Azərbaycan Prezidenti
İlham Əliyevin sədrliyi ilə Nazirlər Kabinetinin
2013-cü ilin doqquz ayının sosial-iqtisadi
inkişafının yekunlarına və qarşıda duran vəzifələrə
həsr olunmuş iclası keçirilmişdir
Prezident İlham Əliyevin yekun nitqi
- Bu gün bu toplantıda səslənən rəqəmlər bir daha onu göstərir ki, Azərbaycanın iqtisadi inkişafı çox uğurludur. Ölkəmizdə öz həllini tapan sosial məsələlər insanların rifah halının yaxşılaşmasına da xidmət göstərir. İqtisadi islahatların aparılması əlbəttə ki, sosial vəziyyətin yaxşılaşmasına da xidmət edir. Bu belə də olmalıdır. Azərbaycanda iqtisadi və sosial məsələlərin bir paketdə həll olunması bizi fərqləndirən cəhətdir.
Siyasətimizin mərkəzində Azərbaycan vətəndaşı dayanır. Azərbaycan vətəndaşının rifah halını yaxşılaşdırmaq üçün güclü iqtisadi əsaslar olmalıdır və bu əsasları yaradırıq. Ölkə iqtisadiyyatını inkişaf etdiririk. Bütün təşəbbüslər - investisiyalarla bağlı olan təşəbbüslər, yeni sənaye komplekslərinin yaradılması ilə əlaqədar proqramlar bir məqsədi güdür ki, Azərbaycan vətəndaşı daha da yaxşı yaşasın.
Mən çox şadam ki, son illər ərzində bu istiqamətdə çox böyük işlər görülmüşdür. Elə etməliyik ki, bu müsbət dinamikanı bundan sonra da qoruya bilək. Mən hesab edirəm ki, biz buna nail olacağıq. Bu günə qədər görülmüş bütün işlər deməyə əsas verir ki, biz gələcəkdə də inkişafımıza uğurla davam edəcəyik.
Bu ilin sosial-iqtisadi inkişafı
ilə bağlı məsələlərə gəldikdə,
ilin sonuna cəmi üç aydan az vaxt qalır. Əminəm
ki, bütün proqramlar artıqlaması ilə icra ediləcəkdir.
2013-cü ili də biz uğurla başa vuracağıq.
İlin sonuna qədər Dövlət İnvestisiya
Proqramı tam şəkildə icra edilməlidir.
Əminəm ki, burada heç bir problem olmayacaqdır.
Çünki investisiya portfelimiz kifayət qədər
böyükdür. Giriş
sözümdə dediyim kimi, doqquz ayda 17,7
milyard dollar investisiya qoyulmuşdur. Bu proses davam etdirilir. Elə etməliyik ki, Dövlət İnvestisiya
Proqramının icrasında heç bir yubanma olmasın.
Bu il maaşlar və pensiyalar, sosial ödəmələr
artırılmışdır. Sovet dövründən
qalan əmanətlər tam şəkildə
qaytarılmışdır. Ancaq buna baxmayaraq, inflyasiya 2,3 faiz səviyyəsindədir. Bu,
Azərbaycanda uğurla aparılan makroiqtisadi siyasətin təzahürüdür.
Çalışmalıyıq ki, ilin sonuna qədər
inflyasiyanı bu səviyyədə saxlayaq. Dünya miqyasında inflyasiyanın səviyyəsinə
görə Azərbaycan qabaqcıl ölkələrin
sırasındadır. Bu sahədə
düşünülmüş siyasətin uğuru ona görə
önəmlidir ki, Azərbaycanda çox böyük sosial və
infrastruktur layihələri icra edilir.
İndi bəzi
ölkələri bürümüş böhran iş yerlərinin
ixtisarına gətirib çıxarır. İnfrastruktur
layihələri demək olar ki, dayanmışdır. İnvestisiyalar böyük dərəcədə
azalmışdır. Belə olan halda
inflyasiyanı məqbul səviyyədə saxlamaq əlbəttə
ki, daha da asandır. Amma Azərbaycanda
sosial proqramlar həll edilir. Sosial
infrastruktur layihələri icra edilir. Maaşlar,
pensiyalar, sosial ödəmələr artırılır.
