Bakıda VII Azərbaycan Beynəlxalq təhsil və karyera sərgisi açılmışdır

 

Oktyabrın 4-də Bakıda "JW Marriott Absheron" mehmanxanasında VII Azərbaycan Beynəlxalq təhsil və karyera sərgisi ("Education & Career-2013") öz işinə başlamışdır.

AzərTAc xəbər verir ki, sərginin açılış mərasimində sərgidə təmsil olunan bir sıra xarici ölkələrin Azərbaycandakı səfirləri və digər rəsmi şəxslər iştirak etmişlər.

Açılış mərasimində çıxış edən təhsil naziri Mikayıl Cabbarov dünyanın müxtəlif ölkələrindən gəlmiş iştirakçıları VII Azərbaycan Beynəlxalq təhsil və karyera sərgisində salamlamaqdan böyük məmnunluq hissi duyduğunu söyləmişdir. Nazir müasir texnologiyaların geniş vüsət aldığı dünyada hər bir sahənin inkişafının, ilk növbədə, dövrün tələblərinə uyğun yüksək bilik və bacarığa malik kadrlardan asılı olduğunu vurğulayaraq bildirmişdir ki, bunu nəzərə alan Azərbaycan hökuməti ölkə vətəndaşlarına dünya standartlarına uyğun yüksək səviyyəli təhsil imkanları yaratmaq istiqamətində ciddi addımlar atmaqdadır.

Qeyd olunmuşdur ki, Azərbaycanın ali təhsil müəssisələrinin belə sərgilərdə fəal iştirakı onların həm xarici tərəfdaşları ilə birbaşa əlaqələr qurması, həm də təhsilin effektiv idarə olunması sahəsində qabaqcıl dünya təcrübəsinin öyrənilməsi baxımından böyük əhəmiyyət kəsb edir. Belə tədbirlər eyni zamanda effektli təbliğat vasitəsidir və hər bir təhsil müəssisəsi, o cümlədən tələbələr özlərini əmək bazarında tanıtmaq üçün yaranan bu nadir imkanlardan yetərincə yararlanmağa çalışmalıdırlar.

Ölkəmizin sürətlə inkişaf edən iqtisadiyyatı üçün yüksək hazırlıqlı, müasir peşələrə dərindən yiyələnmiş kadrlara böyük tələbat yarandığını diqqətə çatdıran Mikayıl Cabbarov Təhsil Nazirliyinin ölkəmizdə və xaricdə fəaliyyət göstərən müxtəlif şirkətlərlə əməkdaşlıq çərçivəsində əsl peşəkarların hazırlanmasına xüsusi önəm verdiyini söyləmişdir. Həmçinin qeyd etmişdir ki, ictimaiyyəti bununla bağlı məlumatlandırmaq və ilk peşə-ixtisas təhsilinin əhəmiyyətini gənclərə çatdırmaq məqsədilə sərgi çərçivəsində "Müasir Azərbaycan peşəkarları layihəsi"nin təqdimatı keçiriləcəkdir.

Nazirin fikrincə, təhsil prosesi yalnız tələbələrə formal təlim verməklə məhdudlaşmamalı, əmək bazarının hazırkı və gələcək ehtiyaclarını ciddi şəkildə nəzərə alaraq tələbat duyulan sahələr üzrə mütəxəssislər yetişdirilməsinə istiqamətlənməlidir. İşəgötürənlər isə öz növbəsində yaxın və orta perspektivdə müxtəlif sahələr üzrə mütəxəssislərə olan tələbatı daim təhsil müəssisələri ilə paylaşaraq təhsil prosesinin məhz ölkənin iqtisadi inkişafına xidmət edən istiqamətdə yönləndirilməsinə dəstək verməlidirlər. Bu məsələlərin müvafiq dövlət qurumları, ali təhsil müəssisələri və şirkətlərin iştirakı ilə hərtərəfli təhlil olunması məqsədilə sərgi çərçivəsində "Azərbaycanda əmək bazarının inkişafı naminə yeni təşəbbüslər" mövzusunda "dəyirmi masa" təşkil olunacaqdır.

Açılış mərasimində çıxış edən "Iteca Caspian LLC" şirkətinin direktoru Fərid Məmmədov bildirmişdir ki, rəhbərlik etdiyi şirkətin təşkilatçılığı və Azərbaycan Respublikası Təhsil Nazirliyinin dəstəyi ilə keçirilən sərgidə 17 ölkədən 100-dən artıq təhsil müəssisəsi, bu sahə ilə əlaqəli təşkilat və şirkətlər iştirak edirlər. Onların ekspozisiyaları vasitəsi ilə xaricdə təhsil, kurslar, biznesixtisas proqramları, həmçinin təhsil sistemləri haqqında ətraflı məlumatlar almaq mümkündür.

F.Məmmədov sərginin Azərbaycanda İxracın və İnvestisiyaların Təşviqi Fondu (AZPROMO) və Azərbaycan Respublikası Sahibkarlar (İşəgötürənlər) Təşkilatları Milli Konfederasiyası tərəfindən dəstəkləndiyini də diqqətə çatdırmışdır.

Tədbirdə "Iteca Caspian LLC" şirkəti tərəfindən təhsil naziri Mikayıl Cabbarova sertifikat təqdim edilmişdir.

Sonra iştirakçılar sərgi ilə tanış olmuşlar.

Sərgidə Azərbaycanla yanaşı, Böyük Britaniya, Macarıstan, Gürcüstan, İspaniya, Kanada, Litva, Polşa, Rusiya, Türkiyə, Ukrayna, Fransa, Koreya Respublikası və digər ölkələrin nüfuzlu təhsil müəssisələri və təşkilatları müxtəlif ixtisaslar üzrə 70-dən çox fakültə, kursproqramlar təqdim edirlər. İlk dəfə olaraq sərgidə beş ölkənin - Belarus, Litva, Macarıstan, Polşa və Ukraynanın müxtəlif  təhsil müəssisələri öz milli stendlərini nümayiş etdirirlər.

Azərbaycan Dillər Universiteti, Azərbaycan Dövlət İqtisad Universiteti, Bakı Ali Neft Məktəbi, Azərbaycan Texniki Universiteti, Bakı Biznes Universiteti, Bakı Sahibkarlıq Peşə Məktəbi (BSPM), Azərbaycan Beynəlxalq Təhsil Mərkəzi və digər təhsil müəssisələri də sərgidə öz stendləri ilə təmsil olunurlar.

VII Azərbaycan Beynəlxalq təhsil və karyera sərgisində təmsil olunan iştirakçıların əksəriyyəti xaricdə bakalavr və MBA proqramları, dil kursları, biznes-proqramlar və təlim sistemləri təqdim edən təhsil müəssisələri və universitetlərdir.

Sərgi oktyabrın 6-dək davam edəcəkdir.

 

Azərbaycan.-2013.- 5 oktyabr.- S.7.