DSMF-nin sədri Səlim Müslümov Ağdaşda vətəndaşları qəbul etmişdir

 

Prezident İlham Əliyevin tapşırığına əsasən, mərkəzi icra hakimiyyəti orqanlarının rəhbərləri bölgələrdə vətəndaşların qəbulunu keçirir, onların müxtəlif məsələlərlə bağlı müraciətlərinin həllinə kömək edirlər.

AzərTAc xəbər verir ki, növbəti belə qəbul oktyabrın 4-də Dövlət Sosial Müdafiə Fondunun Ağdaş rayon şöbəsində keçirilmişdir. Dövlət Sosial Müdafiə Fondunun sədri Səlim Müslümovun qəbulunda Ağdaş, Kürdəmir, İsmayıllı, Ucar, Göyçay, Şamaxı və Ağsudan 60-a yaxın məcburi dövlət sosial sığorta ödəyicisi və pensiyaçı iştirak etmişdir.

Vətəndaşlar əsasən pensiya təyinatı, eləcə də pensiyaların yenidən hesablanmasının bir sıra hüquqi aspektləri, o cümlədən əyani təhsil müddətinin staja daxil edilməsi, dövlət qulluqçusu kimi pensiya təyin olunması, müvafiq arxiv sənədlərinin olmaması səbəbindən keçmiş sovet dövründə işlədikləri müddətin əmək stajlarına əlavə edilməməsi kimi məsələlərlə bağlı müraciət etmişlər. Müraciətlərin bir qismi isə pensiya növünün dəyişdirilməsi, fərdi şəxsi hesablarda qeydə alınan pensiya kapitalları, sosial sığorta və digər məsələlərlə bağlı olmuşdur. Hər bir vətəndaşın müraciəti diqqətlə dinlənilmiş, onların problemlərinin həlli ilə bağlı müvafiq tədbirlərin görülməsi üçün tapşırıqlar verilmişdir. Qəbulda vətəndaşları narahat edən bəzi məsələlər elə yerindəcə həllini tapmış, aidiyyəti üzrə olmayan digər müraciətlər isə müvafiq qurumlara çatdırılması üçün qeydiyyata alınmışdır.

Vətəndaşlar onlar üçün yaradılmış şəraitdən razılıqlarını bildirmişlər.

 

Azərbaycan.-2013.- 5 oktyabr.- S.8.