Böyük həcmli infrastruktura investisiya
qoyulur. İnflyasiyanı biz cəmi 2,3
faiz səviyyəsində saxlayırıq. Bu,
doğrudan da, böyük nailiyyətdir.
Növbəti illərdə də makroiqtisadi sabitlik daim
diqqət mərkəzində olmalıdır. Biz süni
qiymət artımına yol verməməliyik. Hesab edirəm ki, Azərbaycanda artıq qiymətlərə
və istehlak bazarına nəzarət daha da yaxşı səviyyədə
təmin edilir. Bu daimi proses olmalıdır. Burada nəzarət, əlbəttə ki, iqtisadi amillər,
sahibkarlığın inkişafı və sahibkarların məsuliyyəti
məsələləri çox böyük məna
daşıyır. Makroiqtisadi sabitliyin
qorunması gələcəkdə də imkan verəcəkdir
ki, biz iqtisadi inkişafımıza uğurla davam edək.
Bu il ikinci regional inkişaf proqramı başa
çatır. Bu proqramların qəbul edilməsi
bölgələrdə mövcud vəziyyətin
yaxşılaşdırılmasında müstəsna rol
oynamışdır. İş yerlərinin
açılması, yeni sənaye müəssisələrinin
yaradılması, bölgələrdə infrastruktur layihələrinin
icrası, o cümlədən sosial infrastrukturun
yaradılması bir neçə ciddi məsələnin həllinə
gətirib çıxarmışdır. Bölgələrdə
iş yerləri açıldı. Bölgələr
canlandı. Bölgələrdən
böyük şəhərlərə, xüsusilə
Bakıya miqrasiya meyilləri bir qədər azaldı. Əlbəttə ki, ölkəmizin hərtərəfli
inkişafı təmin edildi. Çünki
Azərbaycan əhalisinin əksəriyyəti bölgələrdə
yaşayır. Bölgələrdə
normal şəraitin yaradılması bizim üçün
daim prioritet məsələ olaraq qalır. İki dövlət proqramının icrası da
hesab edirəm ki, bu sahədə atılmış ən ciddi
addım olmuşdur.
Gələn
il üçüncü dövlət
proqramı qəbul edilməlidir. Bu proqram da dəqiq,
konkret olmalıdır. Orada kəndbəkənd
bütün məsələlər öz əksini
tapmalıdır. Biz artıq yaxşı
bilirik ki, hansı bölgədə, hansı rayonda, hansı kənddə
hansı problem vardır. Nəzərə
alsaq ki, bizim maliyyə, iqtisadi gücümüz artacaqdır,
o problemlərin həlli də mümkün olacaqdır. Siyasi iradə həmişə olduğu kimi, yerindədir.
Biz növbəti beş il ərzində
bölgələrdə mövcud olan bütün sosial və
iqtisadi məsələləri həll etməliyik. Əminəm ki, biz buna nail olacağıq.
İnfrastruktur layihələri, su layihələri indi
uğurla icra edilir. Bir çox rayonlarda, şəhərlərdə
içməli su, kanalizasiya layihələri artıq başa
çatmışdır. Digər rayonlarda
da bu layihələr icra edilir. Qazlaşdırma,
elektrik xətlərinin, kənd yollarının çəkilişi,
suvarma məsələlərinin həlli, demək olar ki,
bölgələri canlandırdı. Bölgələrdə
bu gün vəziyyət çox müsbətdir.
Eyni zamanda, bildiyiniz kimi, Bakıətrafı qəsəbələrin
sosial-iqtisadi inkişafı Dövlət Proqramı da icra
edilir. Proqram
qısamüddətlidir, iki ili əhatə
edir. Bu ilin sonunda başa çatır. Deyə
bilərəm ki, iki il ərzində
Bakı qəsəbələrində çox böyük
işlər görülmüşdür. Görüləsi
işlər hələ çoxdur. Biz gələn il bu proqramı yəqin ki, davam etdirəcəyik.
Çünki məktəb tikintisi, içməli
su xətlərinin çəkilişi hələ davam etməlidir.
