"Emal xüsusi gömrük proseduru
üzrə yerinə yetirilən əməliyyatların hasilat
normasının və ya orta hasilat normasının müəyyənləşdirilməsi
Qaydası"nın təsdiq edilməsi haqqında
Azərbaycan Respublikasının
Nazirlər Kabineti qərar
¹ 266 Bakı şəhəri,
25 sentyabr 2013-cü il
"Azərbaycan
Respublikası Gömrük Məcəlləsinin təsdiq
edilməsi haqqında" Azərbaycan Respublikası Qanununun tətbiqi
barədə" Azərbaycan Respublikası Prezidentinin 2011-ci
il 15 sentyabr tarixli 499 nömrəli Fərmanının
1.3.9-cu yarımbəndinin
icrasını təmin etmək məqsədi ilə Azərbaycan
Respublikasının Nazirlər Kabineti qərara alır:
"Emal
xüsusi gömrük proseduru üzrə yerinə yetirilən
əməliyyatların hasilat normasının və ya orta
hasilat normasının müəyyənləşdirilməsi
Qaydası" təsdiq edilsin (əlavə olunur).
Artur RASİ-ZADƏ,
Azərbaycan Respublikasının Baş naziri
Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2013-cü il 25 sentyabr tarixli 266 nömrəli qərarı ilə təsdiq edilmişdir
Emal xüsusi gömrük proseduru üzrə yerinə yetirilən əməliyyatların hasilat normasının və ya orta hasilat normasının müəyyənləşdirilməsi QAYDASI
1. Ümumi müddəalar
1.1. Bu Qayda Azərbaycan Respublikasının Gömrük Məcəlləsinin (bundan sonra - Gömrük Məcəlləsi) 196.1-ci maddəsinə əsasən hazırlanmışdır və emal xüsusi gömrük proseduru üzrə yerinə yetirilən əməliyyatların hasilat normasının və ya orta hasilat normasının (bundan sonra - hasilat norması) müəyyənləşdirilməsi qaydasını müəyyən edir.
1.2. Hasilat norması emal xüsusi gömrük proseduru altında yerləşdirilmiş malların emalı nəticəsində alınan məhsulların müəyyən miqdarı və ya faizidir.
2. Hasilat normasının müəyyən edilməsi
2.1. Hasilat norması emal əməliyyatlarının həyata keçirildiyi və ya həyata keçirilməli olduğu faktiki şərait əsasında müəyyənləşdirilir.
2.2. Hasilat norması müəyyən edilərkən, istehsalat tullantılarının və istehsalat itkilərinin miqdarı hesablanmalıdır.
2.3. Malların emal xüsusi gömrük proseduru altında yerləşdirilməsinə icazə verilməsi məqsədi ilə şəxs tərəfindən gömrük orqanlarına ərizə ilə müraciət edildikdə, ərizədə emal xüsusi gömrük proseduru üzrə yerinə yetirilən əməliyyatların hasilat norması barədə aşağıdakı məlumatlar dəqiq göstərilməlidir:
2.3.1. hasilat
normasının müəyyən
edilməsi metodu;
2.3.2. emal məhsulunun
alınması üçün
istifadə olunan daxili və xarici malların adı, xarici iqtisadi fəaliyyətin
mal nomenklaturası (bundan
sonra-XİFMN) üzrə
kodu və XİFMN-də göstərilən
ölçü vahidində
miqdarı;
2.3.3. emal məhsulunun
adı, XİFMN üzrə
kodu və hasilat norması;
2.3.4. mövcud olduqda
istehsalat tullantılarının
adı, XİFMN üzrə
kodu, XİFMN-də göstərilən ölçü
vahidində miqdarı;
2.3.5. istehsalat itkilərinin
mütləq kəmiyyətdə
və ya faizdə miqdarı.
2.4. Emal xüsusi gömrük proseduru altında yerləşdirilən
mallarla bağlı bir neçə emal əməliyyatlarının
həyata keçirilməsi
nəzərdə tutulduqda,
müraciətdə bu
Qaydanın 2.3-cü bəndinə
uyğun olaraq hər bir emal
əməliyyatı barədə
ayrıca məlumat verilməlidir.
2.5. Müraciət zamanı hasilat normasını müəyyən etmək
mümkün deyildirsə
və ya müəyyən edilmiş
hasilat normasının
dəyişilmək ehtimalı
olarsa, müraciətdə
bu barədə müvafiq məlumat göstərilməlidir.
2.6. Malların emal xüsusi gömrük proseduru altında yerləşdirilməsinə icazə
verildikdən sonra müraciətdə göstərilmiş
hasilat norması barədə hər hansı bir dəyişikliklə bağlı
şəxs tərəfindən
gömrük orqanlarına
dərhal məlumat verilməlidir.
3. Yekun müddəa
3.1. Gömrük nəzarətini həyata keçirmək
məqsədi ilə malların gömrük
orqanlarının ekspertizaya göndərilməsi haqqında sənədi
(göndərişi) əsasında Gömrük Məcəlləsinin
322.1.3-cü maddəsinə uyğun olaraq emal prosesində
hasilat normaları müəyyən edilir.
Azərbaycan.-2013.- 5 oktyabr.- S. 3.