Azərbaycanda seçki
prosesi xeyli təkmilləşdirilmişdir
ATƏT-in Parlament Assambleyasının Azərbaycanda keçiriləcək prezident seçkiləri üzrə müşahidə missiyasının rəhbəri xanım Barnet Dorisin başçılıq etdiyi nümayəndə heyəti oktyabrın 7-də Milli Məclisin Sədri Oqtay Əsədovla görüşmüşdür.
Görüşdə Oqtay Əsədov ATƏT Parlament Assambleyasının missiyasının Azərbaycanda prezident seçkilərində müşahidəçi kimi iştirakından məmnunluğunu bildirmişdir. O, xatırlatmışdır ki, ATƏT 1995-ci ildən Azərbaycanda seçki prosesini izləyir.
Prezident seçkilərinin şəffaf, demokratik şəkildə keçirilməsi üçün lazımi şəraitin yaradıldığını vurğulayan Milli Məclisin Sədri seçki məntəqələrinin 20 faizində veb-kameraların quraşdırıldığını diqqətə çatdırmışdır. Bildirilmişdir ki, bütün texniki vasitələrlə təchiz olunmuş seçki məntəqələri hər kəsin üzünə açıqdır.
Nümayəndə heyətinin rəhbəri Barnet Doris prezident seçkilərinə hazırlıq prosesi ilə yaxından tanış olduqlarını söyləmişdir. B.Doris müşahidələrindən və əldə etdikləri məlumatlardan sonra Azərbaycanda seçki prosesinin xeyli təkmilləşdirildiyi qənaətinə gəldiklərini vurğulamışdır.
AzərTAc,
Azərbaycan.-2013.- 8 oktyabr.- S.4.