Naxçıvan Muxtar
Respublikası - blokadada qalmış əyalətdən
sürətlə
inkişaf edən regiona çevrilən diyar
Görülən əsaslı tədbirlər nəticəsində Naxçıvan Muxtar Respublikasının sosial-iqtisadi inkişafı getdikcə sürətlənir. Bunu son 10 ilin makroiqtisadi göstəriciləri sübut edir və həmin göstəriciləri MR-in sosial-iqtisadi inkişafının yeni mərhələsi kimi də səciyyələndirmək olar. Sürətli iqtisadi artım, sosial rifah və mədəni yüksəliş muxtar respublikanın bugünkü reallığıdır. Eyni zamanda, bu nəticələr bütünlükdə ölkəmizdə əldə edilən nailiyyətlərin tərkib hissəsidir.
İndi
isə konkret rəqəmlərə müraciət edək:
son 10 il ərzində regionda iqtisadi artımın real ifadəsi
12,5 dəfədir. Ümumiyyətlə, muxtar respublikada ümumi daxili məhsul son 20 ildə 60 dəfə artmış,
1991-ci ildəki 18,1 milyon manatdan
2012-ci ildə 2,2 milyard manata
çatmışdır. Regionda sənaye
üzrə 5,4, aqrar bölmədə 4,5,
tikinti bölməsində 14,2, nəqliyyatla
yükdaşımada 3,3, informasiya və
rabitədə 9,7, ticarətdə 2,2 dəfə artım olmuşdur. Muxtar
respublikanın əsas sosial-iqtisadi inkişaf göstəricisi olan
dövlət büdcəsi isə son 10
ildə 11,7 dəfə artmışdır. Regionun
iqtisadi inkişafına qoyulan
və daha çox əsas
kapitala yönəldilən sərmayə
qoyuluşlarının həcmi də ildən-ilə
artır, həmin sərmayədən məqsədli və
faydalı istifadə olunur. Digər diqqətəlayiq
fakt: keçən 10 il
ərzində iqtisadiyyatın inkişafına qoyulan
3,7 milyard manat əsaslı
vəsait qoyuluşunun 16,4 faizi
dövlət, 53,6 faizi qeyri-dövlət
bölmələrinə aiddir. Onu da qeyd
edək ki, muxtar
respublikanın sosial-iqtisadi inkişafı
üçün daxili
maliyyə mənbələrindən qoyulan
vəsaitin həcmi də ilbəil artır. Belə vəsaitin
məbləği son 10 ildə 15,8 dəfə
çoxalaraq 3,6 milyard
manata çatmışdır. Eyni zamanda, region
üzrə əsas kapitala yönəldilən
vəsaitin həcmi həm də xarici mənbələr
hesabına artır. Belə ki, ötən
10 il ərzində əsas kapitala
yönəldilən vəsaitin tərkibində xarici sərmayənin məbləği 116 milyon manat təşkil etmişdir.
Son illər Naxçıvan MR-də sosial-iqtisadi infrastrukturun yaradılması və formalaşması istiqamətində qlobal tədbirlər həyata keçirilir. Muxtar respublikada beynəlxalq hava limanının, 5 avtovağzal kompleksinin istifadəyə verilməsini, 50 körpü, 707 kilometr yeni avtomobil yollarının çəkilməsini, regionun qazla təminatının tamamilə başa çatdırılmasını buna misal göstərmək olar. Amma bunlar da hamısı deyil. Regionda son 10 ildə 4 elektrik stansiyasının tikilib istifadəyə verilməsi sayəsində muxtar respublika elektrik enerjisi idxalçısından ixracatçısına çevrilmişdir. Bunlardan əlavə, muxtar respublikanın ərazisində 4 qonaq evi-hotel tikilmiş, bir milli park və 2 yaşıllıq salınmışdır. Yeri gəlmişkən, görülən işlər və tədbirlər sayəsində MR-də turizmin bazası xeyli möhkəmlənmiş, regiona gələn turistlərin sayı 5,2 dəfə artmışdır.