Korrupsiya və rüşvətxorluğa qarşı
mübarizə daha da ciddi olmalıdır. Bu sahədə
deyə bilərəm ki, yaxşı nəticələrimiz
vardır. Bu yaxınlarda Baş Prokuror
yanında Korrupsiyaya Qarşı Mübarizə İdarəsinin
yeni binasının açılışı zamanı dediyim
fikirləri bir daha qeyd etmək istəyirəm. Korrupsiya Azərbaycanda olmamalıdır. Bu sosial bəlanı biz aradan götürməliyik.
Korrupsiya sosial-ədalət prinsiplərini pozur,
cəmiyyətin uğurlu inkişafını əngəlləyir.
Cəmiyyətin səyləri, dövlət
siyasəti sayəsində biz korrupsiyaya qarşı daha da
ciddi mübarizə aparırıq və aparacağıq.
Əminəm ki, növbəti illərdə Azərbaycan
bu göstəriciyə görə də dünya miqyasında
qabaqcıl yerlərdə olacaqdır.
Korrupsiyaya qarşı mübarizəni uğurla aparmaq
üçün əsas şərt siyasi iradənin
mövcudluğudur və siyasi iradə vardır. Bizim qəbul
etdiyimiz qərarlar, qanunvericilikdə əldə edilmiş irəliləyiş,
yeni qanunların qəbul edilməsi və elektron xidmətlərin
inkişafı, sistem xarakterli tədbirlər artıq hesab edirəm
ki, bu sahədə ciddi dönüşün yaranmasına gətirib
çıxarmışdır. Korrupsiya
indeksini təhlil edən beynəlxalq qurumlar da Azərbaycanda
keçirilən sorğularda cəmiyyətdə bu məsələyə
bağlı münasibəti öyrənərək yəqin
etmişlər ki, korrupsiyaya qarşı mübarizə məsələlərində
dövlətin siyasəti cəmiyyətdə dəstəklənir,
təqdirlə qarşılanır. Bu, əminəm ki, gələcəkdə
də belə olacaqdır. Çünki bizim
siyasi iradəmiz çox güclüdür. Cəmiyyətdə də korrupsiyaya qarşı
mübarizədə çox güclü meyillər vardır.
Elə etməliyik ki, Azərbaycan qeyd etdiyim
kimi, bu sahədə də qabaqcıl ölkələrin
sırasında olsun.
Son illərdə Azərbaycanda və ümumiyyətlə,
dünyada elektron xidmətlərin inkişafı bizə
böyük dəstəkdir və biz Azərbaycanda ən
mütərəqqi təcrübəni tətbiq edirik. İnkişaf
etmiş ölkələrdə olan təcrübə təqdirəlayiqdir.
Biz o təcrübəni Azərbaycanda tətbiq
etməliyik. Eyni zamanda, biz bu sahədə
öz təşəbbüslərimizi də irəli
sürürük. "ASAN xidmət"in
yaranması və qısa müddət ərzində cəmiyyətdə
böyük rəğbət qazanması bizim siyasi iradəmizin
təzahürüdür, eyni zamanda, Azərbaycanın bu sahədə
innovasiyalara nə qədər hazır olduğunu göstərir.
Cəmi doqquz ay ərzində beş yüz mindən
artıq vətəndaş "ASAN xidmət"ə müraciət etmişdir. Növbəti illərdə hər bir bölgədə
"ASAN xidmət" yaradılacaqdır. Hələ ki biz səyyar xidmətlər göstəririk.
Ancaq gələn ilin investisiya xərcləri arasında hər
bir bölgədə ən azı bir "ASAN xidmət" mərkəzi yaradılmalıdır ki, biz
insanlara bölgələrdə də mütəmadi qaydada
xidmət göstərək.
Cəza tədbirləri, əlbəttə ki, hər bir
ölkədə olduğu kimi, öz rolunu oynayır və
oynamalıdır. Ancaq hesab edirəm ki, bax, bu amillərin
birləşməsi korrupsiyaya qarşı mübarizədə
bizə kömək göstərəcəkdir. Çünki bu gün Azərbaycanın uğurlu
inkişafı, Azərbaycanın dünyada dinamik, inkişafda
olan, müasir ölkə kimi tanınması reallıqdır.
Bu gün biz bir çox məsələlərdə
nümunəyik. Korrupsiyaya qarşı
mübarizədə də biz nümunə olmalıyıq,
olacağıq.
