İlk dəfə səs verəcəm!
Hər dəfə Bakıdan Londona uçarkən mənə elə gəlir ki, zaman daha ləng irəliləyir. Cavabını özüm də yaxşı bilirəm. Evimizdən, doğmalarımdan, tətil günlərində alışdığım arxayınçılıqdan müvəqqəti də olsa uzaqlaşdıqca nostalji hisslər zamana münasibətimə mütləq təsir gostərir. Geriyə dönərkən isə əksinə. Torpağımızı, yaxınlarımı görmək arzum sanki zamanı tələsdirir. Hələlik isə ovqatımı növbəti tətilə qədər bir neçə ayın gərginliyinə kökləməliyəm.
Hər səfər öncəsi altı
saatlıq uçuş müddətinin
yorğunluğunu hiss
etməmək üçün qəzet
köşkündən bir neçə qəzet,
jurnal almağım adətə çevrilib. Bu jurnallar içərisində "vaxtı
öldürmək" üçün vərəqlədiyim,
verdiyim pula heyfsiləndiyim
jurnallar daha çox olub.
Bu gün də evimizin yaxınlığında yerləşən köşkdən ilk baxışda maraqlı görünən bir neçə jurnal aldım. Adətən jurnalları uçuş başlamazdan əvvəl vərəqləməyə başlayıram. Sonuncu jurnal istər formatı, istərsə də tərtibatı baxımından mənə çox fərqli göründü.
Mündəricatda olan başlıqlar maraqlı mövzuların olacağından xəbər verirdi. Azərbaycan musiqisi tarixində muğamın yeri, Xan qızı Natəvanın Şuşaya su çəkdirməsi, Şərq təbabəti və müasirlik, Azərbaycan miniatürləri, Həsən bəy Zərdabinin həyat və fəaliyyəti haqqında olan məqalə və s. Sonuncu məqalədən başlamağı qərara aldım. Həsən bəy Zərdabi söylərkən gözümün önünə ilk gələn ömür-gün yoldaşı Hənifə xanım Məlikova ilə birgə çəkdirdiyi şəkil olur.
Simalarını əsilzadəlik və nəcabət nurlandıran iki ziyalı, Azərbaycanın böyük mütəfəkkiri, vətənpərvər alim, nurani simalı bu şəxs haqda bildiklərimi yadıma salıram.
Təqdim olunan informasiyanı oxumazdan öncə mən bu haqda nə bilirəm sualına cavab axtarıram. Bu, mənim adətimdir. Sanki sonra oxuduqlarım əvvəlki biliklərimi cilalayır, cəm halına salır.
Hər bir Azərbaycan gənci kimi Həsən bəy Zərdabinin fəaliyyəti, "Əkinçi" qəzetinin xalqımızın maarifləndirilməsində rolu, Azərbaycan Xalq Cümhuriyyəti Parlamentinin ilk sədri olan Əlimərdan bəy Topçubaşovla qohumluq əlaqələri, övladlarının acı taleyi haqqında müəyyən məlumatlara malikəm.
Həsən bəy Zərdabinin xaricdə təhsil alan oğulları - Müdhəd bəy və Səffət bəy haqqında bildiklərim digər fikirlərimi üstələyir. Mən bu şəxslər haqqında məlumatı bir zamanlar Əlimərdan bəy Topçubaşov haqqında yazılan kitabda oxumuşdum.
XX əsrin əvvəllərində xaricdə təhsil alan azərbaycanlı tələbələr haqqında yazılmış bir məqalədən də əldə etdiyim bu məlumatlar, görünür, hafizəmin hansısa qatında yerləşmiş və bir gün özünü biruzə verəcəyi anı gözləmişdir. Bu gün bu şəxslər və onların kədərli taleyi haqqında düşünməyə başlayıram.
Həsən bəy Zərdabinin hər iki oğlu "Cümhuriyyət tələbələri" qrupunun üzvü olmuşdur. Kimdir bu "Cümhuriyyət tələbələri". Biz onlar haqqında nə bilirik?
1918-ci ildə yaranmış və 23 ay yaşamış Azərbaycan Xalq Cümhuriyyətinin ilk qərarlarından biri ali təhsilli mütəxəssislər hazırlamaq üçün 100 nəfər istedadlı gənci Avropanın ali məktəblərinə göndərmək olur. Lakin bu gənclər Avropada təhsil alan ilk azərbaycanlı gənclər deyildi. Həmin dövrün məşhur Azərbaycan ziyalılarının böyük əksəriyyəti Avropa təhsilli, Şərq mənəviyyatlı, Avropa təfəkkürlü insanlar idi. Zadəgan əsilli bu insanların xaricdə təhsil almaq imkanları heç də məhdud deyildi. Yeni yaranan Xalq Cümhuriyyəti isə məhz dövlət hesabına gəncləri Avropaya təhsil almağa göndərmək ənənəsini yaratdı.
