Azərbaycanın birinci
xanımı Mehriban Əliyeva Daun
Sindromlu Şəxslərin
Reabilitasiya Mərkəzinin açılışında
iştirak etmişdir
Oktyabrın 7-də Bakının Nizami rayonunda Daun Sindromlu Şəxslərin Reabilitasiya Mərkəzinin açılışı olmuşdur.
Azərbaycanın birinci xanımı, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyeva, fondun vitse-prezidenti Leyla Əliyeva və Arzu Əliyeva mərasimdə iştirak etmişlər.
Azərbaycanın birinci xanımının diqqətinə çatdırıldı ki, mərkəz üçün ayrılan ərazinin ümumi sahəsi bir hektardır. Əsas və köməkçi binalarla birlikdə tikintinin ümumi sahəsi 7300 kvadratmetr təşkil edir. Bina 3 mərtəbə və zirzəmi hissəsindən ibarətdir. Heydər Əliyev Fondunun təşəbbüsü ilə inşa olunan binanın xarici görünüşü göbələk formasındadır. Tikinti işləri blok şəklində dəmir-beton konstruksiya əsasında aparılmışdır. Fasad isə göbələyin təbii formasına oxşar şəkildə şüşə pəncərələrlə bəzədilmişdir. Fasadda örtük materialı olaraq qəliblərdə hazırlanan müasir poliestr materialından istifadə edilmişdir.
Heydər Əliyev Fondunun prezidenti mərkəzdə yaradılan şəraitlə tanış oldu. Qeyd edildi ki, binanın interyerinin rəngarəngliyi onun dinamik aurasını daha da zənginləşdirir. Burada ümummilli lider Heydər Əliyevin uşaqlara qayğısını əks etdirən fotostend yaradılmışdır.
Mehriban Əliyevaya məlumat verildi ki, yeməkxanada daun sindromlu xəstələrin rahat qidalanması üçün hər cür şərait vardır.
Mərkəzdə psixologiya, məktəbəqədər hazırlıq, valideyn otaqları, biologiya və zoologiya kabinetləri yerləşir. Burada həmçinin heykəltəraşlıq, əmək, xalçaçılıq, tikiş, rəsm dərnəkləri də fəaliyyət göstərəcəkdir. Kompyuter, loqoped, riyaziyyat, astronomiya otaqları və digər yardımçı otaqlar da ən müasir avadanlıqla təchiz olunmuşdur.
Azərbaycanın birinci xanımı Mehriban Əliyeva, Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva və Arzu Əliyeva mərkəzin idman zalı və üzgüçülük hovuzuna da baxdılar. Məlumat verildi ki, hovuz iki hissədən - üzgüçülük və müalicə hissələrindən ibarətdir. Ən müasir texniki avadanlıqla təchiz olunan kino və teatr zalları da daun sindromlu xəstələrin istifadəsinə verilmişdir.
Bildirildi ki,
mərkəz daun sindromlu
şəxslərin, eləcə də onların ailə
üzvlərinin sosial-mədəni reabilitasiyası və cəmiyyətə
inteqrasiyasına xidmət edəcəkdir.
Mərkəzlə
tanışlıqdan sonra Heydər Əliyev Fondunun prezidenti
Mehriban Əliyeva, fondun vitse-prezidenti Leyla Əliyeva və Arzu
Əliyeva Daun Sindromlu Şəxslərin Assosiasiyasının
nəzdində fəaliyyət göstərən "Dəcəllər"
teatrının hazırladığı tamaşaya
baxdılar.
Qeyd olundu ki, mərkəzin ərazisində uşaq əyləncə meydançası, köşklər və açıq idman meydançası yaradılmışdır. Heydər Əliyev Fondu tərəfindən mərkəzə avtobus hədiyyə olunmuşdur.
Sonda xatirə şəkli çəkdirildi.
AzərTAc
Azərbaycan.-2013.- 8 oktyabr.- S.5.