Şərəfli peşə sahibləri

 

5 oktyabr Beynəlxalq Müəllimlər Günüdür

 

Hər bir millətin mədəni tərəqqisi məktəblə, məktəbin tərəqqisi isə müəllimlərlə bağlıdır. Bu fikir xalqımızın bir çox görkəmli maarifçiləri tərəfindən dəfələrlə vurğulanmışdır. Müəllim elə bir gərəkli və xeyirxah missiyanın daşıyıcısıdır ki, onun gördüyü işi heç kəs yerinə yetirə bilmir. Əsl müəllim özünü daim xalqa, vətənə borclu hiss edir, bilik və bacarığını, qəlbinin hərarətini sabahımız naminə ərmağan edir. Onun adı uca tutulmalı, nüfuzu qorunmalıdır. Müəllimə qayğı cəmiyyətə, vətənə, onun bugününə və sabahına qayğı deməkdir.

Bu müqəddəs peşə sahibləri işıqlı insanlar olduqları üçün onları yanar şama bənzədiblər. Xalqın həyatının, inkişafının bütün mərhələlərində müəllimlər yolgöstərən, öndə gedən olublar. Öz ağlı, istedadı, zəkası ilə fərqlənən müəllimlərimiz həmişə çox olub. Onlar xalqın həyatına ziya - işıq, nur bəxş ediblər. Bəlkə buna görə də "ziyalı" sözünü işlədəndə ilk növbədə göz önünə müəllim siması gəlir.

Bu gün ziyalı, işıqlı insanların - əziz müəllimlərin peşə bayramıdır. 5 oktyabr Beynəlxalq Müəllimlər Günü hər il ölkəmizdə qeyd olunur. Həmin gün kiçikdən-böyüyə hamı bir daha müəllimlərə öz minnətdarlıq duyğularını ifadə edir. Şagirdlər məktəbdə, tələbələr auditoriyada minnətdar baxışları, bizlər - əziz müəllimlərindən çoxdan ayrılanlar isə telefon vasitəsilə xoş sözlərlə onları təbrik edirik. Bu insanlar əslində hər gün, hər saat bizimlədir. Öyrətdikləri, dedikləri, nəsihət etdikləri hər an köməyimizə gəlir, əlimizdən tutur.

Müəllim adı dünyanın hər yerində qürurla, hörmətlə səslənir. Təsadüfi deyil ki, UNESCO 1966-cı il oktyabrın 5-də hər il Beynəlxalq Müəllimlər Gününün qeyd olunması ilə bağlı qərar verib. Bu təşkilat eyni zamanda müəllimlərin statusunun artırılması ilə bağlı tövsiyə xarakterli sənəd də qəbul edib. İndi dünyanın 100-dən çox ölkəsi müəllimlərin peşə bayramını yüksək səviyyədə keçirir. Ulu öndər Heydər Əliyev Azərbaycan Respublikasında bu günün qeyd olunması ilə əlaqədar xüsusi sərəncam imzalamışdır.

Yeri gəlmişkən qeyd edək ki, dünyanın ən böyük dahiləri öz müəllimlərini heç vaxt unutmamış, onları həmişə xatırlamış və yad etmişlər. Ümummilli lider Heydər Əliyev də öz müəllimləri haqqında həmişə ehtiramla danışırdı. Ulu öndər Azərbaycana rəhbərlik etdiyi hər iki dövrdə müəllimlərin əməyini yüksək dəyərləndirmiş, onlara dövlət səviyyəsində qayğını əsirgəməmişdir:

