Pakistan Senatı Azərbaycanın ərazi bütövlüyünü

 dəstəkləyən daha bir qətnamə qəbul etmişdir

 

Oktyabrın 5-də Pakistan Senatının xarici əlaqələr, Kəşmir və Gilgit-Baltistan komitəsinin iclası keçirilmişdir.

Azərbaycanın Pakistandakı səfirliyindən AzərTAc-a bildirmişlər ki, iclasda Pakistan Senatında təmsil olunan altı aparıcı hakim və müxalifət partiyaları, Pakistan Milli Assambleyasının aparıcı deputatı Tahirə Auranqzeyb, xarici işlər katibi Cəlil Abbas Cilani, xarici işlər nazirinin müavini Masrur Cuneci, Xarici İşlər Nazirliyinin İqtisadi Əməkdaşlıq Təşkilatı, Mərkəzi Asiya, İran və Türkiyə idarəsinin rəisi səfir Najm us Saqib iştirak etmişlər.

Xarici əlaqələr, Kəşmir və Gilgit-Baltistan komitəsinin sədri Haci Adil çıxış edərək Pakistan Senatı və Milli Assambleyasının nümayəndə heyətinin Azərbaycanda keçiriləcək prezident seçkilərini müşahidə etmək üçün bu ölkəyə səfər edəcəyini bildirmişdir.

İclasda çıxış edən xarici işlər nazirinin müavini Masrur Cuneci Azərbaycanın  tarixi, iqtisadiyyatı, xarici siyasəti, mədəniyyəti, dini dəyərləri, Ermənistan-Azərbaycan, Dağlıq-Qarabağ münaqişəsi, Azərbaycan-Pakistan münasibətləri haqqında geniş məlumatlar vermişdir.

İclasın sonunda Pakistan Senatının müdafiə və müdafiə sənayesi komitəsinin sədri Seyid Müşahid Hüseyn və ölkənin ana müxalifəti olan Pakistan Xalq Partiyasının təmsilçisi, senator Cahagir Bader  qətnamə layihəsini təqdim etmişlər. Sənəddə Pakistan xalqı və parlamenti adından Azərbaycan hökumətinə Kəşmir məsələsində tutduğu prinsipial mövqeyə görə  minnətdarlıq hissi izhar olunmuşdur. Qətnamədə Azərbaycanın suverenliyi və ərazi bütövlüyü tam dəstəklənmiş, Ermənistanın işğalçı mövqeyi qəti pislənilmiş, həmçinin BMT-nin 822, 853, 874 və 884 saylı qətnamələrinin tələblərinin tezliklə icra olunması tələbi irəli sürülmüşdür. Qətnamə yekdilliklə qəbul edilmişdir.

Qeyd edək ki, xarici əlaqələr, Kəşmir və Gilgit-Baltistan  komitəsinin iclasında  qəbul edilmiş sənəd Senatın  sədr müavini Sabir Bəluc,  müdafiə  və müdafiə sənayesi komitəsinin sədri Müşahid Hüseyn, qaydalarimtiyazlar komitəsinin sədri Tahir Məşədi Hüseyn, ticarət komitəsinin sədri Hacı Qulam Əli, elm və kitabşünaslıq   komitəsinin sədri Seyid Suqra İmam,  həmçinin  hakim PML-N partiyası da daxil olmaqla, Milli Assambleyada təmsil olunan aparıcı  PPP,  PML-Q,  JUİ,  ANP,  MQM partiyaları  tərəfindən də dəstəklənmişdir.

Pakistan Senatında keçirilmiş iclas və qəbul edilmiş qətnamə haqqında ölkə mətbuatında geniş materiallar dərc olunmuşdur.

 

Azərbaycan.-2013.- 8 oktyabr.- S.6.