Prezident seçkilərini müşahidə etmək üçün

 8 ölkədən 10 beynəlxalq təşkilat dəvət olunub

 

Dünən Milli Məclisin Sədri Oqtay Əsədov oktyabrın 9-da keçiriləcək prezident seçkilərini müşahidə etmək üçün  Azərbaycana dəvət olunan Fransa Senatının üzvlərindən ibarət nümayəndə heyətini qəbul edib. Görüş zamanı Azərbaycanda seçkiyə hazırlıq və beynəlxalq təşkilatların seçkidə müşahidəçi qismində iştirakı müzakirə edilib.

Milli Məclisin Sədri Oqtay Əsədov qeyd edib ki, Azərbaycanda keçiriləcək prezident seçkilərini müşahidə etmək üçün 8 ölkədən 10 beynəlxalq təşkilat dəvət olunub: "Azərbaycan müstəqillik qazanandan bəri sayca 7-ci prezident seçkisini keçirəcək. Ölkəmizdə 4 dəfə də parlament seçkiləri keçirilib. Buna görə də seçkilərin təşkili sahəsində müəyyən qədər təcrübəmiz mövcuddur. Lakin yenə də beynəlxalq təşkilatların təcrübəsinə böyük ehtiyac var".

Oqtay Əsədov Azərbaycan-Fransa münasibətlərinin yüksək səviyyədə olduğunu bildirib. Qeyd edib ki, ölkələrimiz arasında 40-a yaxın sənəd imzalanıb. Burada əsas məqsəd ölkələrarası hüquqi bazanı möhkəmləndirməkdir: "Ötən il Azərbaycanın Fransa ilə iki milyard dollardan çox ticarət dövriyyəsi olub. Bu göstərici cari ilin 6 ayı ərzində 1 milyard dolları keçib. Hazırda Azərbaycanda  40-a yaxın Fransa şirkəti çox uğurla fəaliyyət göstərir. İnanıram ki, əlaqələrimiz bundan sonra da inkişaf edəcək. Sevindirici haldır ki, iki ölkə parlamentində dostluq qrupları fəaliyyət göstərir. Ümumi əlaqələrin inkişaf etməsində  parlamentlərarası dostluq qrupları böyük rola malikdir. Biz bu qrupların işindən çox məmnunuq"

Sədr daha sonra vurğulayıb ki, qarşıdan gələn prezident seçkilərinin demokratik və şəffaf keçirilməsi üçün hər cür şərait yaradılıb: "Seçki məntəqələri lazım olan bütün avadanlıqlarla təchiz edilib. Hər bir seçki məntəqəsinin qapısı üzünüzə açıqdır. Oradakı seçkiöncəsi şəraitlə tanış olmaq üçün istədiyiniz məntəqələrə gedə bilərsiniz".

Fransa Senatının üzvü və fransalı nümayəndə heyətinin rəhbəri Nathalie Goulet öz növbəsində prezident seçkilərində müşahidəçi qismində Azərbaycana dəvət olunduğu üçün təşəkkürünü bildirib. Qeyd edib ki, o, Azərbaycanda bir neçə seçkidə iştirak edib: "Son 10 il ərzində Azərbaycan böyük nailiyyətlər əldə edib. İnanırıq ki, bu seçkilər də demokratik və şəffaf şəkildə həyata keçiriləcək. Biz hər zaman ədalətli müşahidə aparmağa çalışmışıq. Buna qətiyyətlə əmin ola bilərsiniz. Seçkidən sonra öz fikirlərimizi dolğun şəkildə bildirəcəyik".

Sonda maraq doğuran məsələlər ətrafında fikir mübadiləsi aparılıb.

 

 

Elgün MƏNSİMOV,

Azərbaycan.-2013.- 8 oktyabr.- S.4.