Məlumdur ki, sahibkarlıq fəaliyyəti bazar iqtisadiyyatının əsasını təşkil edir. Ona görə də muxtar respublikada bu mühüm məsələyə xüsusi əhəmiyyət verilir. Təsadüfi deyil ki, sahibkarlıq fəaliyyəti ilə məşğul olanların sayı, onlara verilən güzəştli kreditlərin məbləği ilbəil artır. Təkcə son 10 ildə kiçik sahibkarların sayı 2,5 dəfə çoxalmışdır. Hazırda regionda 954 istehsal və xidmət sahəsi fəaliyyət göstərir ki, onların da əksəriyyəti özəl sektora aiddir. Ümumiyyətlə, muxtar respublikada kiçik sahibkarlığın inkişafına xüsusi əhəmiyyət verillir. Belə ki, 2003-2013-cü illərdə regionda fəaliyyət göstərən kiçik sahibkarlara 1 milyon manata yaxın güzəştli kredit verilmiş, kənd təsərrüfatı məhsulları istehsalına 22,7 milyon manat yardım edilmişdir. Bu gün Naxçıvan MR-də ümumi məhsul istehsalında özəl sektorun payı 87 faizə çatmışdır.
Muxtar Respublikada ardıcıl tədbirlərin görüldüyü sahələrdən biri də əhalinin məşğulluq səviyyəsinin yüksəldilməsidir. Təkcə son illər Naxçıvan iqtisadi rayonunda 58,5 min yeni iş yeri açılmışdır. Bütün bu və digər faktlar deməyə əsas verir ki, regionda məşğulluq problemi hazırda tam həll edilmək üzrədir.
Bütünlükdə ölkəmizdə olduğu kimi, Naxçıvan Muxtar Respublikasında da elmin, təhsilin, səhiyyə və mədəniyyətin inkişafı diqqətdən kənarda qalmır. Yalnız son 10 ildə muxtar respublikada elmin inkişafına ayrılan xərclər 10, təhsilə ayrılan xərclər 5,1 dəfə çoxalmışdır. Bu müddətdə regionda 84 məktəb binası, 11 məktəbəqədər müəssisə tikilib istifadəyə verilmişdir. Regionun bütün məktəbləri kompyuterlərlə və digər lazımi avadanlıqlarla təmin edilmişdir. Səhiyyə və onun inkişafına sərf olunan xərclər isə 5,5 dəfə artmışdır. Göstərilən dövr ərzində Naxçıvan MR-də Diaqonostika-müalicə və 2 bərpa mərkəzi, 21 xəstəxana tikilmiş, bütün müalicə ocaqları müasir tibbi cihazlarla təchiz olunmuşdur.
Muxtar respublikada idmanın inkişafına da xüsusi diqqət göstərilir. Bu gün regionda 988 idman qurğusu, Olimpiya İdman Kompleksi, 2 üzgüçülük mərkəzi, stadion və 7 şahmat məktəbi fəaliyyət göstərir.
"Hər şey insan üçün, insan rifahı naminə" prinsipi Naxçıvan MR-də də əsas fəaliyyət istiqamətidir. Təsadüfi deyil ki, 10 ildə əhalinin sosial müdafiəsi və təminatına çəkilən xərclər 55,1 dəfə artmışdır. Əhalinin gəlirlərinin 9,5, əməkhaqqının 9,5 dəfə artmasını da buna əlavə etsək, həmin prinsipin real nəticələrini aydın görə bilərik. Eyni zamanda, Naxçıvan MR-də yoxsulluğun səviyyəsinin 35,1 faizdən 4,5 faizə enməsi də adi fakt deyil. Bu faktın arxasında 1,5 milyon kvadratmetr yeni evlərin tikilib istifadəyə verilməsi, ömür uzunluğunun 4,5 yaş artaraq 75,9 yaşa qalxması və digər bu kimi mühüm sosial nəticələr dayanır.
Muxtar respublikanın bu gün də sosial-iqtisadi inkişafı davam edir. Çünki həmin inkişaf möhkəm və əsaslı təməl üzərindədir.
Asif
ŞİRƏLİYEV,
iqtisad elmləri doktoru,
professor
Azərbaycan.-2013.- 6 oktyabr.- S. 5.