"Mən müəllim adından yüksək ad tanımıram", - deyən ulu öndərin öz müəllimlərinə göstərdiyi yüksək ehtiram, alicənablıq nümunəsi kimi gənc nəslin də yararlana biləcəyi əvəzsiz örnək, xoş nümunə olmuşdur. Azərbaycan müəlliminin şərəfli adının uca tutulması, onun fəaliyyəti üçün hərtərəfli normal şəraitin yaradılması əsas amillərdən biridir. Ulu öndər hər zaman müdrikliklə vurğulamışdır ki, yüksək savadlı, intellektual səviyyəli müəllimlər olmadan cəmiyyətin hərtərəfli inkişafını təmin etmək mümkün deyil. Ümummilli lider yeganə nicat yolunu xalqın yüksək təhsil almasında, maariflənməsində görmüş, respublikada elmin inkişafı üçün bütün zəruri tədbirləri həyata keçirmişdir. Dəfələrlə vurğulamışdır ki, cəmiyyətin tərəqqisinə, elmin, mədəniyyətin inkişafına təsir göstərən ən qüdrətli vasitə məhz elm və təhsildir.

Azərbaycan müəllimlərinin XI qurultayında geniş məruzə ilə çıxış edən ulu öndər demişdir: "Azərbaycan müəllimlərinin tam əksəriyyəti layiqli müəllimlərdir. Əgər belə olmasaydı, Azərbaycanın bugünkü elmi, iqtisadiyyatı, mədəniyyəti, yüksəlişi ola bilərdimi?.."

Ulu öndər müəllimlərin əməkhaqqının artırılması, onlara fəxri adların verilməsi ilə əlaqədar dəfələrlə sərəncamlar imzalamışdır. Təqdirəlayiq haldır ki, bu ənənə son 10 ildə də Azərbaycan dövləti tərəfindən uğurla davam etdirilir. "2005-2008-ci illər üçün ümumtəhsil məktəbləri şəbəkəsində pedaqoji kadr təminatı üzrə Dövlət Proqramı"nın qəbul edilməsi ilə bağlı ölkə rəhbərinin sərəncamı və digər sənədlər buna aydın misaldır. Dövlət büdcəsindən hər il təhsilə sanballı həcmdə vəsait ayrılır ki, bu da həmin sahənin keyfiyyətcə daha da yeniləşməsinə, ardıcıl və sistemli şəkildə inkişaf etməsinə şərait yaradır.

Müəllimin əməyi müqəddəs sayılır, müəllim adı uca tutulur. Müəllimlərimiz yenə də cəmiyyətin ən dəyərli və hörmətli təbəqələri sırasındadır.

Statistika göstərir ki, Azərbaycanda əhalinin təhsil səviyyəsi ildən-ilə artır. Belə ki, bu il yanvarın 1-nə olan məlumata görə, ölkədə yaşı 15-dən yuxarı olan əhalinin hər 1000 nəfərindən 969-u ali, orta ixtisasorta təhsilə malikdir.

Hazırda Azərbaycanda 4500-dən çox ümumtəhsil müəssisəsi fəaliyyət göstərir. Bu müəssisələrdə çalışan müəllimlərin sayı 150 min nəfərdən çoxdur. Bakı şəhəri üzrə Təhsil İdarəsinin tabeliyində 330 ümumtəhsil məktəbi var. Bu məktəblərdə 311 695 şagirdin təlim və tərbiyəsi ilə 29870 müəllim məşğul olur.

Ölkədə təhsil sisteminin milli, mənəvi və ümumbəşəri dəyərlərə əsaslanmasında, Boloniya prosesində yaxından iştirak etməklə dünya təhsil sisteminə inteqrasiya yolu ilə inkişaf etməsində müəllimlərin rolu böyükdür.

Dövlət müəllimlərin gərgin və gərəkli əməyinin stimullaşdırılmasına diqqət və qayğı ilə yanaşır. Müəllimlərin maaşlarında vaxtaşırı artımlar olur. Müəllimlər ordenmedallarla təltif edilirlər, "Əməkdar müəllim" adına layiq görülürlər.

Son on ildə ümumtəhsil sisteminin iki min nəfərdən çox işçisi, o cümlədən yüzlərlə müəllim fəxri ada və dövlət təltiflərinə layiq görülmüşdür. İndi gözəl bir ənənə də yaranmışdır. Hər il ölkə üzrə "Ən yaxşı ümumtəhsil məktəbi", "Ən yaxşı müəllim" nominasiyaları üzrə müsabiqələr keçirilir. Qalib gələn məktəblərə və müəllimlərə diplompul mükafatları verilir. Belə tədbirlərin keçirilməsinin təhsil ocaqları və müəllimlər arasında sağlam rəqabətin gücləndirilməsində, onların təşəbbüskarlağının, işə yaradıcı münasibətinin artırılmasında böyük əhəmiyyəti var.