Çox ciddi müsabiqə yolu ilə seçilib Avropaya göndəriləcək 100 nəfərin 49-u Almaniyada, 27-si Fransada, 4-ü İtaliyada, 1-i İngiltərədə, 13-ü isə Rusiyada təhsil almalıydı. 100 Cümhuriyyət tələbəsi - 100 mürəkkəb tale. Onlar böyük arzularla, böyük məqsədlərlə yola çıxırdılar və geriyə dönüb millətə, dövlətə, Azərbaycanın müstəqilliyinə xidmət etməliydilər. 1920-ci il yanvarın 14-də böyük təntənə ilə xaricə yola salınan bu tələbələr taleyin onlara hansı sınaqları hazırladığından xəbərsiz idilər.
Parisdə Əlimərdan bəy Topçubaşovla görüşdən sonra birgə şəkil çəkdirən "Cümhuriyyət tələbələri" bu şəklin son birgə çəkdirdikləri şəkil olacağını ağıllarına belə gətirə bilməzdilər. Bu yüz nəfərin bir çoxunun şəkli olmasa da, adları, soyadları, oxuduqları ali məktəb, ilk təhsil illəri haqqında məlumat var. Bəs sonra? Onların sonrakı taleləri təlatümlü illərin qaranlığında itib batır.
Abbas bəy Əliyev - Berlində, Abbas bəy Muradov - Parisdə, Bəhram bəy Axundov - Bonnda, Səffət bəy Zərdabi - Parisdə, Müdhət bəy Zərdabi - Berlində və neçə-neçə Avropa universitetlərində təhsil alan Azərbaycan gəncləri... Mən onlar haqqında "digərləri" sözünü yazmaq istəməzdim.
Hər biri Vətənə bağlı, millətsevər və Vətəndən uzaq düşdüklərinin ağrı-acısını yaşayan Azərbaycan ziyalıları idi. Azərbaycan Xalq Cümhuriyyətinin süqutu onların da taleyini kökündən dəyişdi. Geriyə dönə bilməyən bu insanların harada və necə yaşadıqlarından xəbərsizik. Ancaq tarix müəyyən məlumatları qoruyub saxlayıb.
Onların içərisində qürbətdə yaşaya bilməyib intihar edənlər də, təhsilini başa vura bilməyərək evlərdə xidmətçi işləyənlər də olub. Azərbaycandan ayrılarkən hər birinə ilk 6 ay üçün təhsil haqqı ödənilsə də, Cümhuriyyətin süqutu ilə onlara maddi yardım kəsildi. Bu tələbələrə yardımını əsirgəməyən milyonçuların, böyük imkan sahiblərinin acınacaqlı taleyi də hər kəsə məlumdur.
"Cümhuriyyət tələbələri" içərisindən Vətənə dönənlər də var idi. Onların taleyi repressiya qurbanlarının taleyi ilə eyni oldu. Azərbaycan Xalq Cümhuriyyətinin süqutu böyük məqsədlərin, böyük arzuların süqutu idi. Müstəqilliyi itirməyin ağır nəticəsini xalqımız uzun onilliklər yaşadı.
"Cümhuriyyət tələbələri"nin qoruyub saxlanılan şəkillərinin içərisində kübar görkəmli, müasir düşüncəli, vətənpərvər gənclər bizə baxır. Həsən bəy Zərdabinin oğlu Səffət bəy də onların arasındadır. 1914-1917-ci illərdə Riqa Politexnik İnstitutunu bitirib savadlı mühəndis kimi Azərbaycana dönmək arzusu ilə ora getmiş Səffət bəy Zərdabini bolşevik inqilabı təhsilini yarımçıq qoyaraq vətənə dönməyə məcbur etdi. Həyat ona yeni sınaqlar hazırlamışdı.
Səffət bəyin taleyinə "Cümhuriyyət tələbələri" ilə birgə qürbətə getmək və bir daha Vətənə dönməmək kimi acı qismət yazılmışdı. Məlumatlara görə bacısı Pəri xanım və Əlimərdan bəy Topçubaşovun yanında Parisdə qalan Səffət bəy bir müddət sonra İstanbula köçmüş və orada vəfat etmişdir. Müdhət bəy Zərdabi isə Vətənə qayıtdı və 1937-ci ildə Azərbaycanın ən görkəmli şəxsiyyətləri kimi min cür yalan və böhtanla günahlandırılaraq güllələndi.
