İsrail Azərbaycanın həm dostu, həm də müttəfiqidir

 

Oktyabrın 7-də Milli Məclisin Azərbaycan-İsrail parlamentlərarası əlaqələr üzrə işçi qrupunun üzvləri  İsrail parlamentinin Sovet Yəhudiləri üzrə Milli Komitəsinin üzvlərindən ibarət nümayəndə heyəti ilə görüşüblər. Görüşdə Azərbaycan-İsrail əlaqələrinin dostluq prinsiplərinə söykəndiyi vurğulanıb, oxşar dəyərlərdən söz açılıb.

Azərbaycan-İsrail parlamentlərarası əlaqələr üzrə işçi qrupunun üzvü Asim Mollazadə qonaqları salamlayaraq bildirib ki, İsrail Azərbaycanla həm dost, həm də müttəfiq ölkədir. İki ölkə arasında iqtisadi, siyasi və mədəni sahələrlə yanaşı, texnoloji sahədə də geniş əlaqələr mövcuddur. Bu səbəbdəndir ki, ölkələrimiz arasındakı ticarət dövriyəsinin həcmi 4 milyard dollardan çoxdur. Bu isə Rusiya ilə olan ticarət dövriyyəsindən iki dəfə çoxdur.

Daha sonra Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinə toxunan A.Mollazadə Azərbaycanın 1 milyondan çox qaçqın və məcburi köçkününün olduğunu diqqətə çatdırıb. Qeyd edib ki, problemlə bağlı beynəlxalq təşkilatların bir neçə qətnamələri var, lakin hələ də bu qətnamələr icra olunmur. O, Xocalı soyqırımından söz açaraq bildirib  ki, İsrail də Azərbaycanın başına gətirilən bu bəlaları yaxşı başa düşür.

Sovet Yəhudiləri üzrə Milli Komitənin sədri Qrinberq Stiven isə Azərbaycanda böyük yəhudi icmasının yaşadığını diqqətə çatdırıb. Bildirib ki, bu icma Azərbaycanda geniş şəkildə təmsil olunur. "Buraya gəlişimizin məqsədi dostluq əlaqələrimizi, iqtisadisiyasi sahədəki əməkdaşlığımızı daha da genişləndirməkdir"- deyə Q.Stiven əlavə edib.

Görüş zamanı qarşılıqlı fikir mübadiləsi aparılıb, ölkələrarası əlaqələrin inkişaf perspektivləri müzakirə olunub.

 

 

Elgün MƏNSİMOV,

Azərbaycan.-2013.- 8 oktyabr.- S.4.