İndi Azərbaycan dünyada investor ölkə kimi tanınır

 

İnkişafa, yeniliyə, ilklərə o qədər öyrəşmişik ki, artıq onlar bizim üçün adiləşib. Hətta o dərəcədə ki, sanki elə belə də olmalıymış. Daha fikirləşmirik, xatırlamırıq ki, çox da uzaq olmayan keçmişdə ölkənin iqtisadi durumundan tutmuş əhalinin güzaranınacan vəziyyət tamam fərqli idi. Əgər indi ucqar kəndlərin qazlaşdırılmasından söhbət gedirsə, o vaxt şəhərlərin elektrik enerjisi ilə təchiz edilməsi problem idi, əgər bu gün ölkədə məşğulluq ciddi məsələ kimi gündəmdə deyilsə, həmin dövr kəndlərimizin, rayon mərkəzlərimizin boşalmasının əsas səbəblərindən biri iş yerlərinin olmaması idi, əgər hazırda abadlıq-quruculuq tədbirləri ünvanını dəyişərək kəndlərə keçibsə, o illər hətta şəhər əhalisi abad bir küçəyə həsrət idi.

Bu sıraya bütün yaşayış məntəqələrində yeniləşən infrastrukturu, ölkəboyu salınan geniş şoseləri, istifadəyə verilən müasir səhiyyə, təhsil, mədəniyyət, idman obyektlərini, qeyri-neft sektoruna aid sənaye müəssisələrini əlavə və onları 10-15 il əvvəlki mənzərə, şərait ilə müqayisə etmək olar.

Amma bu müqayisələr arasında daha çox qürur doğuran, Azərbaycanın qısa müddətdə hansı inkişaf yolu keçib nəyə nail olduğunu sübut edən bir fakt da var. Bu, yaxın keçmişdə xarici investisiyadan asılı olan ölkəmizin indi özünün xarici dövlətlərdə müxtəlif layihələrə sərmayə yatırması faktıdır. Bəli, bu gün Azərbaycan artıq borc alan yox, borc verən ölkədir. Maliyyə imkanlarının genişlənməsi, valyuta ehtiyatlarının dəfələrlə artması (hazırda 42 milyard dollardan çoxdur) Azərbaycana imkan verir ki, öz strateji maraqlarının təmin olunması şərti ilə tərəfdaş xarici ölkələrə irihəcmli investisiyalar yatırsın.

İlk belə vəsait Bakı-Tbilisi-Qars (BTQ) dəmiryolunun çəkilişi üçün 2007-ci ildə kredit şəklində Gürcüstana verilmişdir. Aşağı faizlə ilkin olaraq verilmiş 220 milyon dollar kredit sonrakı mərhələlərdə 775 milyon dollara çatmışdır. Bakı-Tbilisi-Qars dəmiryolunun ölkəmiz üçün əhəmiyyətinə gəldikdə isə qeyd olunmalıdır ki, bu layihənin təşəbbüskarı və onu əsas maliyyələşdirən tərəf məhz Azərbaycandır. Hazırda inşası yekunlaşmaqda olan bu yol istifadəyə verildikdən sonra regiondan Türkiyəyə, o cümlədən Avropaya daşınan yüklərin həcmi xeyli artacaq. BTQ həmçinin Azərbaycanla Avropa arasında ən qısa dəmiryolu əlaqəsi deməkdir ki, bunun da ölkəmizin iqtisadi maraqları üçün nə dərəcdə vacib olduğunu şərh etməyə ehtiyac yoxdur.

2010-cu ilin ortalarında Belarus Prezidenti Aleksandr Lukaşenkonun Azərbaycana səfəri  zamanı Belarusun dövlət başçısının Azərbaycan Prezidenti ilə bir sıra mühüm məsələləri müzakirə etməsi ilə yanaşı, 200 milyon dollar həcmində qısamüddətli kreditin alınması barədə də razılıq əldə olundu. Təbii ki, dövlət başçıları səviyyəsində bu məsələnin danışıqlar mövzusu olması, ilk növbədə, Azərbaycanın maliyyə imkanlarından və tərəfdaş ölkələrə həmişə dost münasibət göstərməsindən irəli gəlirdi. Bunun ardınca "Belaruskalium" şirkətinə 300 milyon dollar kreditin verilməsi də məhz bu amillərin nəticəsi idi.