Digər bir azərbaycanlı gənc - Zeynal bəy Əlizadə təhsilini memarlıq sahəsində davam etdirmək üçün Roma Kral Rəssamlıq Akademiyasına göndərilmişdi. Dövlət Gerbinin, xatirə medallarının hazırlanmasında böyük xidmətləri olan bu şəxs "Di Belle Arti" Akademiyasının heykəltəraşlıq bölməsində təhsil alan ilk azərbaycanlı idi.
Zeynal bəy Əlizadə Ceyhun bəy Hacıbəyliyə sonuncu məktubunda yazırdı - "iş tapa bilmirəm, korluq çəkirəm, buna görə də Braziliyaya köçmək istəyirəm". Bu sözlər xalqımızın itirilmiş sərvətinin fəryadı idi. Bir anlığa həmin dövrdən günümüzə qayıdıram.
Görəsən, "Cümhuriyyət tələbələri" Azərbaycanın yenidən müstəqillik əldə edə biləcəyini təsəvvürlərinə gətirə bilərdilərmi? Sərhədin o tayından kommunist rejimi içərisində yaşayan xalqımızın üçrəngli bayrağını yenə də yüksəklərə qaldıracağına ümid edərdilərmi?
Gələcək nəsillərin, Azərbaycan gənclərinin azad, müstəqil bir dövlətdə yaşayacağını, böyük uğurlar və nailiyyətlər əldə edəcəyini düşünə bilərdilərmi? İnanıram ki, belə vətənpərvər və mətin insanlar heç vaxt ümidsizliyə qapıla bilməzdi.
Müstəqilliyin itirilməsinin acısını dadan o insanlar bu gün dünyanın inkişaf etmiş dövlətlərindən birinə çevrilən azad, müstəqil dövlətdə yaşayan azərbaycanlı gənclərə baxıb qibtə edər, onların ruhu Vətənin bugünkü müstəqiliyinin qorunmasını ali məqsəd bilən gənclərimizi görüb sevinərdi.
Bu gün 100 deyil, minlərlə Azərbaycan gənci xaricdə təhsil almağa göndərilir və hər bir gənc dövlətimizin ona olan etimadını doğrultmağa çalışır. Yüksək təhsilli, peşəkar mütəxəssis kimi geriyə dönərək estafeti yeni nəslə ötürür.
"Cümhuriyyət tələbələri"nin taleyini yaşamamaq üçün bugünkü uğurlarımızın, dövlətimizin fədakarlığının, müstəqilliyimizin qədrini bilməliyik. Bugün XXI əsrin ikinci onilliyidir, müstəqilliyimizin yaşı bizim yaşımız qədərdir. Daha doğrusu, biz müstəqilliyimizin yaşıdıyıq.
Bu illər ərzində Azərbaycan gəncliyinin rifahı, tərəqqisi üçün görülən işləri saymaqla qurtarmaz. Bu gün təkcə ölkə daxilində deyil, xaricdə təhsil alan gənclər də dövlətimizin qayğısını hər an öz üzərində hiss edir. Biz gənclər bu münasibəti, bu qayğını çox yüksək qiymətləndiririk. Hər birimiz bilirik ki, arxamızda güclü dövlətimiz, böyük xalqımız var. Ona görə də fəxarətlə deyirik: "Biz Azərbaycandanıq!". Budur müstəqilliyin əbədi olmasına aparan yol!
Təyyarə bələdçisi Londonun "Heathrow" hava limanına çatdığımızı elan edir. Əlimdəki jurnalı çantama qoyub illuminatordan şəhərə baxıram. Sabah ilk işim Azərbaycan Respublikasının Londonda yerləşən səfirliyinə getmək olacaq. Oktyabrın 9-da xalqımız Azərbaycan Respublikasının Prezidentini seçəcək. Səfirlikdə adımın seçicilər siyahısında olduğunu bir daha yoxlamalıyam.
Mən
ömrümdə ilk dəfə səs verib Prezidentimi
seçəcəm!
Fəridə ƏLİYEVA,
Böyük Britaniya Westminster Universitetinin
Biznes İdarəetmə -
İqtisadiyyat fakültəsinin tələbəsi
Azərbaycan.-2013.- 8 oktyabr.- S.7.