Biz növbəti aylarda, ilin sonuna qədər
elektroenergetika ilə bağlı əlavə tədbirləri
görəcəyik. Çünki bu gün bizdə kifayət
qədər enerji güclərimiz vardır. Ancaq bəzi rayonlarda, - mən rayonlarda olarkən bu məsələlərlə
maraqlanıram, - ötürücü xətlər nasaz vəziyyətdədir.
Bəzi hallarda onlar heç zəif küləyə
də davam gətirmir. Külək əsən
kimi o xətlər yerə düşür, elektrik kəsilir.
Ona görə müvafiq göstərişlər
verilmişdir. Bu ilin sonuna qədər, xüsusilə də
gələn il ən pis vəziyyətdə
olan xətt təsərrüfatları yenilənməlidir. İndi işlər gedir. Bizdə kifayət qədər
enerji gücü vardır. Ancaq enerji təsərrüfatı
da yüksək səviyyədə olmalıdır. Əminəm ki, bu məsələ də öz həllini
tezliklə tapacaqdır. Qeyd etməliyəm ki, son on il ərzində Azərbaycanda 14 elektrik
stansiyası tikilmişdir. Burada biz həm ənənəvi
enerji növlərindən istifadə edirik və eyni zamanda, Azərbaycanda
alternativ enerji növləri də yaradılır.
Qazlaşdırma
Azərbaycanda, təqribən 90 faizə yaxınlaşır. Son illərdə bütün şəhərlər
qazlaşdırılıbdır. Bu da hesab
edirəm ki, tarixi nailiyyətdir. Çünki heç sovet dövründə
bizdə bütün rayonlar, şəhərlər
qazlaşdırılmamışdı. Elə
rayonlar var idi ki, orada heç vaxt qaz olmamışdır.
İndi elə şəhər yoxdur ki, orada qaz
olmasın. Kəndlərin əksəriyyətində qazlaşdırma
işləri təşkil edilibdir. Ancaq
hələ ki, qaz almayan kəndlər də vardır. Mən daim bu məsələlərə nəzarət
edirəm. Əminəm ki, bir il,
maksimum iki il ərzində əksər kəndlərimizə təbii
qazın verilməsi təmin ediləcəkdir.
Neft hasilatı sabitləşib. Bu, müsbət
haldır. Biz neft hasilatını bu səviyyədə
saxlamalıyıq ki, uzun illər bundan sonra bu hasilat bu səviyyədə
olsun. Qaz hasilatı isə Azərbaycanda
artır və artacaqdır. Çünki
həm daxili resurslar hesabına yeni quyular qazılır, eyni
zamanda, xarici tərəfdaşlar böyük investisiyalar
qoyur. Qeyd etdiyim kimi, Azərbaycan qazı
artıq Avropada öz rolunu oynayacaqdır. Avropanın
enerji təhlükəsizliyi məsələləri, o
cümlədən Azərbaycan qazı hesabına təmin ediləcəkdir.
TANAP və TAP layihələrinin icrası nəticəsində
Azərbaycan
dünyada böyük qaz ölkəsi kimi
özünü göstərəcəkdir.
Sənayeləşdirmə ilə bağlı məsələlər
öz həllini tapır. Mən giriş
sözümdə qeyd etdim ki, Kimya Sənaye Parkının təməli
qoyuldu. Bu tarixi hadisədir. Ancaq indi elə etməliyik ki, biz bu parkı qısa
müddət ərzində tam şəkildə işə
sala bilək. Kimya Sənaye Parkının
rezidentləri bu şirkətlər olmalıdırlar ki,
onların fəaliyyəti ölkə iqtisadiyyatı
üçün strateji əhəmiyyət daşıyır.
Onların fəaliyyəti nəticəsində
idxaldan asılılıq azalacaqdır və qoyacaqları
investisiyalar böyük həcmlərlə ölçüləcəkdir.
Beləliklə, biz qısa müddət ərzində
bax, indi bu birinci mərhələ üçün ayrılan
sahəni təmin edəcək və orada onlarla yeni müəssisə
yaranacaqdır. Bu sənaye parkının və
ondan əvvəl yaradılmış Sumqayıt
texnoparkının fəaliyyəti nəticəsində biz
çox böyük sənaye potensialına malik
olacağıq. Hər sahədə
olduğu kimi, biz bu sahədə də idxaldan
asılılığımızı azaltmalıyıq və
məhsullarımızla yeni bazarlara çıxmalıyıq.
