AŞPA-nın tribunasından əsir və
itkin düşmüş,
girov götürülmüş
azərbaycanlıların taleyi ilə
bağlı həqiqətlər səsləndirilmişdir
Avropa Şurası Parlament Assambleyasının (AŞPA) növbəti plenar iclasında britaniyalı deputat Cim Şeridanın təqdim etdiyi "Avropada münaqişələr zamanı itkin düşən insanlar: bəşəri məsələlərə cavab tapmağın uzun yolu" adlı məruzə ətrafında müzakirələrdə Azərbaycanın qurumdakı nümayəndə heyətinin üzvü Sahibə Qafarova da çıxış etmişdir.
Azərbaycanlı deputat demişdir: Münaqişələr çox ciddi humanitar fəlakətlərə və uzun illər aradan qaldırılması mümkün olmayan fəsadlara gətirib çıxarır. Biz Ermənistan tərəfindən məcburi münaqişəyə cəlb olunmuş və torpaqlarının 20 faizi işğal edilmiş bir dövlətin vətəndaşları kimi bunu çoxlarından yaxşı başa düşürük. Çünki bu münaqişənin çox ağır nəticələrini hələ də yaşamaqdayıq. Azərbaycanda əsir və itkin düşmüş, girov götürülmüş vətəndaşlarla əlaqədar dövlət komissiyası yaradılmışdır. Bu komissiyanın əsas vəzifəsi Ermənistanın təcavüzü nəticəsində əsir və girov götürülmüş şəxslərin geri qaytarılması, itkin düşənlərin axtarılması ilə əlaqədar tədbirlər hazırlamaq və onların həyata keçirilməsinə rəhbərlik etməkdir.
S.Qafarova Ermənistan-Azərbaycan münaqişəsi nəticəsində əsir və itkin düşmüş, girov götürülmüş soydaşlarımız barədə məlumat verərək bildirmişdir ki, son məlumatlara görə, əsir və itkin düşmüş, girov götürülmüş azərbaycanlıların sayı 4035 nəfərdir. Onlardan 3263 nəfəri hərbçi, 771 nəfəri mülki şəxsdir. Mülki şəxslərdən 46-sı yetkinlik yaşına çatmamış uşaq, 255-i qadın, 353-ü yaşlı insanlardır. İndiyədək 1402 nəfər əsirlikdən və girovluqdan azad edilmişdir. Həmçinin 553 nəfərin qətlə yetirildiyi, yaxud müxtəlif səbəblərdən vəfat etdiyi müəyyən olunmuşdur. Şahid ifadələri və müvafiq ekspertiza tədbirləri nəticəsində 300 nəfərdən artıq azərbaycanlının erməni əsirliyində müxtəlif işgəncələrə məruz qaldığı və vəhşicəsinə qətlə yetirildiyi öz təsdiqini tapmışdır. Əlbəttə, bütün bunlar kifayət qədər böyük rəqəmlərdir. Bütövlükdə Avropa üzrə qeydə alınmış itkinlərin təxminən 20 faizə qədəri azərbaycanlılardır və onlar Ermənistanda dözülməz işgəncələrə məruz qalmışlar və bəziləri yəqin ki, hələ də bu işgəncələri yaşamaqdadır.
Ermənistanla Azərbaycan arasında atəşkəs əldə olunduğunu xatırladan deputat sözünə davam edərək demişdir: Atəşkəs rejiminə baxmayaraq, erməni tərəfinin qoşunların təmas xəttində dinc sakinlərə atəş açması və törətdiyi təxribatlar nəticəsində Azərbaycanın müharibə qurbanlarının sayı durmadan artmaqdadır. Dünən biz hamımız bu zalda Ermənistan prezidentinin BMT Təhlükəsizlik Şurasının işğal olunmuş Azərbaycan ərazilərindən qoşunların qeydsiz-şərtsiz çıxarılmasını tələb edən dörd qətnaməsinə özünəməxsus tərzdə necə şərh verdiyinin şahidi olduq. Onun sözlərinə görə, guya bu qətnamələr Azərbaycana aiddir.
S.Qafarova bildirmişdir ki, bu fakt Ermənistanın BMT Təhlükəsizlik Şurasının qərarlarına biganə münasibətinin, onları inkar etməsinin əyani sübutudur. Bir daha açıq-aşkar göründü ki, münaqişə məhz Ermənistanın qeyri-konstruktivliyi ucbatından hələ də həll olunmamış qalır və bütün beynəlxalq çağırışlara baxmayaraq, rəsmi Yerevan münaqişənin həllindən hər vəchlə yayınır.
Azərbaycanlı
deputat çıxışının sonunda
vurğulamışdır ki, çox mühüm və aktual
bir problemin müzakirə olunduğu iclasda yenidən bu məsələyə
toxunmaqda məqsədi beynəlxalq ictimaiyyəti gələcəkdə
belə halların qarşısının alınması və
bir daha təkrarlanmaması
üçün səyləri birləşdirməyin nə qədər
vacib olduğuna inandırmaqdır.
Əsgər
ƏLİYEV,
AzərTAc-ın xüsusi müxbiri
Strasburq
Azərbaycan.-2013.- 5 oktyabr.- S.4.