2012-ci ildə isə Azərbaycanın kredit verdiyi ölkələrin coğrafiyası genişləndi. Ölkəmiz Serbiya və Montoneqra arasında Liq və Prelina regionlarını birləşdirən "XI Dəhliz" avtomagistralının tikintisi üçün Serbiyaya 300 milyon avro kredit ayırdı. Onu da bildirək ki, 3 ili güzəştli olmaqla 4 faizlə 15 il müddətinə verilən kredit hesabına tikilən həmin magistralın çəkilişində Azərbaycan şirkətləri də iştirak edirlər.

Siyahını uzatmaq da mümkündür. Lakin qısa olaraq qeyd edək ki, son illər Azərbaycan xarici ölkələrə 10 milyard dollardan çox investisiya qoymuşdur. Onun 5 milyard dollardan artığı Türkiyəyə, 1 milyard dollara yaxını Gürcüstana yatırılmışdır. Bununla belə, ölkəmizin xaricə qoyduğu sərmayələrin həcmi ilbəil artır. Axırıncı 3 ilin göstəricilərinə nəzər salsaq, bu dinamikanı aydın görmək olar. Belə ki, əgər 2010-cu ildə Azərbaycanın xarici ölkələrə yatırdığı investisiyaların məbləği 232 milyon, 2011-ci ildə 533 milyon dollar olmuşsa, ötən il bu rəqəm 1 milyard 125 milyon dollara çatmışdır. Bu yerdə bir vacib faktı da vurğulayaq ki, Azərbaycanın investisiya qoyduğu dövlətlər sırasında adlarını çəkdiklərimizdən (Belarus, Serbiya, Türkiyə, Gürcüstan) savayı, Rusiya, Moldova, Ukrayna və hətta İsveçrə kimi inkişaf etmiş ölkələr var.

Xaricə qoyulan sərmayələrin həm ölkəmizin iqtisadi cəhətdən qüdrətlənməsinə imkan verdiyi, həm də uzunmüddətli strateji maraqlarını təmin etdiyi danılmaz faktdır. Bu cəhətdən Azərbaycanın investisiyalarına dünyada artan marağı çox əhəmiyyətli fakt kimi qəbul etmək lazımdır. Xüsusən də dünyanın nüfuzlu maliyyə institutlarının qarşıdakı dövr ərzində Azərbaycanın investisiya potensialının artacağı barədə nikbin proqnozlar verdiyi indiki vaxtda. Yeri gəlmişkən, Dünya Bankının proqnozlarına görə, Azərbaycan ortamüddətli perspektivdə sırf xarici investor ölkəyə çevriləcək.

Bu sahədə digər mühüm məqam ölkəmizdə iqtisadiyyatın müxtəlif bölmələri üzrə uğurla fəaliyyət göstərən və nəticədə maliyyə imkanlarını xeyli artıran holdinqlərin olmasıdır. Az vaxt ərzində yaradılan münbit şərait və edilən güzəştlər hesabına formalaşmış sahibkarlar təbəqəsi bu gün ölkə iqtisadiyyatının əsas qüvvəsinə çevriliblər. İndi isə onların sorağı xarici ölkələrdən gəlir. Bu mənada hazırda Azərbaycanın dünyada investor ölkə kimi tanınmasında həmin holdinqlərin rolu az deyil.