Əlbəttə ki, orada istehsal olunacaq məhsul
istənilən ölkəyə ixrac edilə bilər.
Biz ilin sonuna qədər və ondan sonrakı dövrdə
xarici investisiyalarımızı da artırmalıyıq. Bu gün Azərbaycan
dünyada investor ölkə kimi tanınır və biz xarici
maliyyə qurumlarına donor kimi vəsait ayırırıq.
Eyni zamanda, böyük həcmdə
investisiyaların qoyuluşu təmin edilir. İnvestisiya portfelimiz də, investisiyaların
coğrafiyası da genişlənir. Azərbaycan
investisiyaları bu gün Türkiyə, Gürcüstan,
Rusiya, Ukrayna, Fransa, Böyük Britaniya, Rumıniya,
Yunanıstan və digər ölkələrə böyük
həcmlərlə qoyulur. Onların
içində əlbəttə ki, ən böyük
investisiya Türkiyəyə qoyulacaqdır. On yeddi milyard dollar Azərbaycan sərmayəsi
Türkiyənin iqtisadiyyatına qoyulacaqdır və bu
göstəriciyə görə Azərbaycan ən
böyük investor olacaqdır. İnvestisiya
portfelimiz elə bölünməlidir ki, biz
özümüzü risklərdən maksimum dərəcədə
qoruyaq. Eyni zamanda, investisiya
qoyacağımız ölkələrlə də bizim ikitərəfli
münasibətlər daha da yüksək pilləyə
qalxmalıdır. Çünki bu gün dünyada
iqtisadi və maliyyə böhranı davam edir, baxmayaraq ki, 5 il keçibdir. Hələ
bilinmir bu böhran nə vaxt başa çatacaqdır.
Dünyada xarici investisiyalara çox böyük tələbat
vardır. Bu sahədə Azərbaycan çox dəqiq,
düşünülmüş və müdrik siyasət
aparır. Əlbəttə, ilk növbədə
biz investisiyaları ölkə daxilində qoyuruq,
qoyacağıq və növbəti ilin dövlət investisiya
proqramı kifayət qədər geniş olacaqdır. Biz, bizə lazım olan sahələri inkişaf
etdirmək üçün xarici investisiyalara da
açığıq və bu investisiyalar da qoyulur. Özümüz xarici ölkələrə
investisiya qoyuruq. Yəni, bu proseslər
bir-birini əvəzləmir, ziddiyyət təşkil etmir.
Bu, iqtisadi siyasətin təzahürüdür.
Azərbaycanda iqtisadi sahədə çox dəqiq,
düşünülmüş siyasət aparılır.
Nəqliyyat sektorunda ilin sonuna qədər işlər
davam etdiriləcəkdir. Bizim hazırda icra edilən iki
böyük nəqliyyat layihəsi vardır. Bakı-Tbilisi-Qars dəmir yolu ki, tikintisi gedir. Ümid edirəm ki, yaxın zamanlarda başa
çatacaqdır. Müəyyən səbəblərə
görə bir qədər yubanmışdır. Ancaq indi artıq bütün işlər yolundadır,
yaxın zamanlarda icra edilməlidir. İkinci
böyük layihə Ələt Dəniz Ticarəti
Limanıdır. Bu limanın da 2015-ci ildə
istifadəyə verilməsi nəzərdə tutulur. Bu da Xəzər dənizində ən böyük
ticarət limanı olacaqdır. Beləliklə,
Azərbaycan bu bölgənin nəqliyyat mərkəzi kimi
öz imkanlarını genişləndirəcəkdir. Artıq Azərbaycan bölgənin, regionun logistika və
nəqliyyat mərkəzidir. Son 10 il ərzində
Azərbaycanda 7 aeroport tikilmiş və yenidən
qurulmuşdur. Bakıda Heydər Əliyev Beynəlxalq
Aeroportunun yeni aerovağzal kompleksinin, yeni infrastrukturun,
zolaqların tikintisi davam edir. Bu aeroport
dünya miqyasında ən rahat və ən gözəl
aeroportlardan biri olacaqdır. Dəmir
yolları təmir olunur, avtomobil yolları tikilir. Son 10 il ərzində 10 min kilometrə yaxın avtomobil
yolları tikilmişdir.
