Kənd təsərrüfatı naziri Bərdədə vətəndaşları qəbul etmişdir

 

Kənd təsərrüfatı naziri İsmət Abasov Bərdədə bu rayondan, həmçinin Ağcabədi, Ağdam, Tərtər, Beyləqan, İmişli, Füzuli, Laçın və Xocavənd rayonlarından olan vətəndaşları qəbul etmişdir.

AzərTAc xəbər verir ki, qəbuldan əvvəl nazir rayonun Mehdili kəndində "Qarabağ Aqrar-Sənaye Kompleksi" MMC-də cins mal-qaranın, o cümlədən yeni doğulmuş buzovların saxlanma şəraiti ilə tanış olmuş, burada istehsal edilən süd məsullarının keyfiyyətinə baxış keçirmişdir.

İsmət Abasov cins heyvanların sayının daha da artırılması üçün süni mayalama və damazlıq işinin gücləndirilməsi ilə bağlı fermerlərə tövsiyələrini vermiş, heyvanlar arasında virus xəstəliyinin yayılması ilə əlaqədar dövlət başçısının göstərişi ilə baytarlıq tədbirlərinin həyata keçirilməsinə 2 milyon 350 min manat vəsait ayırdığını diqqətə çatdırmışdır.

Sonra nazir cari ildə istifadəyə verilmiş regional baytarlıq laboratoriyasının fəaliyyəti, son vaxtlar ölkənin bir sıra rayonlarında yayılmış "Bunyavirus" xəstəliyinin təsərrüfatda heyvanlara yoluxma vəziyyəti ilə tanış olmuş, baytarlıq mütəxəssislərinin xəstəliyin qarşısının alınması üçün həyata keçirdikləri tədbirlərlə maraqlanmışdır. Bölgə baytarlıq xidmətinin yerlərdə apardığı tədbirlərin nəticəsini görmək məqsədi ilə nazir İsmət Abasov bir neçə fərdi təsərrüfatda müalicə olunmuş mal-qaraya baxış keçirmiş, bölgənin baytar həkimlərinə məsləhət və tövsiyələr vermişdir.

Regional baytarlıq laboratoriyasında keçirilən nazirliyin idarə və təşkilatlarının, tabeli qurumlarının rəhbərlərinin də iştirak etdikləri qəbul zamanı 60-dan artıq vətəndaşın müraciət və təklifləri dinlənilmişdir.

Nazir hər bir vətəndaşın müraciətinin diqqətlə araşdırılması və qaldırılan məsələlərin qanunvericiliyə uyğun şəkildə mümkün qədər qısa müddətdə həll edilməsi barədə müvafiq strukturların rəhbərlərinə tapşırıqlar vermişdir. Müraciətlərin bir hissəsi yerindəcə həllini tapmışdır.

Qəbuldan sonra nazir Ağcabədidə yeni yaradılmış keçi təsərrüfatına baxış keçirmişdir.

 

Azərbaycan.-2013.- 5 oktyabr.- S.8.