Aleksandros PETERSEN: Azərbaycanın
uğurları səmərəli
idarəetmənin nəticəsidir
Beynəlxalq münasibətlər, enerji və regional təhlükəsizlik sahəsində tanınmış ekspert, "Dünya adası: Avrasiya geosiyasəti və Qərbin taleyi" kitabının müəllifi Aleksandros Petersen AzərTAc-a eksklüziv müsahibə vermişdir. Müsahibənin mətnini təqdim edirik.
- Doktor Petersen, bir həftə əvvəl "Moody's" agentliyi Azərbaycanın kredit qabiliyyəti haqqında hesabat dərc etmişdir. Hesabatda ölkənin iqtisadi inkişafda və neftdən gələn maliyyə resurslarının istiqamətləndirilməsində, iqtisadiyyatın digər sektorlarında nailiyyətləri qeyd olunmuşdur. Ölkənin qeyri-neft sektorunun inkişafı barəsində nə deyə bilərsiniz? Sizcə, Azərbaycan daha geniş regionda qeyri-neft məhsullarının rəqabətqabiliyyətli istehsalçısı ola bilərmi?
- Azərbaycanın bugünkü nailiyyətlərinin böyük hissəsi 1990-cı illərin sonunda ölkə rəhbərliyinin Azərbaycan iqtisadiyyatının şaxələnməsi üçün təməl yaradılmasına dair qəbul etdiyi müdrik və strateji qərarın nəticəsidir. Həmin uzunmüddətli strategiya son on beş il ərzində bu siyasətin Azərbaycan rəhbərliyi tərəfindən ardıcıl davam etdirilməsi sayəsində gözəçarpan nəticələri verməyə başlamışdır. Kənd təsərrüfatı və maliyyə sektorlarında, yüngül sənaye və telekommunikasiya, nəqliyyat, turizm və iqtisadiyyatın digər sahələrində Azərbaycanın böyük potensialı vardır. Lakin o vaxt Azərbaycan Respublikası Dövlət Neft Fondu (ARDNF) yaradılmasaydı, necə deyərlər, "resurs lənəti"ni zəiflədən struktur iqtisadi islahatları da reallaşmazdı, biz bu qeyri-neft sektorlarındakı mühüm potensial barəsində hətta danışa bilməzdik. Bu, fasiləsiz və səmərəli iqtisadi idarəetmənin nəticəsidir. Mən digər sektorların inkişafına optimist baxıram. Hərçənd yeni xarici sərmayədarların cəlb olunmasının davam etdirilməsinin vacibliyinə baxmayaraq, Azərbaycan daha qərb investisiyalarından asılı deyildir.
- "Trans-Avrasiya Super İnformasiya Magistralı
(Trans-Eurasian Information Super Highway-TASIM)" layihəsi
barəsində danışaq. Bu layihə nə kimi səylər tələb edir və Azərbaycana və regiondan kənardakı tərəfdaşlara
nə verəcəkdir?
Bu layihə miqyasına
görə Bakı-Tbilisi-Ceyhan (BTC) layihəsi ilə müqayisəyə
gələcəkmi?
- Şübhəsiz ki,
TASIM Azərbaycanın reallaşdırdığı
vacib qeyri-enerji layihələrindən biridir. Azərbaycanın liderliyi sayəsində
TASIM qitə miqyaslı
layihə olacaq və tamamilə istismara verildikdən sonra həm Trans-Avrasiya telekommunikasiya əlaqəsini təmin edəcək, həm də bütün region üzrə qarşılıqlı
əlaqə geosiyasətini
formalaşdıracaqdır. "Cənub dəhlizi"
layihəsi kimi, TASIM resursların digər tədarükçülərindən asılı olan ölkələrə əsas
alternativ təmin edəcəkdir. Layihə
eyni zamanda Bakını regional və
qlobal telekommunikasiya mərkəzinə transfer edir
ki, bu da
öz növbəsində
qeyri-neft sektorunun inkişafı üçün
bir sıra digər imkan və perspektivlər yaradacaqdır. Nəhayət,
qeyd etmək istərdim ki, geniş Xəzər bölgəsinin regional birləşməsinə
kömək edən layihə kimi TASIM-in əhəmiyyətini müvafiq
şəkildə dəyərləndirmək
lazımdır.