Bununla belə, Azərbaycanı indi xaricdə investor şirkət kimi təmsil edən ən iri qurum SOCAR-dır. (ARDNŞ) Qısa müddətdə yerli əhəmiyyətli "Azneft" İstehsalat Birliyindən dünya əhəmiyyətli SOCAR-a çevrilən bu dövlət şirkəti hazırda ölkəmizi xaricdə ləyaqətlə təmsil edir. Təxminən 2003-cü ilədək yalnız Azərbaycanın daxilində neft-qaz hasilatı ilə məşğul olan ARDNŞ bu gün onlarca ölkədə iş quran qlobal enerji şirkətidir. Bu zirvə isə birdən-birə fəth olunmamışdır. 2004-cü ildən ARDNŞ-nin idarə edilməsi müasir menecment prinsipləri əsasında yenidən qurulmağa başladı. Şirkət neft-qaz hasilatından əldə etdiyi gəlirlərin bir hissəsini xarici ölkələrdə Azərbaycanın strateji maraqlarına xidmət edən layihələrə yönəltdi. Həmin layihələrdən biri Gürcüstanın Qara dəniz sahilində yerləşən Kulevi terminalının alınmasıdır. ARDNŞ 2006-cı ildə aldığı terminalı sürətlə yenidən qurmağa başladı və 2008-ci ildə onu istifadəyə verdi. Neft və neft məhsullarının qəbulu, saxlanması və tankerlərə vurulmasına imkan verən Kulevi terminalının və limanının SOCAR tərəfindən alınması bu gün də Azərbaycanın Gürcüstana yatırdığı ən səmərəli və uğurlu investisiya layihələrindən biri sayılır. Bunu təsdiqləyən iki fakt: hazırda Azərbaycan Gürcüstanda neft məhsulları və təbii qaz satışına nəzarət edir və qonşu ölkədə SOCAR brendi ilə 100-dən çox yanacaqdoldurma məntəqəsi fəaliyyət göstərir.

SOCAR Türkiyənin də neft-kimya kompleksinə irihəcmli sərmayələr yatırır. 2007-ci ildə qardaş ölkənin neft-kimya sənayesinin ən böyük holdinqlərindən olan "PETKİM"in nəzarət səhm paketini (51 faizini) alan SOCAR sonradan payını artırdı və qoyduğu sərmayələr hesabına holdinqi fəaliyyət göstərdiyi sahədə öncüllər sırasına çıxardı. Söz düşmüşkən qeyd edək ki, SOCAR yaxın 10 ildə Türkiyənin neft-kimya kompleksinə 17 milyard dollardan çox investisiya yatırmağı planlaşdırır.

Azərbaycan şirkətinin xarici ölkələrə investisiya yatırmasının coğrafiyası Gürcüstan və Türkiyə ilə kifayətlənmir. 2011-ci ildə "ExxonMobil"dən onun İsveçdəki filialı olan "Esso Schewiz GmbN" ("Esso Switzerland") şirkətini alan SOCAR onun 170-dən artıq yanacaqdoldurma məntəqəsini birləşdirən satış şəbəkəsi yaratdı ki, bunların da 63-ü özünə məxsusdur. SOCAR Ukrayna və Rumıniyada da yanacaqdoldurma məntəqələrinə sahibdir. Eyni zamanda, indi dünyanın bir çox ölkələrində SOCAR-ın iştirakı ilə yaradılmış birgə müəssisələr, alyanslar neft-qaz hasilatının müxtəlif sahələrində uğurla fəaliyyət göstərirlər. SOCAR-ın Gürcüstan, Türkiyə, ABŞ, Rumıniya, Avstriya, İsveçrə, Qazaxıstan, Böyük Britaniya, İran, Almaniya, Ukrayna və Belçikada nümayəndəlikləri, İsveçrə, Sinqapur, Vyetnam, Nigeriya və s. ölkələrdə treydinq şirkətləri var. Bir sözlə, ARDNŞ ölkənin neft-qaz sənayesində fəaliyyət göstərən şirkət statusundan çıxaraq qlobal enerji bazarında mühüm iştirakçılardan biri olmuşdur. Bu isə neft gəlirlərindən daha səmərəli istifadə edilməsi ilə yanaşı, həm də ölkəmizin dünyada nüfuzunun artması və mövqeyinin güclənməsi deməkdir.

