Bakıda növbəti təhsil sərgisi
açılmışdır
Oktyabrın 5-də Türkiyənin məşhur "Akare International Education Fairs" şirkətinin təşkilatçılığı ilə Bakıda növbəti təhsil sərgisi açılmışdır.
AzərTAc xəbər verir ki, tədbirdə Azərbaycan ilə yanaşı, Türkiyə, Şimali Kipr, İngiltərə, İsveç, İsveçrə, İtaliya, Yunanıstan, ABŞ, Fransa və digər ölkələrin universitetləri və xaricdə təhsil şirkətləri iştirak edir.
"Akare International Education Fairs" şirkətinin ictimaiyyətlə əlaqələr şöbəsinin meneceri Sədəf Ünlü AzərTAc-a müsahibəsində bildirmişdir ki, ümumilikdə, sərgidə 10-dan çox ölkənin 50-dən artıq ali təhsil müəssisəsi təmsil olunur. Bu il sərgidə iştirak edən xarici ölkə universitetləri ilə yanaşı, Türkiyə ali məktəblərinin də sayı əvvəlki illərə nisbətən xeyli artmışdır.
Tədbirdə dövlət və özəl universitetlərdə yüksək keyfiyyətli təhsil imkanı, MBA proqramları, sertifikatlaşdırılmış ingilis dili və digər proqramlar, eləcə də pulsuz ali təhsil almaq imkanları barədə ətraflı məlumat verilmişdir.
Təhsil müəssisələrinin nümayəndələri təmsil etdikləri universitet və dil məktəbləri ilə bağlı sualları cavablandırmışlar.
İki
gün davam edəcək sərgi çərçivəsində
bir sıra seminarların keçirilməsi də nəzərdə
tutulmuşdur.
Azərbaycan.-2013.- 6 oktyabr.- S. 2.