Naxçıvan Muxtar
Respublikası Ali
Məclisində
mükafatların təqdimat mərasimi olmuşdur
Oktyabrın 7-də Naxçıvan Muxtar Respublikası Ali Məclisində 3-cü dərəcəli "Vətənə xidmətə görə" ordeninin, "Dövlət qulluğunda fərqlənməyə görə", "Tərəqqi", "Hərbi xidmətdə fərqlənməyə görə" və "Vətən uğrunda" medallarının, Azərbaycan Respublikasının və Naxçıvan Muxtar Respublikasının fəxri adlarının döş nişanlarının, 2012-2013-cü tədris ilində keçirilmiş "Ən yaxşı ümumtəhsil məktəbi" və "Ən yaxşı müəllim" müsabiqəsinin qaliblərinə və Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin xüsusi aylıq təqaüdünə layiq görülən gənc istedadlara mükafatların təqdimat mərasimi keçirilmişdir.
Naxçıvan Muxtar Respublikası Ali Məclisinin mətbuat xidmətindən AzərTAc-a bildirmişlər ki, Ali Məclisin Sədri Vasif Talıbov təltif olunanları dövlətimizin ali mükafatlarına layiq görülmələri münasibətilə təbrik edərək demişdir: Bu gün ölkəmizdə həyata keçirilən sosial-iqtisadi islahatlar nəticəsində bütün sahələr uğurla inkişaf edir. Bu inkişafın əldə olunmasında fərqlənənlərin əməyi isə dövlətimiz tərəfindən layiqincə qiymətləndirilir. Müxtəlif sahələrdə çalışan insanların əməyinin qiymətləndirilməsi sabitlik və sosial-iqtisadi inkişafın təmin olunduğu ölkələrdə mümkündür. Azərbaycanda yüksək sosial-iqtisadi inkişaf, davamlı sabitlik və ölkəsinə sədaqətlə xidmət edən vətəndaşlar vardır. Ali Məclisin Sədri demişdir: Bu gün təltif olunanlar öz sahələrində uğurlu fəaliyyət göstərən, ölkəmizin ümumi inkişafında fərqlənən insanlardır. Onların çəkdikləri zəhmət və səmərəli fəaliyyətləri dövlətimiz tərəfindən yüksək qiymətləndirilmişdir. Çünki hər kəsə bacarığına görə iş, işinə görə isə qiymət vermək lazımdır. Bu isə vətəndaşların öz işlərinə daha məsuliyyətlə yanaşmasına, işdə rəqabətin yaranmasına, sabitliyin, sosial-iqtisadi inkişafın qorunub saxlanılmasına xidmət edir.
"Ümummilli lider Heydər Əliyevin müəyyənləşdirdiyi yol Azərbaycanın dünəninin, bugününün və sabahının yoludur", - deyən Ali Məclisin Sədri bildirmişdir ki, bu yol Azərbaycanı hərtərəfli inkişaf və tərəqqiyə qovuşdurmuşdur. Təltif olunanlar bundan sonra da öz fəaliyyətlərində ulu öndərin siyasi xəttinə sədaqət göstərməli, ölkəmizin inkişafında səy və bacarıqlarını əsirgəməməlidirlər. Çünki bu siyasi xəttin bundan sonra da davam etdirilməsi Azərbaycanda daha böyük uğurların qazanılmasını şərtləndirəcəkdir.
Ali Məclisin Sədri təltif olunanları dövlətimizin ali mükafatlarına layiq görülmələri münasibətilə bir daha təbrik etmiş, onlara işlərində uğurlar arzulamışdır.
Ali Məclisin Sədri medalların, Azərbaycan Respublikasının və Naxçıvan Muxtar Respublikasının fəxri adlarının döş nişanlarını və vəsiqələrini təqdim etmişdir.
Təltif olunanlardan Səkinə Axundova, Əlövsət Baxşıyev, Mətanət Əliyeva, Abbas Qasımov, Fatma Quliyeva, Ənvər Şıxəliyev, Ruxsarə Vəliyeva, Məryəm Zeynalova, Məryəm Vəlibəyova, Yaqub Məmmədov, Məhərrəm Qasımov, Elmira Rzayeva və Şahbaz Şıxəliyev əməklərinə verilən yüksək qiymətə görə dərin minnətdarlıqlarını ifadə etmiş, bundan sonra da ölkəmizin inkişafı və tərəqqisi yolunda çalışacaqlarını, ümummilli lider Heydər Əliyevin siyasi xəttinə daim sadiq qalacaqlarını, dahi şəxsiyyətin müəllifi olduğu uğurlu sosial-iqtisadi inkişaf strategiyasının həyata keçirilməsində fəal iştirak edəcəklərini bildirmişlər.
Sonra Ali Məclisin Sədri 2012-2013-cü tədris ilində "Ən yaxşı ümumtəhsil məktəbi" müsabiqəsinin qalibi olmuş Naxçıvan şəhəri 10 nömrəli, Şərur şəhəri 1 nömrəli və Ordubad şəhəri 3 nömrəli tam orta məktəblərinə, "Ən yaxşı müəllim" müsabiqəsinin qalibi olmuş 5 müəllimə və Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin xüsusi aylıq təqaüdünə layiq görülmüş gənc istedadlara mükafatları təqdim etmişdir.
Ordubad şəhəri 3 nömrəli tam orta məktəbinin direktoru Əliağa Rzayev, "Ən yaxşı müəllim" müsabiqəsində müvəffəqiyyət qazanan Dilruba Məmmədzadə və Yunis Quliyev əməklərinə verilən yüksək qiymətə görə minnətdarlıqlarını bildirmişlər.
Qeyd olunmuşdur ki, muxtar
respublikamızda təhsilin inkişafına göstərilən
qayğı, şəhər, rayon, qəsəbə və kəndlərdə
müasir məktəb binalarının tikilməsi tədrisin
keyfiyyətinin yüksəldilməsinə və müəllimlərin
fəaliyyətinin yaxşılaşdırılmasına səbəb
olmuşdur. Bu gün təhsildə uğur qazanan ümumtəhsil
məktəblərinin və müəllimlərin əməyinin
dövlətimiz tərəfindən layiqincə qiymətləndirilməsi
isə təhsil işçilərinə göstərilən
yüksək dövlət qayğısının daha bir ifadəsidir. Onlar bundan sonra
da səylə çalışacaqlarını,
yüksək intellektli, savadlı və ümummilli liderin
ideyalarına sadiq vətənpərvər
gənclər yetişdirəcəklərini qeyd
etmişlər.
Azərbaycan.-2013.- 8 oktyabr.- S.5.