Novruz MƏMMƏDOV: EştonFülenin

 fikirlərini ədalətsiz və olduqca qərəzli hesab edirəm

 

Avropa İttifaqının (Aİ) rəsmiləri Ketrin EştonŞtefan Fülenin Azərbaycanla bağlı növbəti birgə bəyanatını təəssüf və təəccüblə qarşıladım.

Gün.Az xəbər verir ki, bunu Prezident Adminstrasiyası rəhbərinin müavini, PA beynəlxalq əlaqələr şöbəsinin müdiri Novruz Məmmədov Aİ-nin ali komissarı Ketrin Eşton və sözügedən qurumun  Qonşuluq və Genişləndirmə siyasəti üzrə rəsmisi Ştefan Fülenin son bəyanatına münasibət bildirərkən dilə gətirib.

PA rəsmisinin qeyd etdiyinə görə, sözügedən şəxslər Brüsseldə otura-otura Azərbaycanın daxilində baş verən hadisələrdən, proseslərdən xəbərdar olmaya-olmaya özlərinin birbaşa fəaliyyətinə aid olmayan məsələlərlə bağlı fikirlər səsləndirirlər.

N.Məmmədov qeyd edib ki, o, Aİ-nin hər iki rəsmisinin bəyanatını, orada səsləndirilmiş fikirləri səmimi, ədalətli hesab etmir: "Əksinə, mən həmin fikirləri ədalətsiz və olduqca qərəzli hesab edirəm. Nə Ketrin Eşton, nə də cənab Ştefan Füle bu günə qədər Ermənistan-Azərbaycan münaqişəsi, bir milyon azərbaycanlı qaçqın, məcburi köçkün barədə ədalətli, predmetli, məntiqli fikir, mövqe ortaya  qoymayıblar.

Niyə onlar bu günədək bir dəfə də olsun belə Ermənistanın təcavüzkar siyasətini pisləyən bəyanatla çıxış ettməyiblər?

Yaxşı olardı ki, həmin şəxslər, xüsusulə hər zaman Azərbaycana qısqanclıqla, qərəzlə yanaşan Ştefan Füle Ermənistan prezidentinin Avropa Şurası Parlament Assambleyasının son sessiyasındakı növbəti antiAzərbaycan çıxışına, onun təhdidlərinə cavab verəydi.

Niyə cavab vermirlər?"

PA rəsmisi eyni zamanda qeyd edib ki, Azərbaycanda oktyabrın 9-da keçiriləcək prezident seçkiləri ilə bağlı bildirilən iradların da heç bir əsası yoxdur.

Onun sözlərinə görə, Azərbaycan hakimiyyəti özü seçkilərin demokratik, ədalətli keçirilməsində maraqlıdır və bu, belə də olacaq:

"Artıq Azərbaycanda seçkiləri izləmək üçün onlarla müşahidə missiyası var. Bu sıraya həm Avropa Şurası, həm ATƏT, həm də digər beynəlxalq qurumlar daxildir. Eyni zamanda Azərbaycandakı seçkilərlə, ölkədə baş verən proseslərlə bağlı nüfuzlu sorğu mərkəzlərinin rəyləri ortadadır. Əvvəlcə həmin rəylərlə, mövqelərlə tanış olsunlar, sonra münasibət bildirsinlər".

 

 

Azərbaycan.-2013.- 5 oktyabr.- S.4.