Vyanada ARDNŞ-nin Avstriyadakı nümayəndəliyinin yaradılmasının

5 illiyi və Neftçilər gününə həsr olunmuş təntənəli tədbir keçirilmişdir

 

ARDNŞ-nin Avstriyadakı nümayəndəliyinin təsis edilməsinin 5 illik yubileyi və Neftçilər günü münasibətilə Vyananın mərkəzində yerləşən Kursalon mədəniyyət sarayının "Ştraus" zalında rəsmi qəbul təşkil olunmuşdur.

Qəbulda Avstriyanın dövlət və hökumət nümayəndələri, federal və əyalət parlamentlərinin üzvləri, BMT, OPEK, OPEK Fondu, ATƏT kimi beynəlxalq təşkilatların yüksək vəzifəli təmsilçiləri, Vyanada akkreditə olunmuş ölkələrin səfirləri, habelə diplomatik korpusun nümayəndələri, Azərbaycanın bir sıra Avropa ölkələrindəki səfirləri, iri sənaye şirkətlərinin, xüsusilə energetika, neft-qaz sektorunda fəaliyyət göstərən Avstriyanın və digər Avropa ölkələrinin şirkətlərinin rəhbərləri və məsul nümayəndələri iştirak etmişlər.

Mərasimə qatılan qonaqları sarayın girişində Azərbaycanın milli geyimində oğlan və qız salamlamışdır. Sarayın qarşısındakı meydan Azərbaycanın dövlət və ARDNŞ-nin bayraqları ilə bəzədilmişdir.

ARDNŞ-nin Avstriyadakı nümayəndəliyinin direktoru Gülmirzə Cavadov 500-dək qonağın qatıldığı rəsmi qəbulu giriş sözü ilə açmışdır. Tədbir iştirakçılarını ARDNŞ-nin prezidenti Rövnəq Abdullayevin adından salamlayan G.Cavadov qonaqlara, xüsusilə OPEK Fondunun baş direktoru Süleyman Yasir əl-Herbiş daxil olmaqla, yüksək ranqlı şəxslərə, səfir və nazirlərə, beynəlxalq qurum və şirkət rəhbərlərinə, eləcə də xarici ölkələrdən gəlmiş nümayəndələrə bu mötəbər tədbirə qatıldıqlarına görə təşəkkürünü bildirmişdir.

G.Cavadov neft amilinin Azərbaycan üçün oynadığı tarixi əhəmiyyəti, dünyada ilk dəfə sənaye üsulu ilə neftin məhz bizim ölkədə çıxarıldığını, dünya neftqaz sənayesinin inkişafında mütəxəssislərimizin əvəzsiz rolunu vurğulamışdır. Hətta neftqaz amilinin Azərbaycanın minilliklər boyu Odlar Yurdu adlandırılmasının başlıca səbəblərindən biri olduğunu diqqətə çatdırılmışdır.

Hazırda Azərbaycan müşahidə olunan iqtisadi inkişafın və bütün sahələrdə həyata keçirilən irimiqyaslı layihələrin həyata keçirilməsində bilavasitə neftçilərimizin fədakarlığına və onların əməyinə dövlətimiz tərəfindən daim yüksək dəyər verilməsi qeyd olunmuşdur.

G.Cavadov xüsusi vurğulamışdır ki, tarixən neft ölkəsi kimi tanınan Azərbaycan artıq 2007-ci ildən bəri dünyada qaz ixrac edən etibarlı ölkə kimi qəbul olunmuşdur. Son illərdə qaz sənayesində reallaşdırılan irimiqyaslı layihələrə toxunan G.Cavadov "Şahdəniz-2" layihəsinə start verildiyini bildirmiş və Azərbaycanda yüksək səviyyədə qeyd olunan Neftçilər günündən bir gündən öncə - 19 sentyabr 2013-cü ildə Bakıda tarixi hadisənin baş verdiyini vurğulamışdır: həmin gün təntənəli şəkildə "Azərbaycan Qazının Avropaya İxracı üzrə Müqavilələr"in imzalanması mərasimi keçirilmişdir.

Həmçinin o, hər bir azərbaycanlı üçün əziz olan bu bayramın 1994-cü il 20 sentyabrda Bakıda imzalanmış "Əsrin müqaviləsi" zəfəri ilə əlaqədar bu günün məhz Heydər Əliyev tərəfindən neftçilərin peşə bayramı kimi elan edildiyini və həmin vaxtdan etibarən Azərbaycanda yüksək səviyyədə qeyd olunduğunu bildirmişdir.

Azərbaycanın Avstriyadakı səfiri Qalib İsrafilov çıxışında Azərbaycanın Avstriya ilə, eləcə də Avropanın digər ölkələri ilə enerji sektorunda getdikcə artan əməkdaşlığın, habelə Azərbaycanın enerji təhlükəsizliyinin təminatında artan rolunun aydın şəkildə müşahidə olunduğunu vurğulamışdır. Bu gün Azərbaycan qazının Avropaya nəqli istiqamətinin aparılan fəaliyyətin və başlanılan irimiqyaslı layihələrin bünövrəsinin, eləcə də Azərbaycanın enerjidaşıyıcılarının Avropadünya bazarlarına çıxarılmasına imkan verən müvafiq bazanın məhz ümummilli lider Heydər Əliyev tərəfindən yaradıldığını və bütün bunların onun müəyyənləşdirdiyi siyasət sayəsində mümkün olduğunu diqqətə çatdırmışdır. Həmin siyasətin bu gün uğurla davam etdirilməsi bu proseslərin inkişafına şərait yaradır.