Ərzaq təhlükəsizliyi ilə bağlı məsələlər
də daim diqqət mərkəzindədir. Burada artıq
deyildi, kənd təsərrüfatı inkişaf edir, iri
fermer təsərrüfatları yaradılır və orada məhsuldarlıq
orta səviyyədən 2 dəfə çoxdur. Biz iri fermer təsərrüfatlarının
inkişafı ilə növbəti illərdə də məşğul
olacağıq. Bu il Taxtakörpü
Su Anbarının və gələn il isə Şəmkirçay
Su Anbarının istifadəyə verilməsi bizə əlavə
250 min hektar torpaqda suvarmanın yaxşılaşmasına və
yenidən dövriyyəyə buraxılmasına imkan
yaradacaqdır.
Əlbəttə, indidən yeni dövriyyəyə
buraxılacaq suvarılan torpaqlarda hansı işlərin
görülməsi ilə bağlı konkret təkliflər
olmalıdır. Aydındır ki, fermerlər özləri
müəyyən edirlər nəyi əkəcəklər.
Ancaq biz dövlət subsidiyaları ilə,
dövlət tərəfindən göstərilən güzəştlərlə,
təşviq mexanizmləri ilə fermerləri lazım olan
istiqamətlərə yönəldə bilərik ki, əsas
məhsulları 100 faiz Azərbaycanda istehsal edək. Biz bu vəzifəyə, bu məqsədə
yaxınlaşırıq. Bəzi pozisiyalar üzrə artıq
yüz faiz, yaxud da ki, yüz faizə çox yaxınıq və
harada ki, idxaldan asılılıq var, bu asılılıq
tamamilə aradan götürülməlidir.
Son illər Azərbaycanda demoqrafik vəziyyət də
çox müsbət olmuşdur. Bizdə demoqrafik vəziyyətin
yaxşı olması ən böyük üstünlüklərdən,
ən böyük nəticələrdən biridir. Bu müsbət dinamika davam etdikcə Azərbaycan
daha da güclənəcəkdir. Son on ildə Azərbaycan iqtisadiyyatı 3,4
dəfə artmışdır. Heç bir başqa ölkədə son
on il ərzində buna oxşar nəticə müşahidə
olunmamışdır. Bu, bizim nailiyyətimizdir. Son on ildə bu ili nəzərə
almaq şərti
ilə 150 milyard dollar investisiya qoyulmuşdur. Ancaq
sabit olan ölkələrə bu qədər investisiya qoyulur.
Ancaq gələcəyi proqnozlaşdırıla
biləcək ölkələrə bu qədər investisiya
qoyulur.
Bizim
valyuta ehtiyatlarımız son on il ərzində
təqribən 30 dəfə artmışdır. Bu, nəyi göstərir? Biz valyuta ehtiyatlarımızı
artırırıq, qoruyuruq. Biz bu məsələlərə
çox böyük həssaslıqla yanaşırıq.
Bu sahə tam şəffaf olduğu
üçün burada ictimai nəzarətin aparılmasına
kifayət qədər imkanlar vardır. Çünki
Dövlət Neft Fondunun gəlirləri, xərcləri dərc
edilir, büdcəyə transfer olanda müzakirə olunur.
Mərkəzi Bankın valyuta ehtiyatları da sirr deyil, açıq məlumatdır.
Yəni, biz bu sahədə tam şəffaflıq
təmin etmişik və hesab edirəm ki, bu, belə də
olmalıdır. Çünki Azərbaycan vətəndaşları
bilməlidirlər ki, ölkənin maliyyə vəziyyəti
necədir və dövlət, hökumət öz
resurslarını necə qoruyur. Mən deyə bilərəm ki, bu əmanət Azərbaycanda ən yüksək səviyyədə
qorunur. Biz valyuta ehtiyatlarımızı növbəti
illərdə də artıracağıq.
Son on ildə büdcə xərcləri təxminən
20 dəfə artmışdır. İyirmi dəfəyə yaxın
artan büdcə imkan verdi ki, biz
böyük işlərə nail olaq.
