından biri
oldu. Bu görüş, Sizin
müraciətiniz bizim bütün idmançıları
çox böyük qələbələrə
ruhlandırdı. Ondan sonra bir sıra
qızıl medallarımız və başqa
medallarımız da artdı. Sizə bir
daha təşəkkür edirəm.
* * *
Görüşə
yekun vuran Prezident İlham ƏLİYEV dedi:
-
Çox sağ olun. Bir daha
sizi ürəkdən təbrik etmək istəyirəm. Bir məsələyə də diqqətinizi çəkmək
istəyirəm. Bugünkü
görüşdə orta nəslin və gənc nəslin
nümayəndələri toplaşmışdır. Bu da hesab edirəm ki, çox rəmzi məna
daşıyır. Çünki
ardıcıllıq davam etdirilir.
Bu gün ölkəmizi beynəlxalq yarışlarda təmsil
edən idmançılar orta nəsildən öyrənib
öz peşəkarlığını idman
meydançalarında nümayiş etdirirlər. Eyni zamanda,
sizin uğurlarınıza sevinən gənc nəsil,
uşaqlar, yeniyetmələr də televizordan, mətbuatdan
sizin çıxışlarınızı izləyirlər.
Sizin qələbələriniz onlar
üçün də həm böyük bir sevincdir, eyni
zamanda, onları da sizin kimi idmanla məşğul olmaq
üçün idman meydançalarına, idman bölmələrinə
aparan bir amildir. Bu ardıcıllıq Azərbaycanda
vardır. Uşaq idmanı, yeniyetmə
idmanı olmadan ölkənin idmanı inkişaf edə bilməz.
Mən çox şadam ki, Azərbaycanda uşaqlar,
yeniyetmələr idman bölmələrinə gedirlər,
idmanla məşğul olurlar. Bax, dediyim kimi, 40
regional Olimpiya Mərkəzində məşğul olanların
arasında kifayət qədər çox uşaq vardır.
Beləliklə, biz idmanın kütləviliyini,
eyni zamanda, gənc nəslin sağlamlığını təmin
edirik və gələcək uğurlarımızı şərtləndiririk.
Bu ardıcıllıq davam etməlidir və
artıq əminəm ki, davam edəcəkdir.
Bir məsələ də diqqəti çəkir ki, bu
gün bizim bütün idmançılarımız müstəqillik
dövründə boya-başa çatmış və
idmançı olmuşlar. Azərbaycan tarixində
Azərbaycan idmanı heç vaxt indiki qədər
güclü olmamışdır. Əvvəlki
dövrlərdə, - indi orta nəslin nümayəndələri
- məşqçilər, idman mütəxəssisləri
bunu yaxşı xatırlayır, - Sovet İttifaqı
dövründə Azərbaycanda əlbəttə ki, idman
inkişaf edirdi, ancaq bizim uğurlarımız o qədər də
böyük deyildi. Sovet yığma
komandasına düşmək o qədər də asan məsələ
deyildi. Ancaq bu gün, müstəqillik
dövründə biz dünya miqyasında Yay Olimpiya
Oyunlarında 30-cu yerdəyik. Dünyada
200-dən yuxarı ölkə vardır. Keçən
Olimpiya Oyunlarında təqribən 200-ə yaxın ölkə
təmsil olunmuşdu. Bu ölkələr arasında
30-cu yerə nail olmaq tarixi qələbədir.
Bu, bir daha müstəqilliyin üstünlüklərini
göstərir. Gənc nəsil, bizim
idmançıların bir çoxu müstəqillik
dövründə dünyaya gəlmişdir, bəzilərinin
isə müstəqillik bərpa olunanda 3-4 yaşı var idi,
o illəri xatırlamırlar. Onlar müstəqillik
dövründə formalaşıblar. Müqayisə
aparmaq üçün bunlarda bizim qədər təbii ki,
imkan yoxdur. Amma biz - orta nəslin nümayəndələri
yaxşı bilirik və görürük ki, müstəqilliyin
nə qədər böyük üstünlükləri
vardır. Azərbaycan xalqı azad
xalqdır, dövlətimiz müstəqil dövlətdir.
Əsrlər boyu Azərbaycan xalqı müstəqillik
arzuları ilə yaşamışdır və bizim nəsil
xoşbəxtdir ki, payımıza müstəqillik
dövründə yaşamaq düşübdür.
Müstəqilliyi möhkəmləndirmək, ölkəmizi
gücləndirmək üçün hər bir vətəndaş
çalışmalıdır. Hər bir insan öz
sahəsində müstəqilliyə töhfəsini verməlidir.
Siyasətçilər, iş adamları,
bütün vətəndaşlar, idmançılar - biz
hamımız bir məqsədə qulluq edirik ki, ölkəmiz
daha da güclənsin, daha da inkişaf etsin, insanlar daha da
yaxşı yaşasınlar. Əlbəttə
ki, Azərbaycanı dünyada daha da yaxından
tanısınlar.
Ölkəni tanıtdırmaq üçün məncə,
idman kimi ikinci universal vasitə yoxdur. İdman və mədəniyyət.
Ancaq idmanda uğurlar daha da özünü
dolğun şəkildə büruzə verir. Çünki burada birinci, ikinci yerlər, medallar
vardır. Hesab edirəm ki, idman uğurları, o cümlədən
ölkəmizi dünyaya müasir, dinamik inkişaf edən
ölkə kimi təqdim edir. Əlbəttə
ki, burada əsas rolu oynayan bizim
idmançılarımızdır. Dövlət
siyasəti, idmana rəhbərlik edən qurumlar, məşqçilər,
əlbəttə ki, onların fəaliyyəti çox vacibdir.
Ancaq son sözü tatamidə, rinqdə,
başqa meydançalarda idmançı deyir və
bütün xalqı sevindirir.
Bu gün biz haqlı olaraq fəxr edə bilərik ki, gözəl idmançılarımız, güclü idmanımız vardır. İdmançılar, eyni zamanda, həyatda öz davranışı, öz hərəkətləri, Vətənə olan bağlılığı ilə gənc nəslə, uşaqlara örnəkdir, nümunədir. Mən çox şadam ki, idmançılarımızın mütləq əksəriyyəti həyatda, məişətdə, cəmiyyətdə gündəlik fəaliyyətdə vətənpərvər, təvazökar, mədəni insanlar kimi öz işini davam etdirirlər. Hesab edirəm ki, bu, bizi bəzi başqa ölkələrdən fərqləndirən cəhətlərdən biridir. İdmançı Azərbaycanda çox şərəfli addır. Cəmiyyətdə idmançılara çox böyük rəğbət, hörmət vardır, o cümlədən ona görə ki, idmançılar cəmiyyətdə də özlərini çox ləyaqətlə aparırlar.
Mən əminəm ki, bu gün sizdən nümunə götürən uşaqlar, yeniyetmələr gələcəyin çempionları olacaqlar və Azərbaycanı uğurla təmsil edən gənc nəsil də 5-10 ildən sonra sizin qədər dəyərli idmançılara çevriləcəklər.
Bir daha sizi ürəkdən təbrik edirəm. Sizə
cansağlığı, yeni uğurlar arzulayıram.
* * *
Sonda xatirə şəkli çəkdirildi.
AzərTAc
Azərbaycan.-2013.- 5 oktyabr.- S.1,2.