Diplomatiksiyasi-iqtisadi dairələrdə geniş oxucu kütləsinə malik Avstriyanın nüfuzlu "Society" jurnalının sahibi, naşiribaş redaktoru Qertrud Tauxhammer çıxışı zamanı Azərbaycana səfərlərinin onda ən xoş təəssüratlar doğurduğunu qeyd etmişdir. O, Azərbaycanın Avstriyadakı səfirliyi və ARDNŞ-nin Avstriyadakı nümayəndəliyi ilə çox yüksək səviyyədə qurulmuş uğurlu əməkdaşlığı diqqətə çatdırmışdır. Q.Tauxhammer bildirmişdir ki, rəhbərlik etdiyi jurnal bu yaxınlarda ARDNŞ-nin nümayəndəliyi ilə birgə çox uğurlu layihə həyata keçirmişdir. Belə ki, Azərbaycan Prezidenti İlham Əliyevin 2013-cü ilin may ayında Avstriyaya rəsmi səfəri və Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyevanın təşəbbüsü ilə Vyanada keçirilən mötəbər "FLY TO BAKU" sərgisini əhatə edən geniş reportaj və məqalələr həmin jurnalda dərc olunmuşdur. Q.Tauxhammer jurnalın nüsxəsini tədbir iştirakçılarına təqdim etmişdir.

Mərasimdə "Azərbaycan - möcüzəli rənglər ölkəsi" və "Azərbaycan - gələcəyin ölkəsi" xüsusi videoçarxları nümayiş etdirilmişdir.

"Vyana Kamera Orkestrinin solistləri" simli kvartetinin ifasında Azərbaycanın görkəmli bəstəkarları Üzeyir Hacıbəyli, Tofiq Quliyev və digərlərinin, eləcə də Avropa bəstəkarlarının seçmə əsərləri səsləndirilmişdir. Sonra Milanda yaşayan azərbaycanlı opera müğənnisi Yusif Eyvazov pianoçu Səadət İsmayılovanın müşayiəti ilə "Ölkəm", "Bakı haqqında mahnı", "Neftçilər", "Azərbaycan" kimi vətənpərvər ruhlu mahnılar ifa etmişdir.

Tədbirin gedişatında Azərbaycan musiqisinin inciləri olan milli cazmuğamlar səsləndirilmişdir.

Mərasimdə qonaqlara Azərbaycan milli xörəkləri, müxtəlif növ paxlavalar təqdim edilmiş, ayrıca olaraq "Azərbaycan çayı" və  "Azərbaycan konyakı" guşələri qurulmuşdur.

Tədbirin əsas salonunda qurulmuş ekranlarda Azərbaycan mədəniyyəti, musiqisi, xalçaçılıq, milli mətbəx və neft tarixini əks etdirən xüsusi hazırlanmış videoçarxlar və sənədli filmlər mütəmadi nümayiş etdirilmişdir.

Sarayın giriş zalında qurulmuş stendlərdə Azərbaycanın neftqaz sənayesinin tarixinə dair vizual görüntülü məlumatlar əks olunmuş, masalarda Azərbaycan motivlərini özündə ehtiva edən suvenirlər, qablar və əşyalar, əl sənəti nümunələri sərgilənmişdir. Eyni zamanda, ayrıca bir masada neft-qaz sənayesinə dair dəyərli kitablar, Heydər Əliyev Fondu tərəfindən hazırlanmış müxtəlif sahələri əhatə edən nəşrlər və materiallar təqdim olunmuşdur. Ayrıca olaraq Ermənistanın Azərbaycana qarşı təcavüzünü, Xocalı soyqırımını əks etdirən xüsusi guşə yaradılmış və orada müxtəlif kitablar, CD-lər və bukletlər nümayiş etdirilmişdir.

Kursalon mədəniyyət sarayının qarşısındakı Vyana Şəhər Parkında Azərbaycanın Odlar Yurdu və "mavi yanacaq" olan qazı simvolizə edən atəşfəşanlıq və alov şousu olmuşdur.

Tədbirin sonunda bütün qonaqlara içərisində Azərbaycanda istehsal edilmiş məhsullar, suvenirlər, Azərbaycan və ARDNŞ ilə bağlı bukletkitablar olan bağlamalar paylanmışdır. Hər bir qonağa ARDNŞ-nin dəstəyi ilə hazırlanmış "Azərbaycan - Odlar Yurdu" və "Xocalı soyqırımı" sənədli filmləri hədiyyə olunmuşdur.

Tədbir iştirakçıları belə yüksək səviyyədə təşkil olunmuş mərasimdən məmnun qaldıqlarını ifadə etmiş, Azərbaycan və onun neft-qaz sənayesi haqqında bu cür maraqlı qəbula görə minnətdarlıqlarını bildirmiş, bu tədbiri heyranlıqla "Azərbaycana əsl səyahət" kimi dəyərləndirmişlər.

 

 

Elgün NİFTƏLİYEV,

AzərTAc-ın xüsusi müxbiri

Vyana

Azərbaycan.-2013.- 5 oktyabr.- S.7.