Son on il ərzində bir milyon iki yüz mindən
çox iş yeri açılmışdır ki, onlardan 910
mini daimi iş yeridir. Nəticə etibarilə işsizlik ilin
sonuna qədər olan proqnoza görə, 4,8
faizə düşəcəkdir. Yoxsulluq on ildə
təxminən on dəfə azalmışdır və 6 faizdən
azdır.
Azərbaycanda xarici dövlət borcu cəmi 7-8 faizdir. Son illərdə dəfələrlə
pensiya, maaş artmışdır, - pensiya
təxminən 10 dəfə, maaş təxminən 6 dəfə,
müdafiə xərcləri 20 dəfədən çox.
Son on il ərzində, daha da az bir vaxtda Azərbaycanda
müdafiə sənayesi yaradılmışdır ki, bu sənaye
heç vaxt Azərbaycanda olmamışdır. Son 7-8 il ərzində onlarla hərbi təyinatlı
zavod yaradılmışdır. Hazırda Azərbaycanda
750 adda hərbi təyinatlı məhsul istehsal edilir. Artıq yerli istehsalın yaradılması bu sahədə
də asılılığın böyük dərəcədə
aşağı salınması deməkdir. Bu gün Azərbaycan hətta silahları ixrac edə
bilər və edir.
Son on il ərzində Azərbaycanda 2708 məktəb
tikilib və təmir edilib, 500-ə yaxın tibb ocağı
tikilib, ya təmir edilib, 35 Olimpiya İdman Kompleksi tikilib və
indi onların ümumi sayı 40-a yaxındır.
Bu illər ərzində biz enerji siyasətimizdə
tarixi nailiyyətlərə çatdıq. Bakı-Tbilisi-Ceyhan
neft kəməri 2006-cı ildə, Bakı-Tbilisi-Ərzurum
qaz kəməri 2007-ci ildə istismara verilmişdir. Bu kəmərlər
olmasa idi, indi bizim iqtisadi və siyasi vəziyyətimiz tam
başqa ola bilərdi. Bunlar
böyük siyasi iradə tələb edən layihələrdir.
Bu layihələr Azərbaycanın bu
gününü, uğurlu gələcəyini təmin edən
layihələrdir. Biz tarixdə ilk dəfə
olaraq Xəzər dənizinin neft-qaz resurslarını dünya
bazarlarına çıxara bildik. Bizim
dünya bazarlarına bilavasitə
çıxışımız yoxdur. Biz
bu çıxışı əldə etmək
üçün mütləq kəmərlər tikməli
idik. Bu kəmərlər çox çətin
geosiyasi vəziyyətdə, böyük zəhmət, cəsarət
hesabına, ulu öndərin neft strategiyasının icrası
nəticəsində çəkildi. Biz son on il ərzində bu strategiyanın təmin edilməsində
böyük uğurlara imza atdıq.
Bu layihələr özlüyündə yeni layihələrin
icrasına gətirib çıxarmışdır. Əgər
Bakı-Tbilisi-Ceyhan neft kəməri 2006-cı ildə tikilib
istifadəyə verilməsə idi, indi o enerji dəhlizi
olmayacaqdı. Enerji dəhlizi olmasa idi, heç kim Azərbaycanın qaz yataqlarına vəsait,
investisiya qoymazdı.
Bu iki tarixi layihənin icrası nəticəsində biz
yeni enerji dəhlizini yarada bildik. Biz yaratdıq onu, Azərbaycan yaratdı,
tərəfdaşlarla, dost ölkələrlə birlikdə.
Ancaq bu, bizim təşəbbüsümüz
idi. Əsas maliyyə yükü də əlbəttə
ki, Azərbaycanın üzərinə düşür.
Ondan
sonrakı illərdə bu kəmərlərin səmərəli
fəaliyyəti nəticəsində yeni layihələr
üzə çıxdı və Azərbaycan keçən il TANAP layihəsinin icrasına dair Türkiyə
ilə müqavilə bağlamışdır. Bu
da tarixi layihədir. TANAP layihəsi tarixi əhəmiyyətə
malik olan layihədir. O layihədən bir il
keçməmiş Trans-Adriatik boru kəməri layihəsi
haqqında saziş bağlandı - TAP layihəsi. Yəni, bu, bizi Avropaya böyük qazla
çıxarmaq üçün tikiləcək bir layihədir.