- Son bir neçə ildə ARDNŞ regional inkişafın
və iqtisadi təhlükəsizliyin əsas
tərkib elementi olmuşdur. Avropada və Yaxın Şərqdə sərmayələr
yatırmaqla, ARDNŞ beynəlxalq
neft şirkətinə
çevrilir. Şirkət onilliyin növbəti beynəlxalq enerji nəhəngi olacaqmı?
- Zənnimcə, ARDNŞ-in heyrətamiz
inkişafı Norveçin
"Statoil" şirkətini xatırladır. Bu dövlət
şirkəti əvvəlcə
tamamilə ölkəsinin
resurslarından və
Skandinaviyada pərakəndə
satışdan asılı
idi. Lakin bütün qitələrdə
layihələrə malik
olmaqla və
"Exxon", "Shell", və
"Chevron" kimi digər
enerji nəhəngləri
ilə rəqabət aparmaqla dünya miqyaslı oyunçuya çevrilmişdir. ARDNŞ-in strategiyası bir çox cəhətinə
görə "Statoil" şirkətinin strategiyasına
bənzəyir: ARDNŞ özünü
digər şirkətlər
və ölkələr
üçün dəyərlərin
yaradıcısı kimi
təqdim edir, maliyyələşmənin təminatında
peşəkar və konstruktiv rol oynayır. Bununla da çətin
layihələrin təkanvericisi
və etibarlı tərəfdaşı olmuşdur.
ARDNŞ-in Gürcüstanda, Türkiyədə, Cənubi
və Mərkəzi Avropada və hətta İsraildəki layihələri heyrətamizdir,
lakin şirkətin peşəkarlığı və
neft-qaz sənayesində
nüfuzu daha böyük təsir bağışlayır.
- Ötən həftə Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov Azərbaycan hökumətinin
mövqeyini
bir daha bəyan edərək bildirmişdir ki, Ermənistan rəhbərliyi
işğalçılıq siyasətindən əl çəkərsə, onda
bu ölkə regional layihələrə buraxılacaqdır,
bu da öz
növbəsində, erməni
xalqına fayda gətirəcəkdir. Əgər Ermənistan
öz ordusunu Azərbaycan ərazilərindən
çıxararsa və
Azərbaycan tərəfindən
başlanmış layihələrə
buraxılarsa, onda sizcə, bunun Ermənistan üçün
hansı iqtisadi səmərəsi olacaqdır?
Hər hansı konkret iqtisadi göstəricilər
varmı?
- Həqiqətən diqqətəlayiqdir
ki, Azərbaycanın rəsmi şəxsləri
dəfələrlə və
açıq şəkildə
bəyan etmişlər
ki, əgər Azərbaycan ərazilərinin
Ermənistan hərbi qüvvələri tərəfindən
işğalına son qoyulsa,
onda Ermənistan Azərbaycanla əlaqəli
layihələrdən faydalanacaqdır.
Belə bəyanatlar Azərbaycanın
münaqişə zonasının
gələcəyinə müsbət
yanaşmasını göstərməklə
bərabər, həm
də onun Cənubi Qafqazda mehriban qonşuluq münasibətlərinin qaydaya
salınması cəhdlərinin
ifadəsidir. Ermənistanın nə qədər fayda əldə edəcəyi, əlbəttə
ki, münaqişədən
sonrakı dövr üçün planlaşdırılan
layihələrdən asılıdır.