Azərbaycanda mükəmməl müəllim kadrlarının hazırlanması və onların təkmilləşdirilməsi də daim gündəmdə olan məsələdir. Ölkəmizdə bu işlə bir neçə aliorta ixtisas məktəbi məşğul olur. Azərbaycan Dövlət Pedaqoji Universiteti, Bakı Dövlət Universiteti, Azərbaycan Dillər Universiteti ilə yanaşı, Azərbaycan Müəllimlər İnstitutuonun filialları da yüksək ixtisaslı pedaqoji kadrlar hazırlayır. Bu sıraya Bakı Pedaqoji Kollecidaxildir. Onlar bir amili xüsusi diqqətdə saxlayırlar ki, bu gün həm dövlət, həm də cəmiyyət müəllimə yüksək tələbkarlıqla yanaşır. Çünki müəllim təkcə yazıb-oxumağı öyrədən şəxs deyil, dərin və hərtərəfli biliyə, yüksək intellektə malik mütəxəssisdir. Başqa sözlə, hər bir müəllim elmi-nəzəri hazırlığı, pedaqoji ustalığı, metodiki cəhətdən kamilliyi, idarəetmə qabiliyyəti, yaradıcı münasibəti, təşəbbüskarlığı, prinsipiallığı ilə fərqlənməlidir. Yalnız bu halda o, cəmiyyətdə öz nüfuzu ilə fərqlənə bilər.

Bugünün müəllimi ümumi təhsilin müasir məzmununun müəyyənləşdirilməsində, dərsliklərin hazırlanmasında tanınmış mütəxəssis və alimlərin bərabərhüquqlu tərəfdaşına çevrilib. Müəllimlər üçün təşkil olunan ixtisasartırma kursları, seminar və treninqlər də onların peşəkarlıq səviyyəsinin artırılmasına yönəldilib. Fərqlənən müəllimlərin xarici ölkələrdəki həmkarları ilə təcrübə mübadiləsi aparması, innovativ təhsil layihələrində iştirak etməsi, mətbuat səhifələrində çıxışları üçün imkanlar yaradılır.

Bu gün Azərbaycanın ən ucqar kəndlərində də müasir məktəb binaları inşa edilir. Heydər Əliyev Fondunun "Yeniləşən Azərbaycana yeni məktəb" layihəsi ölkənin bütün vətəndaşlarında iftixar hissi oyadır. Bu istiqamətdə Fondun prezidenti, UNESCO və İSESCO-nun xoşməramlı səfiri, Milli Məclisin deputatı Mehriban xanım Əliyevanın təşəbbüslərini və fəaliyyətini hamı alqışlayır.

Təbii ki, müasir, yeni məktəbdə həm də yüksək ixtisaslı, günün tələblərinə cavab verən müəllimlər çalışmalıdır. Bugünün müəllimi təkcə proqram əsasında uşaqlara dərs keçən şəxs deyil. O öz üzərində çalışan, hərtərəfli inkişaf etmiş ziyalı olmalıdır ki, məhz belələrini də yetişdirə bilsin.

Bu gün müəllimlərin və müəllim əməyinin hər bir kəsin həyatından qırmızı xətlə keçdiyi üçün hamımızın bayramıdır. Müəllim hər birimizlə həyat yollarında birgə "addımlayan" insandır. Onun bu yollarda bizlərlə çiyin-çiyinə dayanması da, əməlləri, nəsihətləri, öyrətdikləri ömürlük hafizəmizdə qalır, hamımızla birlikdə olur.

 

 

İradə ƏLİYEVA,

Azərbaycan.-2013.- 5 oktyabr.- S.6.