Bundan sonra "Şahdəniz-2" layihəsi
ilə bağlı kontraktlar imzalandı. Azərbaycanda
böyük qazma qurğuları, platformalar tikilir ki, vaxtilə
bizim belə imkanlarımız yox idi.
Bu, özlüyündə Azərbaycana növbəti illərdə on milyardlarla dollar səviyyəsində xarici sərmayənin cəlb edilməsinə gətirib çıxaracaqdır. İndi bizim özəl sektorumuz bu sərmayələrə daha hazırlıqlıdır. Çünki 1990-cı illərin əvvəllərində daha çox kontraktlar xarici şirkətlərlə bağlanırdı. İndi bizim güclü texniki imkanlarımız, peşəkar şirkətlərimiz vardır. Kontraktların böyük əksəriyyəti Azərbaycan şirkətləri tərəfindən icra ediləcəkdir. Görün, bizim sahibkarlar nə qədər fayda götürəcəklər, ölkə iqtisadiyyatına nə qədər sərmayə gələcəkdir. Yəni, enerji sahəsində son on il ərzində görülən işlər tarixi işlərdir. Bunu heç kim inkar edə bilməz. Bu, bizim böyük nailiyyətimizdir, böyük uğurumuzdur.
Bununla bərabər, digər sektorların inkişafı təmin edilmişdir. Biz bu illərdə kosmik sənayeyə malik olan ölkələrin klubuna daxil olduq. Bu gün Azərbaycanın öz peyki vardır. "Azərspace - 1" peykimiz vardır ki, artıq Azərbaycan xalqına və dövlətinə xidmət göstərir. Bu da tarixi nailiyyətdir. Bu peykin adı "Azərspace - 1"dir. Yəni, o deməkdir ki, "Azərspace - 2" də, 3 də olacaq və bu sənaye də Azərbaycanda inkişaf edəcəkdir.
Biz bu illərdə xarici siyasətlə bağlı ən böyük nailiyyətlərə çata bildik və 155 ölkənin dəstəyi ilə iki il bundan əvvəl BMT Təhlükəsizlik Şurasına üzv seçildik. İki il ərzində Təhlükəsizlik Şurasında özümüzü ləyaqətlə, cəsarətlə apardıq, hər bir məsələ ilə bağlı öz mövqeyimizi ifadə etdik. Hesab edirəm ki, bu gün BMT-də bizə olan dəstək daha da artıb, daha da çox ölkə Azərbaycanı etibarlı tərəfdaş və dost ölkə kimi tanıyır. Hazırda - oktyabr ayında biz BMT Təhlükəsizlik Şurasına sədrlik edirik. Azərbaycan hansı ki, cəmi 20 il real müstəqillik dövründə yaşayır, bu illər ərzində dünyanın bir nömrəli qurumu olan Təhlükəsizlik Şurasına üzv olub və indi orada sədrlik edir. Bu, hər bir vətəndaşın qəlbini qürurla doldurur. Biz haqlı olaraq fəxr edirik ki, ölkəmiz belə böyük uğurlara imza atır.
Bu illərdə bizim şəhərlərimiz abadlaşıb, gözəlləşib. Bu illərdə Bakı artıq dünyanın ən gözəl şəhərlərindən biri kimi tanınır. Bakı doğrudan da, dünyanın ən rahat, ən gözəl şəhərlərindən biridir. Paytaxtımız ölkəmizdə gedən bu quruculuğun, inkişafın, abadlaşmanın simasıdır və Azərbaycanın uğurlu inkişafını təcəssüm etdirir.
On il ərzində görülən işlər haqqında danışmaq üçün bir neçə saat, bəlkə də bir neçə gün lazım olacaqdır. Mən sadəcə olaraq əsas məqamları səsləndirdim. Bir neçə gündən sonra prezident seçkiləri keçiriləcəkdir. Əminəm ki, seçkilər ədalətli, şəffaf keçiriləcəkdir. Azərbaycan xalqının iradəsi seçkilərdə tam şəkildə öz əksini tapacaqdır.
Sağ
olun.
AzərTAc
Azərbaycan.-2013.- 8 oktyabr.- S.3.