Lakin, ümumiyyətlə, deyə
bilərəm ki, istənilən regional layihə
və Ermənistanın
iqtisadiyyatına uyğun
investisiyalar onun simasını tezliklə dəyişdirəcəkdir. Hazırda Ermənistan tamamilə diasporun pul köçürmələrindən
və Rusiya investisiyalarından asılıdır.
Bu iqtisadi model qətiyyən davamlı deyil və onun
nəticəsini işsizlik
və iqtisadi imkansızlıq səbəbindən
Ermənistandan fasiləsiz
mühacirətlərdə görmək olar. Ermənistan Gömrük İttifaqına
daxil olandan sonra situasiya daha ümidsiz olacaqdır.
Ermənistan münaqişə
səbindən regional və
qlobal iqtisadiyyatdan tamamilə təcrid olunmuş və ayrılmışdır.
Əgər gələcəkdə
Azərbaycandan investisiya
ayrılsa, bu, Ermənistan iqtisadiyyatını
dirçəldər, şaxələndirər
və ola
bilsin ki, onun təcrid olunmasını aradan qaldırar və Rusiyadan asılılığının
azaldılmasında geosiyasi
səmərə verə
bilər. Konkret rəqəm demək
çətindir, amma güman edirəm ki, Ermənistanın gəlirləri milyardlarla ölçülə bilərdi.
Ümumi daxili məhsulu 10 milyard dollardan (Azərbaycanın
ÜDM-nin yeddidə biri qədər) az olan ölkə üçün
bu, onun simasını kökündən
dəyişdirən fayda
gətirərdi.
- Dağlıq Qarabağ
münaqişəsinin nizamlanması
Azərbaycan üçün
prioritetlərdən biridir. Azərbaycanın
etibarlı tərəfdaş,
o cümlədən təhlükəsizlik
məsələlərində etibarlı tərəfdaş
kimi öz dönməzliyini Qərbə
sübut etməsinə
baxmayaraq, Amerika Birləşmiş Ştatları
da daxil olmaqla, bir sıra
qərb ölkələrinin
rəhbərliyi Dağlıq
Qarabağ münaqişəsinin
nizamlanması məsələsində
kifayət qədər
təşəbbüskarlıq nümayiş etdirmir.
ABŞ administrasiyası Azərbaycanla
tərəfdaşlığının genişləndirilməsi və
Dağlıq Qarabağ
münaqişəsinin tezliklə nizamlanması
üçün hansı
addımları atmalıdır?
- ABŞ-ın hazırkı administrasiyası birmənalı
olaraq, münaqişənin
nizamlanması əzmindədir.
ABŞ Prezidenti də, dövlət katibi də münaqişənin reallıqları
ilə yaxşı tanışdırlar. ATƏT-in
Minsk qrupunun ABŞ-dan
olan yeni həmsədri Ceyms Uorlik Amerikanın aparıcı diplomatlarından
biridir və danışıqların aparılması
sahəsində dərin
biliklərə malikdir.
Üstəlik, ABŞ administrasiyasının xarici siyasətdə bir neçə illik uğursuzluğundan sonra qələbə vacibdir. Prezidentlik müddətinin bitməsinə
yaxın Barak Obama siyasi
varisliyini təmin edən müsbət nailiyyətlər axtaracaqdır.
Bütün bu amillər hazırkı
vəziyyəti münaqişənin
tənzimlənməsinə danışıqlar prosesinin
bütün dövrlərində
olduğundan daha çox yaxınlaşdırır.
Dövlət katibi münaqişənin
tənzimlənməsinə qlobal planda prioritet
əhəmiyyət verməlidir.
Yüksək səviyyəli
rəhbərliyin iştirakı
ilə yaxın gələcəkdə münaqişənin
həllinə nail olmaq
mümkündür.
Yusif BABANLI,
AzərTAc-ın xüsusi müxbiri
Vaşinqton
Azərbaycan.-2013.- 8 oktyabr.- S.6.