Milli Məclisin bir
qrup deputatı və jurnalistlər
Müdafiə
Nazirliyinin «N» saylı hərbi hissəsində
olmuşdur
Oktyabrın 4-də Milli Məclisin bir qrup deputatı və jurnalistlər Müdafiə Nazirliyinin "N" saylı hərbi hissəsində olmuşlar.
AzərTAc xəbər verir ki, hərbi hissənin şəxsi heyəti qarşısında çıxış edən Milli Məclis Sədrinin müavini Bahar Muradova, parlamentin deputatları Hadi Rəcəbli, Aydın Mirzəzadə, Bəxtiyar Sadıqov və Gövhər Baxşəliyeva Azərbaycanda ordu quruculuğundan, dövlətimizin Silahlı Qüvvələrə göstərdiyi diqqət və qayğıdan danışmışlar.
Bildirilmişdir ki, Azərbaycan hazırda Cənubi Qafqazın ən güclü ordusuna sahibdir. Azərbaycan Silahlı Qüvvələri ən müasir silah və hərbi texnika ilə təchiz olunmuşdur və bu proses davam etdirilir. Belə güclü orduya malik Azərbaycan ərazi bütövlüyünü ən yaxın zamanda bərpa edə biləcəkdir. Azərbaycan Ordusu texniki imkanlarına görə postsovet ölkələrinin bir çoxundan daha üstündür, güclü kadr potensialına malikdir. Ordumuz bu gün dünyanın ən müasir texnikası və silahları ilə təmin olunmuşdur. Hərbi qulluqçuların bilik səviyyəsinin yüksəldilməsi üçün böyük işlər görülmüş, onların sosial-məişət şəraiti xeyli yaxşılaşdırılmışdır.
Sonra hərbi hissənin qərargahında S-300PMU2 - "Favorit" Hava Hücumundan Müdafiə (HHM) sistemi barədə məlumat verilmişdir.
Hərbi Hava Qüvvələrinin komandanı, general-mayor Altay Mehdiyev bildirmişdir ki, Azərbaycan Silahlı Qüvvələrinin istifadəsində olan S-300 PMU2-"Favorit" HHM sistemi bu tip silahların ən son və yeniləşdirilmiş modelidir. Bu sistem müharibə və sonrakı dövrdə lazımi funksiyaları yerinə yetirir. Azərbaycanın ərazi bütövlüyünə hər hansı təhlükənin olacağı təqdirdə bu silah vasitəsilə düşmənə lazımınca cavab veriləcəkdir. Bu texnika hərbi paradda ictimaiyyətə nümayiş etdirilmişdir. Zenit raket kompleksləri Azərbaycanın HHM sisteminə əlavə güc qazandırır.
Qeyd edilmişdir ki, S-300 PMU2-"Favorit" HHM sistemləri komanda məntəqəsindən ibarətdir və altıya yaxın zenit raket sistemindən ibarətdir. Zenit raket briqadasının komanda məntəqəsi bir kabinadan ibarətdir. Həmin komanda məntəqəsi vasitəsilə 6 zenit raket sistemini idarə etmək mümkündür. Hər zenit raket sisteminin silahlanmasında 6 atıcı qüvvə vardır və hər atıcı qüvvədə 4 raket mövcuddur. Komanda məntəqəsi eyni vaxtda 36 hədəfə qarşı öz işini görə bilir.
Sonra zenit raket komplekslərinin taktiki-texniki göstəriciləri barədə ətraflı məlumat verilmişdir. Raket kompleksinin döyüş hazırlığına gətirilməsi əyani şəkildə nümayiş etdirilmişdir.
Qonaqlar hərbi hissədə "ALTEX-300" təlim-məşq kompleksinə, "54 KGE2" döyüş idarəetmə məntəqəsinə, "64 NGE2" aşkaretmə radiolakatoruna, "30 N6E2" işıqlandırma və yönəltmə radiolakatoruna, "5 P85 TE2" tipli atıcı qurğuya və digər yerlərə baxmış, səhra ərzaq anbarı, yeməkxana, səhra yataq kunqları ilə tanış olmuşlar.
Tədbir iştirakçıları kompleksin döyüşə hazırlıq vəziyyətini izləmiş, zenit raket briqadası üçün yaradılan şəraitlə tanış olmuşlar.
Qonaqlar
hərbi hissədə əsgər və zabitlər
üçün yaradılmış şəraiti yüksək
qiymətləndirmişlər.
Azərbaycan.-2013.- 5 oktyabr.- S.3.