Azərbaycanın nüfuzuna və mövqeyinə təsir edən amillərdən biri də ölkəmizin beynəlxalq humanitar aksiyalarda fəal iştirak etməsidir. Çox qəribədir ki, təxminən 15-20 il əvvəl Azərbaycan özü humanitar yardımlardan asılı vəziyyətə düşmüşdü. Qərbi Azərbaycandan və Qarabağın dağlıq ərazisindən erməni təcavüzü nəticəsində didərgin düşən soydaşlarımızın adi mövcudluğunu təmin etmək gənc Azərbaycan dövlətinin imkanları xaricində idi. Yəqin elə həm də bu səbəbdən Azərbaycan ehtiyacın və onun fəsadlarının nə olduğunu bildiyi üçün beynəlxalq humanitar aksiyalardan kənarda qalmır. Bununla belə, Ukraynada Çernobıl AES-in 4-cü enerji bloku üzərində sarkofaqın tikintisi, Yaponiyada və Pakistanda təbii fəlakətlərin aradan qaldırılması və Somalidə yaranan aclıqla əlaqədar olunan yardımlardan tutmuş Sarayevo şəhərində "Dostluq körpüsü" və Serbiyada "Müqəddəs Petka" kilsəsinin inşasına, eləcə də Belqraddakı məscidin əsaslı təmirinə edilən maliyyə köməyinədək, hamısı daha çox Azərbaycan dövlətinin humanizm prinsiplərinə sadiqliyindən, bir də sözsüz ki, maddi imkanından soraq verir.

Ancaq ölkəmizin maddi imkanının artması nəticəsində atdığı digər bir addım da var ki, bu da xaricdə daşınmaz əmlakların alınmasıdır. Məlumdur ki, 2011-ci ilin oktyabrında "Azərbaycan Respublikası Dövlət Neft Fondunun valyuta vəsaitlərinin saxlanması, yerləşdirilməsi və idarə edilməsi qaydaları"na dəyişikliklər olunmuşdur. Bu dəyişikliklərlə Dövlət Neft Fonduna hesabındakı vəsaitlərə dair yeni investisiya siyasəti həyata keçirməyə imkan verilmişdir. Bu yeni siyasətə əsasən, investisiya portfelinin məcmu dəyərinin 5 faizə qədəri səhmlərə, 5 faizə qədəri qızıla və bir o qədəri daşınmaz əmlaka qoyula bilər.

Həmin dəyişikliklərdən ötən 2 il ərzində Dövlət Neft Fondu müxtəlif ölkələrdə dəyəri milyonlarla ölçülən daşınmaz əmlak almışdır. Onların sırasında Londonun Vest End səmtində yerləşən və dəyəri 217 milyon avro olan ofis kompleksi, Parisin Vandom meydanındakı 135 milyon avroluq ofis və ticarət obyektlərindən ibarət digər bir kompleks, Moskvada 133 milyon dollarlıq "Qalareya Aktyor" ofis-ticarət mərkəzi kimi qiyməti hər zaman üstündə olan obyektlər var. Xarici ölkələrdə daşınmaz əmlakların alınması bu gün də davam edir. Təkcə bu il Dövlət Neft Fondunun timsalında Azərbaycan daşınmaz əmlaka 1 milyard dollar sərmayə yatırmağı nəzərdə tutur.

Göründüyü kimi, Azərbaycan öz maliyyə imkanlarından istifadədə gələcəyə hesablanan siyasət həyata keçirir. İstər xarici ölkələrə yatırılan sərmayələr və ya göstərilən humanitar yardımlar olsun, istərsə də alınan daşınmaz əmlaklar, onlar hamısı ölkəmizin nüfuzu və xalıqımızın rifahı üçündür.

 

 Raqif MƏMMƏDOV,

Azərbaycan.-2013.-  6 oktyabr.- S. 5.